İmişlidə “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda konfrans keçirildi - Fotolar 0
İmişli rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda elmi-praktik konfrans keçirilib.
Mubarizciler.az xəbər verir ki, konfransda İmişli RİH başçısı Elçin Rzayev, AMEA-nın Nəsimi adına Dilçilik İnistitunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru İmanyar Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, Yazıçılar Birliyinin Aran bölməsinin sədri Sərvaz Hüseynoğlu, “Respublika” qəzetinin bölgə müxbiri Ərəstun Abdulov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.
Konfransdan əvvəl Ümumilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, görkəmli dövlət xadiminin əziz xatirəsi böyük ehtiramla yad edilib.
Çıxış edənlər milli mənəvi dəyərlərimizə diqqət və qayğı göstərən, onlara yüksək qiymət verən H. Əliyevin dilimizin qorunmasına və inkişafına daim həssaslıqla yanaşdığını bildiriblər. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoyub.
Sovetlər dövrü olmasına baxmayaraq məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunduğu vurğulanıb. Bildirilib ki, ölkəmizdə ana dilinin hərtərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında Heydər Əliyevin mühüm xidmətləri olub.
Sonda tədbirdə iştirak edən gənclərə ana dili faktorunun təbliğ edilməsi və qorunması tövsiyə edilib.
Xəbəri paylaş