Məcid Rəşadətoğlu: Tarixi ədalətin bərpası, xalqımıza QALİB LİDERİN NÖVBƏTİ HƏDİYYƏSİ…
Ötən günlərdə sosial şəbəkədə qarşıma çıxan bir video, hesab edirəm ki, mənim kimi bir çoxlarının da sevincinə səbəb olub. Belə ki, düşmən ölkənin paytaxtı, tarixi Azərbaycan torpağı olan İrəvan şəhərində baş nazir Nikol Paşinyanın istefasına yönəlmiş aksiya keçirilib. Həmin aksiyada etirazçı erməni vətəndaşları “bu gedişlə yaxın günlərdə azərbaycanlılar İrəvana çatacaqlar. İlham Əliyev burada, paytaxtımızda çay içəcək!”, – kimi fikirlər səsləndiriblər. Sözün həqiqi mənasında ruhumuza, canımıza həkk olunan bu şüar, hesab edirəm ki, yalnız qəzəbdən gözü dönmüş, illərlə Qarabağda özünə qondarma dövlət yaratmış düşmənin – mənfur ermənilərin hayqırtısı deyil. Bu, həm də illərlə Azərbaycan xalqının beynəlxalq kürsülərdə söylədiyi həqiqətlərin, tarixi reallıqların başqa bir şəkildə, elə düşmənin öz dili ilə bəyan edilmiş forması, sözə çevrilmiş həqiqətin əməldəki təcəllisidir. Bəli, bu gedişlə düşmənin canına vahimə salacaq, onun işğalçı meyllərə söykənən dövlətçilik tarixini kökündən sarsıdacaq günlər gələcək. Yaxındadır. Çox yaxında…
Məlumdur ki, ötən günlərdə Azərbaycanın heç bir təzyiq və kəskin mübarizə göstərmədən Qazax rayonunun 4 kəndini işğaldan azad etməsi dövlətimizin siyasi arenada qazandığı tarixi qələbənin məntiqi davamı idi. Düşmən ölkənin hələ bu qələbədən öncə – 44 günlük Vətən müharibəsində xalqımız və qalib ordumuz tərəfindən sarsıdıcı zərbə alması, uzun illər Qarabağda qurub-yaratdığı “dövlətçiliyin” məhv olması, keçilməz hesab etdiyi istehkam məntəqələrinin, səngərlərin cəmi 44 gün içində ordumuzun qətiyyəti və mübarizliyi ilə parçalanması, elə düşmən ölkənin müqəddəratını həll edən başlıca amil olmuşdu. Bəli, Ermənistan hökuməti mövqe tutduğu bütün siyasi cəbhələrdə məğlub olmuş, beynəlxalq müstəvidəki söz haqqını da itirmişdi. Bu da bəs etmirmiş kimi, ölkə daxilində vətəndaş müharibəsinin alovlanması onu içindən məhv etmiş və gələcəyini sözün həqiqi mənasında uçuruma aparmışdı. Bütün bu nəticələr qarşısında Nikol Paşinyana və Ermənistan hökumətinə bir çıxış yolu qalmışdı – məğlubiyyəti qəbul etmək və susmaq! Bəli, dövlətimizin əldə etdiyi uğurlara susaraq tamaşa etmək və məğlubiyyətin acı nəticəsi ilə barışmaq düşmənin yeganə çıxış yolu idi…
Azərbaycanın son 30 ildə keçdiyi siyasi yolun tarixçəsinə baxsaq, görərik ki, dövlətimiz müharibədən uzaqlaşmaq, regionda sülh və tərəfdaşlığı bərqərar etmək, bir sözlə, bu və ya digər yollarla daim ölkəmizdə əmin-amanlığın qorunmasına, siyasi sabitliyin təmin edilməsinə diqqət göstərib. Ancaq bu da bir reallıqdır ki, dünyada geosiyasi və regional dəyişikliklər baş verir. Bu dəyişikliklər isə özlüyündə istənilən ölkənin bu günü, sabahı, habelə gələcəyi üçün fərqli müqəddəratlar təyin edir. Hətta bəzən bu axına qoşulmamaq, bir az da mübaliğəli desək, mövcud imperial maraqların təsirindən uzaqda qalmaq mümkün olmur. Hazırda dünyanın inkişaf etməkdə olan ölkələrindən biri kimi, Azərbaycan da bu axının fəal üzvüdür. Ölkəmizin son illərdə əldə etdiyi siyasi qələbələri də göz önünə gətirsək, onun hazırda Cənubi Qafqazla bağlı siyasi məsələlərdə söz sahibi olduğunu qürurla qeyd edə bilərik…
İkinci Qarabağ müharibəsindən sonra ölkəmizin ictimai – siyasi, sosial və mədəni həyatında baş verən dəyişikliklər, habelə inkişaf və tərəqqi xarici dövlətlərin də diqqətindən yayınmadı. 