Ərdoğan İlham Əliyevə zəng etdi - Türkiyəyə təyyarə göndərilir - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Bu barədə Mubarizciler.az “TRT Haber”ə istinadən xəbər verir.
Məlumata görə, telefon danışığı zamanı Prezident İlham Əliyev qardaş ölkə başçısına meşə yanğınları ilə bağlı keçmiş olsun diləklərini çatdırıb.
Azərbaycan dövlət başçısı ölkəmiz tərəfindən yanğınla əlaqədar bir yanğınsöndürmə təyyarəsinin meşə yanğınlarının söndürülməsinə yönələndiriləcəyini bildirib.
Ərdoğan Azərbaycan xalqına təşəkkür edib.
***
Telefon danışığı ilə bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti də məlumat yayıb.
Qeyd olunub ki, avqustun 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Məlumata görə, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş vermiş meşə yanğınlarının qarşısının alınması üçün Azərbaycanın lazımi dəstəyi göstərməyə hazır olmasının yüksək qiymətləndirildiyini deyərək, yanğınların söndürülməsində məhz “BE-200ÇS” amfibiya tipli təyyarəyə ehtiyacın yarandığını vurğulayıb və bu təyyarənin Azərbaycandan Türkiyəyə göndərilməsi ilə bağlı qərara görə minnətdarlığını bildirib. Türkiyə Prezidenti bunu ölkələrimiz arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin növbəti təzahürü kimi dəyərləndirib.
“BE-200ÇS” amfibiya tipli təyyarənin qısa zamanda Türkiyəyə göndəriləcəyini deyən dövlət başçısı vurğulayıb ki, yanğınların qarşısının alınması ilə bağlı Azərbaycan qardaş ölkəyə istənilən əlavə dəstəyi göstərməyə hazırdır.
Dövlət başçıları Azərbaycanın və Türkiyənin hər zaman bir-birinin yanında olduqlarını, bir-birini daim dəstəklədiklərini qeyd ediblər.
Telefon söhbəti zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Xəbəri paylaş