Mehriban xanım Əliyevanın siyasi xadim kimi formalaşmasında Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin böyük rolu vardır 0
Mehriban xanım Əliyevanın siyasi xadim kimi formalaşmasında Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin böyük rolu vardır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə ürəkdən təbrik edir, Ona möhkəm cansağlığı, dövlətimizin daha da inkişafı, xalqımızın rifahının daha da yüksəldilməsi naminə fəaliyyətində yeni-yeni uğurlar diləyirəm.
Azərbaycanın uğurlarında böyük xidmətləri olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm ölkədə, həm də hüdudlarından kənarda bütün dünyada təqdir olunur.
Xeyirxahlıq simvolu kimi tanınan Mehriban xanım Əliyeva altı ildən artıqdır ki, Azərbaycanın Birinci vitse- prezidenti kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edir. Azərbaycan qadınına məxsus səmimiyyəti, təvazökarlığı, mərhəməti şəxsiyyətində formalaşdıran, siyasi xadim Mehriban xanımın əsas diqqət yetirdiyi sahələr insanlara qayğı, yardıma möhtac olanlara dəstək, gənc nəslin təhsili, uşaqların sağlamlığı naminə çalışmaqdır.
Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin inkişafı naminə həyata keçirilən layihələr xüsusilə fərqlənir. Mədəniyyətimizin inkişafı, təbliği naminə maraqlı layihələr həyata keçirən Heydər Əliyev Fondunun təşəbbüsü ilə reallaşdırılan tədbirlər yüksək dəyərləndirilir. Məhz bu səylərin nəticəsi olaraq İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınıb. Bundan başqa, Azərbaycan 2019-cu ilin iyulunda UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi etdi.
Mehriban xanımın fəaliyyətinə verilən beynəlxalq qiymət onun xeyirxah-humanistlik, insanlıq missiyasının etirafı olmaqla, ölkəmizin iqtisadi, mədəni, elmi inkişafının təcəssümü kimi də diqqəti cəlb edir. Təltif və mükafatlar isə biri-birindən dəyərlidir: “Qızıl ürək” və Ümumdünya Dünya Səhiyyə Təşkilatının “İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondu”nun mükafatı, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeni, UNESCO-nun “Qızıl Motsart” medalı, Fransanın “Şərəf legioneri” ordeni, “XXI əsrin böyük qadını” fəxri titulunun nominantı, Krans Montana Forumunun qızıl medalı... Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə təltif edilməsi Azərbaycan qadınlarını dünyada təmsil edən birinci xanımın siyasi və ictimai fəaliyyətinin dünya birliyi tərəfindən yüksək dəyərləndirilməsinin nümunəsi, Azərbaycanın tolerantlıq təcrübəsinin təbliğidir.
Mehriban xanım Əliyeva hər zaman müsahibələrində bu fikri böyük fəxr və qürur hissi ilə bildirir ki, xalqımızın taleyüklü problemlərinin həllinə yardımçı olmaqdan qürur duyur. Bu, onun Vətən, xalq sevgisindən, Azərbaycanı daha qüdrətli, nüfuzlu, beynəlxalq münasibətlər sistemində əsl söz sahibinə malik olan ölkə kimi görmək istəyindən qaynaqlanır.
Mehriban xanım Əliyevanın siyasi xadim kimi formalaşmasında müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin böyük rolu vardır.
