Xəbər lenti
18-11-2024, 12:06
 

Fuad Zamanov: Ana dilimiz milli-mənəvi sərvətimizdir

Tarix: 30-07-2024 18:09     Baxış: 12 145

Bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. Bir toplum xalq kimi məhz Ana dili vasitəsi ilə özünü sübut edir, təsdiq edir və yaşadır. Dahi şəxsiyyət, ümummilli liderimizin də dediyi kimi hər bir xalq öz dili ilə yaranır.

Fəxrlə deyə bilərik ki, biz bir xalq, bir toplum kimi zamanın cürbəcür sınaqlarından keçərək dilimizi, milliliyimizi, mənəvi dəyərlərimizi qoruyub bu günümüzə qədər gətirib çıxarmışıq. Dərin tarixi kökləri olan öz dilimiz, öz mədəniyyətimiz, öz tariximiz var. 50 milyondan çox həmvətənimizin danışdığı bu dil dünyaya səs salan şairlər,  ədəbiyyatçılar, alimlər, siyasətçilər, dahilər yetişdirib. Bu dil ilə tanıtmışıq ədəbiyyatımızı, kimliyimizi, bu dil ilə elan etmişik dünyaya müstəqilliyimizin əbədiliyini. Bu dil müqəddəsdir, doğmadır anamız kimi, Vətənimiz kimi. Qürurumuz, fəxrimizdir dilimiz. Nəsimilər, Füzulilər, Xətailər, Zərdabilər, Vaqiflər, Vidadilər, Sabirlər, Müşfiqlərin dilidir Azərbaycan dili.

Bütün sahələrdə olduğu kimi, ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Heydər Əliyev ana dili ilə bağlı dövlət siyasətinin təməlini ölkəmizin müstəqilliyinin ilk günlərindən qoyub. Azərbaycan dilinin inkişafı ilə əlaqədar müntəzəm olaraq fərman və sərəncamlar imzalayıb. Məhz ümummilli liderimizin apardığı məqsədyönlü və düşünülmüş siyasətin nəticəsidir ki, 1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi daxil edilib. 2001-ci ilin iyul ayında ulu öndər Heydər Əliyev “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb, daha sonra isə 2001-ci ildə imzaladığı fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi təsis olunub. Azərbaycan dilinin beynəlxalq aləmdə nüfuz qazanması dilimizi ən mükəmməl formada təqdim etməyi bacaran Heydər Əliyevin adı ilə bağlıdır.

Millətini, milliliyini, zamanın keşməkeşlərindən, sınaqlarından üzüağ çıxan qədimliyini və tarixini yüksək dəyərləndirən Heydər Əliyev ana dilimizlə bağlı bu fikirləri səsləndirib: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”. Ulu öndərin bu fikirləri dilimizə verilən yüksək qiymətin təzahürüdür.

Bu gün də əsası ulu öndər tərəfindən qoyulan Ana dilinin inkişafına və qorunmasına yönəlik dövlət strategiyasını Prezident cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycan dili tarixi həqiqətlərimizin dünyaya çatdırılmasında yüksək tribunalardan səslənir, bu dildə oxunan muğamımız qəlbləri riqqətə gətirir.

Ümummilli liderin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev dilimizə, milli adət-ənənələrimizə, mənəvi dəyərlərimizin təbliğinə, qədim tarixə malik mədəniyyətimizin tanıdılmasına böyük həssaslıqla yanaşır. Dövlət başçımızın 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımdır.

Bu gün milli sərvətimiz, varlığımızın və bütövlüyümüzün təcəssümü, təsdiqi olan ana dilimizi qorumaq, bütün gözəllikləri və incəlikləri ilə bu günün şagirdlərinə tədris edib, gələcək nəsillərin təməlini möhkəm qoymaq biz müəllimlərdən asılıdır. Şagirdlərin ünsiyyət imkanlarını genişləndirmək, onlarda nitq fəaliyyətinin növləri ilə yanaşı, düşünmə, öyrənmə və danışma bacarıqlarını formalaşdırmaq bizim öhdəmizə düşən ən vacib məsələdir. Bu gün dilin incəlikləri, zənginliyi, məna gözəlliyi müasir tədris proqramları vasitəsilə şagirdlərə ötürülür.



Fuad Zamanov

Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin direktoru,GDU-nun dokturantı



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar