Müəllim olmaq bir peşə deyil, bir həyat fəlsəfəsidir
Bu, təkcə məktəb binasının içində baş verən bir fəaliyyət deyil. Bu, insanın ruhunu, həyatını, gündəlik yaşantısını, düşüncəsini və gələcək planlarını büsbütün öz təsiri altına alan müqəddəs bir çağırışdır. Hər bir müəllim ilk növbədə ruhunun dərinliyində bu peşəyə könül verən, insanı sevən, cəmiyyətə xidmət etməyi həyatının mənası sayan bir şəxsdir. Müəllimlik – bu söz sadəcə bir vəzifə deyil, bir amal, bir missiyadır. Ulu öndər Heydər Əliyevin "Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sadiq və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır" fikri müəllimlik peşəsinin mahiyyətini dərindən anladan və onu yüksək mənəvi zirvəyə qaldıran sözlərdir. Bu sözlər müəllimə sadəcə bir fənn öyrədən şəxs kimi deyil, bütöv bir xalqın gələcəyini formalaşdıran bir şəxsiyyət kimi baxışın təzahürüdür. Müəllim yalnız bir şagirdin deyil, bütöv bir cəmiyyətin gələcəyini yoğuran sənətkardır. Müəllim sinif otağında yalnız dərs demir. O, orada bir həyat dərsi keçir. Hər baxışı, hər kəlməsi, hər davranışı ilə şagirdin dünyagörüşünə təsir edir. Uşaq onun sadə bir gülümsəməsində sevgi tapır, tənbehində məsuliyyət anlayır, dəstəyində güc, inam və ruh yüksəlişi hiss edir. Müəllim susanda da öyrədir, danışanda da. O, öyrətdikcə özü də öyrənir, dəyişən zamanla ayaqlaşır, daim axtarır, yenilənir, ruhunu zənginləşdirir. Müasir dövr müəllimi təkcə məlumat ötürən deyil, şagirdi düşünməyə, analiz etməyə, mühakimə yürütməyə, həm də insan kimi yaşamağa yönəldən bir işıqdır. Müəllim hər gün bir döyüş meydanındadır – cəhalətə qarşı, biganəliyə qarşı, mənəviyyatsızlığa qarşı bir savaş verir. Onun silahı qələm, qalxanı sevgidir. O, bəzən yorğun, bəzən gərgin olur, lakin hər səhər sinifə daxil olanda hər şeyi unudur. Çünki o, işinə könül verib. Onun qarşısında gözləri ümidlə dolu uşaqlar var. O gözlərdə sabahın həkimi, mühəndisi, alimi, dövlət başçısı dayanır. Müəllim bu sabahları indidən görür və ona görə də hər dərsinə can qoyur, hər şagirdinə öz övladı kimi yanaşır. Heydər Əliyevin təhsil sahəsinə verdiyi önəm hər zaman xüsusi bir mövqedə olmuşdur. Onun siyasətində müəllim ən ali yerdə dayanan, cəmiyyətin aparıcı qüvvəsinə çevrilən bir şəxsiyyət kimi qiymətləndirilmişdir. Ulu öndər hələ sovet dönəmindən başlayaraq Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr vermiş, gənclərin elmə və biliyə yiyələnmələri üçün geniş imkanlar yaratmışdır. Onun təşəbbüsü ilə yüzlərlə Azərbaycan gənci dünyanın aparıcı universitetlərinə göndərilmiş, milli kadrların hazırlanmasına xüsusi diqqət ayrılmışdır. O, təhsili dövlətin təhlükəsizliyi, cəmiyyətin rifahı və xalqın gələcəyi kimi qiymətləndirmişdir. Ən çətin dövrlərdə belə Heydər Əliyev təhsilin inkişafını milli varlığımızın davamı kimi görürdü. Onun “Təhsil millətin gələcəyidir” fikri təkcə bir ifadə deyil, bir strateji istiqamətdir. Bu siyasət bu gün də cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir. Müəllimlərin sosial rifahının yaxşılaşdırılması, diaqnostik qiymətləndirmələr, sertifikasiya, yeni təhsil proqramları – bütün bunlar müəllim nüfuzunun yüksəldilməsinə, onun əməyinin cəmiyyət tərəfindən daha yüksək qiymətləndirilməsinə xidmət edir. Müəllim olmaq – xalqın etimadını qazanmaq deməkdir. Cəmiyyət öz övladını əmanət etdiyi insana sonsuz güvən bəsləyir. Bu güvən həm vicdan məsuliyyəti, həm də əbədi minnətdarlıq borcu yaradır. Hər kəsin həyatında unuda bilmədiyi bir müəllim olur. Onun sadə bir sözü bəzən illərlə insanın içində yaşayır, yol göstərir, dayaq olur. Bəzən bir müəllim bir övladı uçurumdan qaytarır, onu həyata bağlayır. Bu görünməyən qəhrəmanlıqlar nə başlıqlara çıxır, nə də təltiflərə. Amma onların təsiri bir xalqın genetik yaddaşına həkk olunur. Nə qədər ki, müəllim var, cəmiyyət inkişaf edir. Nə qədər ki, müəllimlər fədakarcasına, sədaqətlə işləyirlər, gələcəyimiz etibardadır. Müəllimlər gələcəyin memarları, sabahın qurucuları, millətin düşünən beyni və döyünən qəlbidir. Onlar sadəcə bilik vermirlər, həm də insan yetişdirirlər. Düşünən, sorğulayan, sevən, bağışlayan, çalışan, vətənini canı qədər sevən insanlar...
Bu gün hər bir müəllim Ulu Öndərin irsini yaşadan, onun təməlini qoyduğu təhsil siyasətini sinif otağında həyata keçirən, Azərbaycanın sabahı üçün çalışan bir fədakardır. Bu səbəbdən də müəllim adı, müəllim əməli, müəllim izi hər zaman hörmətlə, ehtiramla, minnətdarlıqla anılmağa layiqdir. Çünki müəllim olmaq – əbədi iz qoymaq deməkdir. Və o iz daim insanlığın yolunu işıqlandırır.
İlhamə Rafiq qızı Qasımova
Goranboy şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru.
Xəbəri paylaş



