Goranboyda "28 May-Müstəqillik Günü" ilə bağlı "Müstəqilliyimiz Əbədidir." mövzusunda konfrans keçirildi - Fotolar
Goranboy rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı və bir qrup YAP rayon fəallarının iştirakı ilə YAP rayon təşkilatının inzibati binasının akt zalında, "28 May-Müstəqillik Günü" münasibəti ilə "Müstəqilliyimiz Əbədidir." mövzusunda konfrans keçirildi.
Mubarizciler.az xəbər verir ki, Keçirilən tədbirlərdə Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva, YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev, Vətən müharibəsinin şəhid ailələri və qaziləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Vətənin müstəqilliyi və azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Goranboy Rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva giriş sözü ilə çıxış edərək Müstəqillik Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib. O, bu əlamətdar tarixi günün Azərbaycan xalqının həyatına böyük və əhəmiyyətli hadisə kimi daxil olduğunu bildirib. Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, həmin dövrdə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Çıxış edən YAP Goranboy rayon təşkilatının sədri Samir Qocayev XX əsrin əvvəllərində olduqca mürəkkəb şəraitdə müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yaradılmasının əhəmiyyətini vurğulayıb. Qeyd edilib ki, tarixin ən çətin, ən mürəkkəb dövründə yaranan Azərbaycan Xalq Cümhuriyyəti demokratik ənənələrə malik idi. Cümhuriyyətin yaranması tarixi bir hadisə idi. Azərbaycan Xalq Cümhuriyyəti dünya tarixində öz demokratikliyi ilə seçilirdi. S. Qocayev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə, ölkəmizlə bağlı həqiqətlərin aşkara çıxarılmasına və dünyaya çatdırılmasına hər zaman böyük diqqət göstərib. YAP sədri Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xatırladıb.
Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
Şəhid anası Nailə Məmmədova “Azərbaycan tarixinin parlaq səhifəsi – 28 May: müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin yarandığı gün”, Vətən müharibəsi Qazisi Müşfiq Xudiyev “Müasir Azərbaycan Respublikası müstəqillik tariximizin şah əsəridir”, Vətən müharibəsin Qazisi Ruslan Əmrahov “Prezident İlham Əliyev: müstəqillik, uğur və qələbə simvolu” və Rayon Dövlət Arxivinin müdiri Gündüz Hacıyev “Ədəbi müstəqilliyimizin təminatçısı: Müstəqillik Günü” mövzularında çıxış edərək, Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən, onu yaradan görkəmli şəxsiyyətlərin mübarizəsindən, cümhuriyyət dövründə görülən mühüm işlərdən bəhs ediblər.
Tədbirin yekununda mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
Xəbəri paylaş