Daşkəsəndə şəhid Elməddin Vəkilovun doğum günü qeyd edilib FOTOLAR
Avqustun 21-də Vətən müharibəsi şəhidi Vəkilov Elməddin Nizami oğlunun Daşkəsən Şəhidlər Xiyabanında doğum günü qeyd edilmişdir.
Mubarizciler.az xəbər verir ki, Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin yaxınları, şəhid anaları, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidin ruhuna dualar oxunub, əziz xatirəsi anılıb, məzarına gül-çiçək dəstələri düzülüb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov şəhidin ailəsinə rayon ictimaiyyəti adından bir daha dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət diləyib. 2020-ci ilin 27 sentyabrında möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan şəhidlərimizin və qazilərimizin, həmçinin şəhid Elməddin Vəkilovun döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan söz açıb. İcra başçısı Orxan Abbasov bu şanlı qələbəni bizə bəxş edən oğullarımızın heç zaman unudulmayacağını, parlaq tarixi zəfərimizin müəllifi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu vurğulayıb.
İcra başçısı Orxan Abbasov diqqətə çatdırıb ki, möhərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərə hər zaman xüsusi həssaslıqla qayğı göstərirlər. Prezident cənab İlham Əliyevin şəhid ailələri və qazilərin sosial-məişət problemlərinin həllinə köməklik göstərilməsi barədə tapşırıqları Daşkəsən rayonunda daim diqqət mərkəzində saxlanılır.
Şəhidin anası Nərgiz Vəkilova ailəsinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Qeyd edək ki, Vəkilov Elməddin Nizami oğlu 21 avqust 1988-ci ildə Daşkəsən rayonunda anadan olub. Uzun illər müddətdən artıq hərbi qulluqçu kimi ordu sıralarında xidmət edib. O, Vətən müharibəsinin ilk günlərində Murovdağ istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib. 8 may 2021-ci il tarixdə Daşkəsən Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Elməddin Vəkilov ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”, “Şücaətə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Xəbəri paylaş