Səxavət Qədirov: Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapdı
Həyata keçirilən genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağına çevrildi.
Əlbəttə ki, bütün bunların reallaşmasında, ilk növbədə, Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyasının böyük payı var. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının gücləndirilməsini təmin etdi.
Prezident seçildikdən sonra cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarını müəyyən edərək daxili inkişafı şərtləndirən mühüm addımlar atmağa başladı. Bu günədək ölkəmizdə regionların inkişafı ilə bağlı qəbul edilən 4 dövlət proqramı əsasında Azərbaycanın hər bir bölgəsində misilsiz quruculuq işləri, inkişaf siyasəti həyata keçirildi və demək olar ki, qısa zamanda regionların siması büsbütün dəyişdi. Əhalinin məşğulluğu üçün minlərlə yeni iş yeri açıldı.
İlk dövlət proqramının icrasına başlanarkən Azərbaycanın valyuta ehtiyatları cəmi 1,8 milyon dollar idi. Bu gün isə iqtisadi göstəricilərə nəzər yetirdikdə rekord göstəricilərə şahidlik edirik. Son 20 il ərzində, ümumi daxili məhsul dörd dəfə, dövlət büdcəsinin gəlirləri 30 dəfədən çox, xarici ticarət dövriyyəsi isə on dəfədən çox artıb. 20 ildə ölkəmizə 300 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri məlum olan yoxsulluq idi. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın olsa da, hazırda ölkədə yoxsulluq 5,5 faiz təşkil edir. 20 ildə iqtisadiyyatımız 3,5 dəfə artıb. 2022-2023-cü illərdə strateji valyuta ehtiyatlarımız 14,5 faiz artaraq 67 milyard ABŞ dollarına çatdırılıb.
Məhz Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri əsasında həyata keçirilən layihələrlə Azərbaycan Avropanın enerji xəritəsini dəyişib. Bir vaxtlar öz əhalisinin enerjiyə olan təlabatını idxalla ödəyən ölkəmiz bu gün dünyaya enerji ixrac edir və bu prosesdə ən etibarlı tərəfdaş statusu qazanıb.
“Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq həm də “Cənub-Qərb” və “Şimal-Qərb” layihələri üzərində də iş aparan Azərbaycan bu gün Avrasiyada enerji körpüləri yaradır. Bu, bir həqiqətdir ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, idxalçıdan ixracatçıya çevrilib. 1994-2020-ci illər ərzidə Azərbaycan “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, üç seqmentli – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət “Cənub qaz dəhlizi” layihələrini reallığa çevirib.
Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsinə nəzər salsaq, orada Azərbaycanın dəst-xətini görə bilərik. Azərbaycan həm də beynəlxalq bazarlarda enerji təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir. Müstəqillik dövründə Azərbaycan həm də beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib.
Prezident İlham Əliyev hər zaman aydın, şəffaf və birmənalı, müstəqil siyasət yürüdüb. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi, müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun və qüdrətinin göstəricisidir. Artıq dördüncü ildir ki, ölkəmiz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Bu, həqiqətən də Azərbaycanın geniş beynəlxalq dəstəyə malik olmasının bariz təcəssümüdür. Azərbaycan iki mühüm beynəlxalq təsisatın – İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvüdür.
Bu da onu göstərir ki, Azərbaycan eyni vaxtda hər iki təşkilata üzv olan azsaylı ölkələrdən biridir.
Səxavət Qədirov
Goranboy rayon Statistika İdarəsinin rəisi.
Xəbəri paylaş