Naftalanda COP29 çərçivəsində veloyürüş təşkil olundu - Fotolar
2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili”, 29-cu "Tərəflərin Konfransı (COP)" çərçivəsində Azərbaycan Velosiped Federasiyasının, Naftalan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı, Karvan Hotelin dəstəyi ilə Naftalan-Suqovuşan-Naftalan istiqaməti üzrə veloyürüş təşkil olunub.
Mubarizciler.az xəbər verir ki, tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov iştirak edib.
Yürüşə müxtəlif yaş aralığında 25-dən artıq iştirakçı qatılıb.
ŞİH-nin başçısı iştirakçıları salamlayıb, onlara cənnət Qarabağın dilbər güşələrindən olan turizm məkanı Suqovuşana səfərlərində uğurlar diləyib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin vurğuladığı kimi Naftalan Suqovuşan vahid turizm mərkəzinə çevrilib. Həmçinin, velosipeddən istifadənin gənclərin fiziki fəallığının artırılmasında və ətraf mühitin qorunmasında rolunu vurğulayıb.
Azərbaycan Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
Veloyürüş iştirakçıları başlanğıc nöqtəsi Naftalan şəhəri olmaqla Suqovuşan istiqamətinə hərəkət edərək, Naftalan şəhərinə qayıdıblar. Onlar ümumilikdə 50 km-ə qədər məsafəni qət ediblər. Yürüş şəhər sakinlərinin və turistlərin marağına səbəb olub.
Veloyürüş iştirakçıları, Naftalan ŞİH-nin təşəkkürnamə və sertifikatları ilə təltif olunublar.
Yürüşün məqsədi Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 25 dekabr 4233 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinə dair təsqid olunmuş müvafiq tədbirlər planına əsasən ətraf mühitin mühafizəsi, yaşıl artım və sağlam həyat tərzinin geniş ictimaiyyətdə aşılanmasıdır.
Qeyd edək ki, 2021-ci ildə ölkədə və Naftalanda ilk 7 km uzunluğunda velosiped həvəskarları üçün veloyol çəkilmişdir.
Xəbəri paylaş