Ümummilli Liderin ideyalarına, Azərbaycan xalqının zəngin mədəniyyətinə, milli- mənəvi sərvətlərinə dərin bağlılıq Mehriban xanım Əliyevanın həyat amalına çevrilərək, zaman-zaman daha geniş miqyası əhatə edən layihələrin həyata keçirilməsinə yol açıb. Onun 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondunun prezidenti kimi qurumun məqsəd və məramına uyğun olaraq Heydər Əliyev irsinin təbliği istiqamətində atdığı addımlar göz önündədir. «Heydər Əliyevin həyatı böyük bir epoxanın aynası kimi ölkəmizin sevincli-kədərli günlərini və anlarını, Azərbaycanın bu tarix yollarını özündə əks etdirir. Məhz Heydər Əliyevin həyatı və fəaliyyəti sübut etdi ki, əlçatmaz xəyalların və arzuların reallaşması insan fenomeninin gücünə mümkündür» söyləyən Mehriban xanım Əliyeva möhkəm təməl üzərində qurulan müasir müstəqil Azərbaycanın daha da möhkəmlənməsinə, beynəlxalq nüfuzunun artmasına davamlı töhfələr verir, həmçinin zəngin tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində biri-birindən mühüm layihələrin müəllifi kimi çıxış edir. Bütün xalqlarla dostluq əlaqələrini möhkəmləndirməklə beynəlxalq əməkdaşlığa böyük önəm verən ölkəmizin nüfuz və imic qazanmasında Heydər Əliyev Fondunun, qurumun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri vardır.
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, milli-mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik.” Təbii ki, Azərbaycanın çoxəsrlik tarixə, zəngin mədəniyyətə malik olması dünya birliyində fəal roluna və mövqeyinə də öz müsbət təsirini göstərir. Bu gün Azərbaycanın adının beynəlxalq aləmdə multikulturalizm ünvanlarından biri kimi çəkilməsi həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir. Heydər Əliyev Fondunun fəaliyyətində tariximizə, milli-mənəvi dəyərlərimizə, ədəbiyyatımıza, musiqimizə verilən dəyərdən qaynaqlanan addımların uğurlu nəticələrini Azərbaycanımızın bugünkü reallıqlarında görürük.
Dövlətimizin başçısı İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamı ilə Mehriban xanım Əliyeva ölkəmizdə təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və eyni zamanda birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə «Heydər Əliyev» ordeni ilə təltif edilmişdir.
Dövlətimizin başçısı İlham Əliyev Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən bu kimi mühüm məqamları xüsusi vurğulayaraq bildirmişdir: «Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.» Dövlətimizin başçısı İlham Əliyevin bu etimadını yüksək dəyərləndirən Mehriban xanım Əliyeva «Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam» vədini verməklə, istər bu günədək Heydər Əliyev Fondunun prezidenti, istərsə də Azərbaycanın Birinci vitse-prezidenti kimi bütün fəaliyyətini məhz bu prinsiplər üzərində qurub. Azərbaycanın Birinci vitse-prezidenti kimi fəaliyyət göstərdiyi bu illər ərzində onun gördüyü işlərin miqyasına diqqət yetirsək bu fəaliyyətin ölçüyəgəlməz olduğunu görərik. Mehriban xanım Əliyevanın sosial təşəbbüsləri də ölkə ictimaiyyəti tərəfindən daim yüksək dəyərləndirilir. Mütəmadi olaraq dövlətimizin başçısı cənab İlham Əliyevlə birgə xalqın arasında olmaq, onların qayğıları ilə maraqlanmaq, insanlarla səmimi ünsiyyət qurmaq Azərbaycanın birinci xanımına milyonların sevgisini qazandırır.
Mehriban xanım tarixi Zəfərimizdən dərhal sonra 16 noyabr 2020-ci ildə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ilə birgə Füzuli və Cəbrayıl rayonlarına səfər etdi. O zamandan başlanan səfərlərin say tərkibi genişliyi ilə diqqətdədir. Bu torpaqlarda tarixi və dini abidələrimizin bərpası Heydər Əliyev Fondunun hesabına həyata keçirilir. “Xarıbülbül” musiqi festivalının, Vaqif Poeziya Günlərinin yüksək səviyyədə təşkilində Heydər Əliyev Fondunun xidmətləri böyükdür.
Heydər Əliyev Fondu Vətən müharibəsi zamanı şəhid olan hərbçilərin ailələrini və qazilərimizi də daim diqqətdə saxlayır, onların qayğısına qalır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin həlli üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən Aprel döyüşləri zamanı, eyni zamanda, 44 günlük Vətən müharibəsində ağır yaralanan qazilərimiz müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, həmçinin müharibədə sağlamlıqlarını itirmiş bir qrup əsgər və zabit yüksək texnologiyalı protezlərlə təmin edilib.
Xəbəri paylaş