Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib - FOTOLAR
İclas öz işinə başlamazdan öncə universitetin rektoru Yusif Yusibov Azərbaycan dili kafedrasının müəllimi Aynur Orucovanın Azərbaycan dili ixtisası əsasında filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi, Botanika kafedrasının əməkdaşı Yeganə Aslanovanın Mikrobiologiya ixtisası üzrə dosent elmi adı alması münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş müvafiq diplomları təqdim edib. Daha sonra Riyazi analiz kafedrasının dosenti, riyaziyyat üzrə fəlsəfə doktoru, I Qarabağ müharibəsi veteranı Abbasov Zəfər Duman oğluna Gəncə Dövlət Universitetinin Fəxri professoru diplomu təqdim edilib və ona elmi fəaliyyətində uğurlar arzulanıb.
Mubarizciler.az xəbər verir ki, İclasda Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” devizi ilə 2023-cü ildə keçirilən Respublika müsabiqəsinin ən yaxşı nəticələrinə görə Gəncə Dövlət Universitetinin Fizika və Texniki fənlər fakültəsinin kollektivinin Fəxri diplomla təltif olunduğu diqqətə çatdırılıb.
Uzunmüddətli səmərəli fəaliyyətinə görə və yubileyi münasibəti ilə Pedaqoji fakültənin Tədris məsələləri üzrə dekan müavini İlqar Haqverdiyevə Fəxri Fərman və mükafat verilib.
Rektor Yusif Yusibov ağırlıqqaldırma üzrə dünya çempionu olmuş Pedaqoji fakültənin tələbəsi Orxan Mahmudovu və ali təhsil müəssisələri tələbələri arasında keçirilən Respublika Çempionatında Stolüstü tennis idman növü üzrə III yer tutan qızlardan ibarət komandanı təbrik edib və əldə olunan nailiyyətlərə görə klubun məşqçilərinə, eləcə də idmançı tələbələrə Fəxri Fərman və mükafat təqdim edib.
Sonra Elmi Şura öz işinə başlayıb. Rektor Yusif Yusibov iclası giriş sözü ilə açaraq Şura üzvlərini gündəlikdə olan məsələlərlə tanış edib.
Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazır¬lığın vəziyyəti və qarşıda duran vəzifələr haqqında məlumat verib. Prorektor bildirib ki, universitetdə imtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi üçün lazımi şərait yaradılıb, nəzarət komissiyası təşkil edilib, nəzarətçi qrupların bölgüsü aparılıb. Bütün texniki-təşkilati işlər yüksək səviyyədə başa çatdırılıb. Universitet üzrə əmrə əsasən imtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə İmtahan Mərkəzi, İmtahan Qərargahı və Apellyasiya Komissiyası, bununla yanaşı ziyalılar, millət vəkilləri, tələbələrin valideynləri və QHT üzvlərindən ibarət “İctimai nəzarət şurası”nın yaradılıb. O da bildirilib ki, imtahan sessiyası bütün təhsil səviyyələrində 2024-cü ilin iyun ayının 3-dən iyul ayının 5-dək yazılı, şifahi, test, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək.
GDU Tələbə Gənclər Təş¬kilat¬ının sədri Fuad Dadaşov gənclərin maarifləndirilməsi, onların intellektual səviyyələrinin artırılması, könüllülük hərəkatının inkişafı, tələbələrin asudə vaxtlarının səmərəli təşkil edilməsi və qarşıda duran və¬zi¬fələr haqqında geniş hesabatla çıxış edib.
Gündəlikdə duran bütün məsələlər müzakirə olunaraq Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
İclasda Kimya kafedrasının əməkdaşı Xəyalə Kəsəmənlinin “Üzvi kimya” ixtisası üzrə dosent elmi adını almağa dair AAK qarşısında vəsatətin qaldırılması məsələsi gizli səsvermə yolu ilə qəbul edilib.
Elmi Şurada qarşıda duran vəzifələr, təhsilin keyfiyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması və görüləcək işlər müzakirə edilib. O da diqqətə çatdırılıb ki, Round University Ranking 2024-cü ilin nəticələrinə əsasən Gəncə Dövlət Universiteti beynəlxalq reytinqə daxil edilib.
Elmi Şuranın iclası cari məsələlərin müzakirəsi ilə başa çatıb.
Xəbəri paylaş