Göyüş Nağıyev: Azərbaycan Ordusu 106 illik bayramını qeyd edir
Bu gün şanlı Azərbaycan Ordusunu hərbi qulluqçularının peşə bayramıdır. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci ildə imzaladığı Fərmana əsasən, Azərbaycan Xalq Cümhuriyyətində Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün ölkəmizdə Silahlı Qüvvələr Günü elan olunub. Faktiki olaraq, Xalq Cümhuriyyəti dönəmində yalnız bir dəfə bayram edilə bilən şanlı 26 İyun günü, artıq 26 ildir təntənə ilə bayram edilir.
Ölkəmizin rəsmi dövlət bayramı olaraq qeyd olunan 26 İyun - Silahlı Qüvvələr Günü, özəlliklə son 4 ildə bir başqa şövqlə, bu ilsə ən özəl gün olaraq bayram edilir. Bu da səbəbsiz deyil. ll Qarabağ müharibəsində tarixi Zəfərə imza atmış şanlı Ordumuzun mənsubları, bu ilki peşə bayramını ərazi bütövlüyü, suverenliyi bərpa olunmuş respublikanın qürurlu hərbçiləri olaraq keçirir. Bu isə qüdrətli əcdadımızın hərb ənənələrinin davam və inkişafını göstərir; dədələrimizin, şəhidlərimizin ruhunu şad edən ən önəmli, unudulmaz hadisə olaraq çiçəkləyir, gözəllik saçır. - Bu, həm də gələcək nəsillərə mübarək yol xəritəsi cızıldığını təcalla etdirir. Azərbaycan Ordusu qədim tarixə və qələbələrlə zəngin bir özkeçmişə sahibdir. Ordumuzun şanlı tarixinə nəzərə salanda görürük ki, Azərbaycan ərazisində yaranmış ilk dövlətlərdən etibarən ordu diqqət mərkəzində olub. Daha sonra orta əsrlər dövründə nizami ordu birliklərinin yaradıldığı Səfəvilər dövründə isə nizami ordu birləşmələri formalaşdırılıb, uyğun vəzifə bölgüləri aparılaraq ixtisaslaşmış birliklər qurulub. Daha sonra xanlıqlar dövründə hər xanlıq öz ordusunu formalaşdırmaqla, təhlükəsizliyini təmin etməyə çalışıb. Nizami milli ordumuzun yaradılması isə Xalq Cümhuriyyətinin fəaliyyəti dövrünə təvafüq edir. Öz müstəqilliyini elan etməsindən heç 1 ay keçməmiş (26 iyun 1918) Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan korpusu yaradılıb.
Çox təəssüflər ki, Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı, Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə respublikada ali hakimiyyətə gəlişindən sonra - o böyük şəxsiyyətin müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Heydər Əliyev 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan Hərbi məktəbin yaradılmasına nail oldu. Hərbi məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı.
C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Ulu öndərin uzaqgörənliyi sayəsində azərbaycanlı gənclərin keçmiş SSRİ-nin nüfuzlu hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunması mümkün oldu. O illərdə alınmış uzaqgörən qərarların nəticəsini biz dövlət müstəqilliyinin bərpası dönəmində, müstəqil Azərbaycanın ordu quruculuğunun ilk illərində dərindən hiss etdik, gördük.
Bugünkü Qalib Azərbaycan Ordusu isə istər silah arsenalının zənginliyinə, istərsə də şəxsi heyətin yüksək bacarıqlarına görə dünyanın ən güclü 50 ordusu sırasında yer alıb. Hər bir azərbaycanlı qalib Ordumuzun gücü ilə haqlı qürur duyur, ona tarixi Zəfər bəxş etmiş şəhidlərimizin əziz xatirəsini böyük ehtiramla yad edir.
Nəhayət, ölkəmiz 30 illik ağır nisgilə birdəfəlik son qoydu və Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi şanlı Ordumuz Dövlət-Xalq birliyinin təntənəsi ilə işğalçıları ərazilərimizdən qovub çıxardı. Qazanılmış şanlı qələbə Azərbaycan Dəmir Yumrğunun gücünü, kəramətini dosta da, düşmənə də göstərdi.
Çox önəmli hadisələrdən biri ondan ibarət idi ki, 1992-1993-cü illərdə aparılan daxili intriqalar zamanı torpaqlarımız düşmən əlinə keçdi. Ermənistan Azərbaycan hakimiyyətində olan hərc-mərclikdən maksimum dərəcədə istifadə edərək, torpaqlarımızı işğal etdi. Əzəli və əbədi torpaqlarımızın düşmən tərəfindən işğalı uzun illər ərzində sağalması çətinləşən ağır yaraya çevrildi.
Əziz Vətən torpaqlarının yağı düşmən işğalına məruz qalması siyasi cəbhədə baş verən qeyri-müəyyənliklərin, ordunun təchizatının zəifləməsi və idarəetmədə olan çətinliklərin, uzun müddət davam edən siyasi hərc-mərcliklər və açıq deyək, bəzi xəyanətlərin nəticəsi idi.
Məhz bu davamlılığın və inkişafın sayəsində, torpaqlarımızın 30 illik erməni işğalından azad olunması ilə mümkün oldu. İşğaldan azad olunmuş torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə və əbədi dalğalanır! Çağdaş Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunan Zəfər bütün dünyaya Azərbaycan xalqının və Silahlı Qüvvələrimizin yenilməzliyini, gücünü nümayiş etdirdi.
Bu gün Azərbaycan Ordusunun gücünün beynəlxalq ictimaiyyət tərəfindən etiraf edilməsi qürurvericidir. Silahlı Qüvvələrimizin bütün mənsublarını əlamətdar bayram günü ilə bağlı təbrik edir, gərgin və məsuliyyətli işlərində, unudulmaz xidmətlərində yeni uğurlar arzulayıram!
Göyüş Nağıyev
Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun Eyvazlılar kənd ümumi orta məktəbin direktoru, Birinci Qarabağ müharibəsi veteranı.
Xəbəri paylaş