Polis Akademiyası ilə Azərbaycan Hakimlər İttifaqı arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb - Fotolar
26 iyul 2024-cü il tarixində DİN-in Polis Akademiyası ilə Azərbaycan Hakimlər İttifaqı arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Tədbirdə Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev və rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Mubarizciler.az xəbər verir ki, bu barədə Akademiyanın Mətbuat Xidməti məlumat yayıb.
Tədbiri giriş sözü ilə açan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov iştirakçıları salamlayaraq günü-gündən inkişaf edən Polis Akademiyasının növbəti əməkdaşlıq addımının hər iki tərəf üçün faydalı olacağına böyük ümid bəslədiyini bildirib.
Akademiya rəisi imzalanacaq Memoranduma əsasən tərəflər arasında qarşılıqlı məlumat və təcrübə mübadiləsinin həyata keçiriləcəyini, hüquq təhsili ilə peşəkar hüquq təcrübəsinin sıx vəhdətinin təmin ediləcəyini, təhsilalanların məhkəmə təcrübəsini daha dərindən öyrənməsi məqsədilə təhsilalanlarla təcrübəli hakimlərin görüşlərinin təşkil ediləcəyini, hüquq elminin aktual məsələləri ilə bağlı birgə dəyirmi masaların, elmi-praktiki konfransların, intellektual yarışların keçiriləcəyini də tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Sonra Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev tədbir iştirakçılarını salamlayıb və İttifaqın Polis Akademiyası ilə qarşılıqlı əməkdaşlığından söz açıb. İmzalanacaq Memorandumun bu əməkdaşlığa müsbət töhfə verəcəyini və gələcək fəaliyyətlər üçün yeni bir başlanğıc olduğunu bildirib.
Daha sonra imzalanma mərasiminə keçid edilərək DİN-in Polis Akademiyası ilə Azərbaycan Hakimlər İttifaqı arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Tədbirin sonunda qonaqlara hədiyyələr təqdim edilib və xatirə şəkilləri çəkilib.
Sonda qonaqlar Polis Akademiyasının inzibati ərazisini gəzərək Akademiyanın maddi-texniki bazası və kursantlar üçün yaradılan şəraitlə tanış ediliblər.
Xəbəri paylaş