Ağstafada "Sağlam bədəndə, sağlam ruh" devizi altında idman yarışları keçirilib - Fotolar
Ağstafada 20-25 yaş arası gənclərin daxili işlər orqanlarında xidmətə həvləsləndirilməsi məqsədilə "Sağlam bədəndə, sağlam ruh" devizi altında idman yarışları keçirilib
Mubarizciler.az-ın məlumatına görə, Ağstafa şəhəri, Mərkəzi stadionda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən təşkil olunan idman tədbirində iki növ üzrə - 1000 metr məsafəyə kros qaçışı və turnikdə dartınma idman hərəkətləri üzrə yarışlar keçirilib.
Əvvəlcə Ümumilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himnimiz səsləndirilib.
Ümumilikdə 150 nəfər gəncin qatıldığı idman tədbirində Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin, Ağstafa Rayon İcra Hakimiyyətinin, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin, rayon Polis Şöbəsinin məsul şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
İdman tədbirinin açılış mərasimində Qazax-Tovuz Regional Gənclər və idman idarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək diqqətə çatdırıb ki, belə yarışların keçirilməsi yeniyetmə və gənclərin idmana olan marağını daha da artırır, ölkədə aparılan uğurlu idman siyasətinə böyük təkan verir. Qeyd olunub ki, yarışın keçirilməsində məqsəd gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsindən ibarətdir.
Hər iki yarış üzrə 1-ci, 2-ci və 3-cü yerin sahibləri Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin müvafiq diplom və hədiyyələri ilə təltif olunublar.
Xəbəri paylaş