Prezident İlham Əliyev: «Bizi birləşdirən layihələr arasında nəqliyyat layihələri xüsusi rol oynayır»
Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilib. Açılış mərasimində Prezident İlham Əliyevin çıxış edib. “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsini tarixi hadisə olaraq xarakterizə edən ölkəmizin başçısı İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi olduğunu bildirib. Azərbaycanla İran dövlətlərini birləşdirən layihələrin arasında nəqliyyat layihələrinin xüsusi rol oynadığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib ki, bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Prezident vurğulayıb ki, bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib və bundan sonra həm İran, həm də Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir.
Ağbənd istiqamətində yeni avtomobil körpüsünün tikildiyini deyən İlham Əliyev bildirib ki, bu körpü tikiləndən sonra Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Dövlətimizin başçısı xüsusi vurğulayıb ki, bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, beynəlxalq nəqliyyat dəhlizinin bir parçası olacaq.
Azərbaycanın azad edilmiş torpaqlarında bu gün çox genişmiqyaslı nəqliyyat layihələrin həyata keçirildiyini deyən İlham Əliyev bildirib ki, avtomobil yolları, hava limanları, dəmir yolu Ağbəndə qədər çəkilir və yaxın gələcəkdə istismara veriləcək.
Energetika sahəsində də çox böyük planların olduğunu diqqətə çatdıran ölkəmizin başçısı, burada 280 meqavat gücündə iki su elektrik stansiyasının inşasının nəzərdə tutulduğunu qeyd edib.
Qarabağ və Şərqi Zəngəzur bölgələrinin, eləcə də Naxçıvan bölgəsinin Azərbaycanda “yaşıl enerji” zonaları elan edildiyini vurğulayan Prezident İlham Əliyev, bu bölgələrdə “yaşıl enerji” mənbələrinin yaradılmasının bütün bölgə üçün fayda verəcəyi əminliyini ifadə edib. İşğaldan azad edilmiş torpaqlarda son üç il ərzində 270 meqavat gücündə su elektrik stansiyalarının inşa edildiyini qeyd edən ölkəmizin başçısı bildirib ki, bu stansiyaların istehsal gücünü 500 meqavata çatdırmaq üçün konkret proqramlar var və yaxın iki-üç il ərzində bu, həll olunacaq.
Təhmasib Rüstəmov
YAP Qubadlı Rayon Təşkilatının sədri
Xəbəri paylaş