Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevin doğum günüdür - FOTOLAR
27 may Azərbaycanın ilk Milli Qəhrəmanı, Goranboy batalyonunun qurucusu Maşallah Abdullayevin doğum günüdür.
Mubarizciler.az xəbər verir ki, Maşallah Abdullayev 27 may 1950-ci ildə Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Valideynləri Qərbi Azərbaycanın Dərələyəz mahalındandır. Səkkizinci sinfə qədər Goranboy şəhər 1 saylı orta məktəbdə təhsil almışdır. 1965-ci ildə Goranboy Subartezian Quyularının İstismarı İsarəsinə işə düzəlmişdir. 1969–1971-ci illərdə hərbi xidmətdə olmuşdur. Bir müddət Azneft birliyinin Neft Daşlarında işləmişdir. 1975-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olmuşdur. Buranı bitirdikdən sonra təyinatla Goranboya, vaxtilə təhsil aldığı şəhər 1 saylı orta məktəbdə işləməyə göndərilmişdir. Ailəlidir. Bir övladı var.
26 oktyabr 2022-ci il tarixində onkoloji xəstəlikdən Goranboy rayonunda vəfat edib. Goranboy şəhər qəbiristanlığında dəfn edilib. Dəfn mərasimi hərbi orkestrin müşayiəti ilə keçirilib, yaylım atəşi açılıb.
Qarabağ müharibəsi başlayanda könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə iştirak etmişdir. Ağcakənd də daxil olmaqla neçə-neçə kəndin erməni işğalçılarından azad edilməsində böyük xidmətləri olmuşdur.
Maşallah Abdullayev Respublika Ali Sovetinə deputat (220 nömrəli dairə) seçilmişdir.
1992-ci ildə M. Abdullayevə daha bir çətin və məsuliyyətli vəzifə etibar edildi. O, respublika Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olundu. Həmin briqada Tərtər, Goranboy və Yevlax ərazilərinə nəzarət edirdi. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində bu briqadanın əvəzsiz rolu olmuşdur. Mayor rütbəsinə yüksələn Maşallah Abdullayev 1992–1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışmışdır. Sonralar şəxsi təsərrüfatı ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası Goranboy Rayon Surasının sədri idi. İgidliyə görə general M. Əsədov adına mükafata layiq görülmüşdür.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olmuşdur. 2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki bölünmə zamanı Mirmahmud Mirəlioğlu liderliyindəki klassiklər qanadında fəaliyyət göstərməyə başladı. Daha sonra Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasına üzv olan Maşallah Abdullayev bu partiyanın Goranboy Rayon Təşkilatının sədri olmuşdur. O, 17 mart 2013-cü il tarixində təşkilat sədrliyindən və partiya üzvlüyündən istefa verdiyini, Eldar Namazovun rəhbərlik etdiyi "El" Hərəkatına üzv olduğunu elan etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə leytenant Maşallah Babakişi oğlu Abdullayev "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
(23 iyun 1992) — "Qızıl Ulduz" medalı
"General Məhəmməd Əsədov" mükafatına layiq görülmüşdür.
2015-ci ildə yazıçı Vüqar Əsgərov Maşallah Abdullayevin keçdiyi döyüş yolundan, həyatından, Goranboy və Ağdərə döyüşlərindən bəhs edən kitab yazmışdır. Kitabın redaktoru Ötərxan Eltac, məsləhətçiləri isə tarix institunun direktor müavini, professor Cəbi Bəhramov və Xalq şairi Nəriman Həsənzadədir.
Xəbəri paylaş