Təhsil İdarəsinin təşkilatçılığı ilə “Bağçadan məktəbə” adlı təlim keçirilib - Fotolar
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin fəaliyyət planına uyğun olaraq Göygöl rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən bir neçə məktəbəqədər təhsil müəssisəsinin rəhbərliyi və tərbiyəçi müəllimlərin iştirakı ilə “Bağçadan məktəbə” adlı yay təlimi keçirilmişdir.
Təlimin məqsədi məktəbəqədər təhsil müəssisə rəhbərləri, tərbiyəçilər arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə yanaşı körpə və uşaqların cəmiyyətə sosial uyğunlaşması, müstəqillik, təbiətə və insanlara həssas münasibətlərin aşılanması, estetik dünyagörüşünün formalaşması, inkluziv təhsil mövzusunda fikir mübadiləsi aparılmasıdır.
Mubarizciler.az xəbər verir ki, Təlimdə Göygöl rayon Qızılca kənd, Qızılca stansiya, Qırıqlı kənd və Balçılı kənd 2 nömrəli körpələr evi-uşaq bağçalarının tərbiyəçiləri təcrübələrini və təlimati sənədlərin icrası ilə bağlı müvafiq qaydaları paylaşmışdır.
Bununla yanaşı Türkiyə Cümhuriyyəti Milli Təhsil Nazirliyi Təməl Təhsil Baş İdarəsi tərəfindən planlaşdırılan və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşlığı ilə həyata keçirilən “Təhsildə Oyun Tətbiqləri Təhsili” layihəsində iştirak etmiş Göygöl şəhər 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Ülviyyə İsgəndərova tərəfindən məktəbəqədər təhsil müəssisələri üçün "Oyun əsaslı öyrənmə" mövzusunda tərbiyəçilərlə öz təcrübəsini paylaşmış, onlara oyunlar barədə əlavə bir neçə oyun nümunəsi nümayiş etdirmişdir.
İki hissədən ibarət yay təlimində valideyn-bağça-uşaq münasibətləri, uşaqların səriştələri üzərində iş prioritet məsələ kimi qeyd edilmişdir.
Sonda Göygöl rayonu üzrə təhsil sektorunun müdiri Elnur Qasımov təlim təşkilində əməyi olan Göygöl rayon Qızılca kənd, Qızılca stansiya, Qırıqlı kənd və Balçılı kənd 2 nömrəli körpələr evi-uşaq bağçalarının rəhbərlərinə və tərbiyəçilərə təşəkkür etmişdir.
Bildiririk ki, “Bağçadan məktəbə” adlı təlim xarakterli görüş sayca ikincidir.
Xəbəri paylaş