44 günlük Vətən müharibəsi uzun illər Azərbaycanın müstəqil siyasətini tanımaqdan boyun qaçıran bir sıra dövlətlərin, xüsusən də erməni vandalizmini dəstəkləyən supergüclərin beynində formalaşmış saxta bütləri qıraraq həqiqəti onlara tanıtdı. Daha dəqiq desək, zəfərin və iki ölkə arasında baş verən mübarizədə mütləq gücün kimin tərəfində olduğunu gün kimi aydınlaşdırdı. Hələ müharibənin ilk günlərindən Azərbaycan ordusunun məğlubiyyətini acgözlüklə güdən bir sıra dövlətlər, müharibənin sonunda dövlətimizin əzmi və xalqımızın gücü qarşısında aciz qaldılar. Onlar hesab edirdilər ki, Azərbaycan ordusu bu dəfə də, bir neçə il öncə baş vermiş Aprel döyüşlərində, Tovuz əməliyyatında olduğu kimi, öz gücünü və hərbi potensialını nümayiş etdirdikdən, cavab atəşi ilə qarşı tərəfi susdurduqdan sonra açıq döyüşdən yayınacaq, erməni vandallarının 30 il bundan öncə Xocalıda, Xankəndidə və bir sıra Azərbaycan torpaqlarında doğma azərbaycanlılara qarşı törətdiyi əməllərin, faciələrin nəticəsi, necə deyərlər, yanlarına qalacaqdı. Ancaq bu dəfə düşmənin və onun havadarlarının niyyəti baş tutmadı. Bu dəfə ilahinin təqdiri də, güc və zəfər də Azərbaycan ordusunun, Azərbaycan xalqının yanında idi…
İndi yaddaşlarımıza həmişəlik həkk olunan o günləri geridə qoymuşuq. Xalqımızın bir amal və bir əqidə uğrunda birləşdiyi o müqəddəs 44 günü deyirəm…Ancaq dövlətimizin bu gün də əldə etdiyi hər bir uğurda Vətən müharibəsinin isti nəfəsini duyuruq. Qüdrətli Azərbaycanın qalib lideri, Ali Baş Komandan cənab İlham Əliyevin hər çıxışında və dövlətimizin gələcək nailiyyətlərinə həsr olunan hər bir mötəbər görüşdə ordumuzun Qarabağ zəfərini diqqətə çatdırması bunu bir daha təsdiq edir. Ölkə başçımız bu mövzuya toxunmaqla, həm də Azərbaycanın nəyə qadir olduğunu və necə qadir olduğunu bir daha dünyaya tanıdır. Sətiraltı ifadə ilə “Dəmir yumruq öz yerindədir!”, – deyir…
Bəli, dəmir yumruq öz yerində, öz məqamında dayanıb. Ancaq, bir az əvvəl də qeyd etdiyimiz kimi, Azərbaycan heç bir halda regionda qanlı müharibəyə yol açacaq, düşmən ölkəni real mübarizəyə sövq edəcək siyasət irəli sürməyib. Bu, indi də belə olub, lap 44 günlük Vətən müharibəsinin baş verdiyi müddətdə də belə idi! Hətta Ali Baş Komandan çıxışlarında da qeyd edib ki, dövlətimiz yalnız ərazi bütövlüyünü təmin etmək və bu istiqamətdə beynəlxalq təşkilatlar daxil olmaqla, dünya ölkələrindən dürüst və obyektiv münasibət almaq üçün çalışıb. Qarabağın işğal altında olduğu müddət ərazində dövlətimizin yürütdüyü siyasət, o cümlədən sülh yolu ilə ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan ciddi addımlar və Xocalıya tələb edilən ədalət bunun əyani sübutu deyildimi?!
Hesab edirəm ki, Azərbaycanın sülh yolu ilə düşmən ölkə tərəfindən zorla ilhaq edilmiş Qazax rayonunun 4 kəndini azad etməsi tarix boyu hissə-hissə qoparılan, parçalanan dövlətimizin yenidən birləşdirilməsi, ərazi bütövlüyümüzün təmin olunması yolunda atılmış ən ali addımdır. Bu, həm də ona görə əhəmiyyətlidir ki, dövlətimiz illərlə arzusunda olduğu müharibəsiz, necə deyərlər, qansız, qadasız siyasi xəttini irəli sürməklə ərazilərimizi düşməndən təmizləyə bildi. Ali Baş Komandanın uzaqgörənliyi və xalqımızın inamı sayəsində bir daha dünya anladı ki, haqqı bərqərar etmək və həqiqəti olduğu kimi çatdırmaq üçün müharibə bir çarə deyil. Maraqlısı da budur ki, Azərbaycanı Ermənistanla açıq döyüşə sövq edib zəiflətmək istəyən, vətənimizi bu yolla sarsıtmaq ümidində olan dövlətlərin özləri ağır məğlubiyyətlə qarşı-qarşıya qaldılar. Ancaq bir şeyi unutmuşdular ki, milli ruhunda azadlıq eşqi və xalq sevgisi olan bir milləti və qalib rəhbəri heç bir yolla məqsəddən döndərə bilməzlər. Necə deyərlər, xalq-ordu və lider bərabərliyi var olduğu müddətcə zəfər daim bizimlədir. Elə Vətən müharibəsində olduğu kimi…
Nə az, nə çox düz dörd il bundan öncə Şuşada dalğalanan ay-ulduzlu bayrağımız, o şanlı zəfər simvolumuz, sanki vətənimizin yolunu nurlandırdı. Qarabağ uğrunda tökülən şəhid qanları illərlə ata-baba yurdlarından, elindən, obasından didərgin düşmüş soydaşlarımızın göz yaşları ilə birləşərək mənfur düşmənin zülmünü yuyub aparan haqq selinə çevrildi. Nəhayət 30 il namərd erməni vandallarının tapdağı altında qalan, hər bir sərvəti əlindən alınan yurdumuzda böyük Zəfər Günəşi şölələndi. O azadlıq Günəşinin zərrin şəfəqləri Azərbaycanımızın bütün ərazilərinə yayıldı; doğma evinin, elinin istisindən uzaqda azadlıq həsrəti ilə döyünən qəlblərə arzuladıqları o hərarəti bəxş etdi. İndi o Günəş azad və müstəqil Vətən səmasında əbədi nur saçır…
Məcid RƏŞADƏTOĞLU
Xəbəri paylaş