Müstəqim Məmmədov Seydimli kənd sakinləri ilə görüşüb Fotolar + Yenilənib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaş müraciətlərinə operativ baxılması, əhalini narahat edən məsələlərin yerində araşdırılması və həlli istiqamətində həyata keçirilən səyyar qəbul görüşləri davam etdirilir.
Yerlərdə keçirilən səyyar qəbullar vətəndaşların müraciətlərinin birbaşa dinlənilməsi, onların problemlərinin yerində öyrənilməsi və həlli baxımından xüsusi əhəmiyyət daşıyır. Bu görüşlər eyni zamanda dövlət orqanları ilə vətəndaşlar arasında açıq və səmərəli dialoqun qurulmasına, şəffaflığın təmin olunmasına və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.
Mubarizciler.az xəbər verir ki, Növbəti qəbul rayonun Seydimli kənd İƏD üzrə nümayəndəliyinin Seydimli kəndində keçirilib.
Qəbulda icra başçısı ilə yanaşı Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyev, aparatın məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, xidmət sahələrinin nümayəndələri, həmçinin kənd sakinləri iştirak ediblər.
Sakinlərlə görüşdən əvvəl rayon rəhbəri rəsmilərlə birlikdə İrəvanlı kəndində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər.
Qəbulda çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətləri barədə danışmış, vətəndaşların rifah halının yaxşılaşdırılması, onların müraciətlərinə həssas yanaşılması və mövcud problemlərin operativ həlli istiqamətində görülən işlərin daim diqqət mərkəzində saxlanıldığını vurğulamışdır. Bildirmişdir ki, dövlət başçısının rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində kənd və qəsəbələrdə mühüm infrastruktur layihələri icra olunur, əhalinin həyat şəraiti ildən-ilə yaxşılaşdırılır.
Qeyd olunub ki, Seydimli kəndinin 2850 nəfər əhalisi var. Ərazidə 1 tam orta məktəb, 1 körpələr evi uşaq bağçası, 1 kitabxana, 13 ticarət obyekti, 8 iaşə obyekti, 3 məişət xidməti obyekti, 1 Poçt məntəqəsi və 12 subartezian quyusu yerləşir. Kənd sakinləri əkinçilik və maldarlıqla məşğul olurlar. Sakinlər 1061 baş iribuynuzlu, 2032 baş xırdabuynuzlu heyvan, 1344 baş quş və 261 arı ailəsi saxlayırlar.
Son üç ildə Seydimli kəndində 5,8 km sahələrarası su arxları lildən təmizlənib, kənd ərazisinə 480 ədəd müxtəlif növ ağac əkilib, kəndarası yolların kənarları və kənd qəbristanlığı alaq otlarından və məişət tullantılarından təmizlənib.
Rayon rəhbəri sakinlərə Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib. Erkən nikah və onun fəsadlarından söhbət açan rayon rəhbəri, əlaqədar qurumları, hər kəsi erkən nikaha, narkotok və psixotrop maddələrdən istifadəyə qarşı mübarizəyə çağırıb, bu sahədə güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu bildirib.
Görüş zamanı həmçinin Seydimli kəndinin mövcud sosial-iqtisadi vəziyyəti, inkişaf perspektivləri və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, kənddə mövcud potensialdan səmərəli istifadə olunması, kənd təsərrüfatının inkişafı, sahibkarlığın genişləndirilməsi və yeni iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlərin görülməsi vacibdir. Həmçinin kənddaxili asfalt örtüklü yolun əsaslı təmirinə, elektrik təsərrüfatının yenidən qurulmasına ehtiyac olduğu bildirilib.
Qəbul zamanı kənd sakinlərindən Zəhrə İsmayılova işlə təmin olunma, evinin dam örtüyünün təmir olunmasına köməklik olunması, Əmrah Əliyev küçənin işıqlandırma sisteminin təmir olunması, Akif Quliyev bələdiyyə torpağından əkin üçün icarəsinə torpaq sahəsinin ayrılması ilə bağlı müraciət ediblər.
Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunmuş, digər müraciətlər isə aidiyyəti üzrə qeydiyyata alınaraq onların icrası nəzarətə götürülmüşdür. Rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilmiş, müraciətlərin vaxtında və keyfiyyətlə icrasının təmin olunması tapşırılmışdır.
Sakinlər çıxış edərək belə səyyar qəbulların keçirilməsini yüksək qiymətləndirmiş, onların problemlərinin birbaşa dinlənilməsinə və həllinə göstərilən diqqətə görə minnətdarlıqlarını bildirmişlər. Onlar dövlət tərəfindən göstərilən qayğını hər zaman hiss etdiklərini vurğulayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.




Xəbəri paylaş







































0772703001 