Göyüş Nağıyev: Azərbaycan və Bolqarıstan arasında bütün sahələr üzrə əməkdaşlıq yüksək səviyyədədir
Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və qara dəniz regionunda prioritet strateji və etibarlı tərəfdaş hesab edir.Məlum olduğu kimi, mayın 8 də Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfərdə olmuşdur. Hər iki ölkə üçün mühüm əhəmiyyət daşıyan bu səfər çərçivəsində əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək, daha sonra nümayəndə heyətləri arasında görüş keçirilib.
Görüşdə liderlər ikitərəfli əməkdaşlığın hazırki səviyyəsi və inkişaf perspektivləri barədə fikirlərini açıqladılar. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan və Bolqarıstan arasında iqtisadi, enerji, nəqliyyat sektorları sahəsində əməkdaşlıq çox yaxşı səviyyədədir.
Prezidentlərin çıxışından:
Prezident İlham Əliyev: “Biz şadıq ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bizim Bolqarıstana qaz təchizatımız artır. Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək”.
Bolqarıstan Prezidenti isə çıxışında əsas diqqəti enerji sektorunda qarşılıqlı əməkdaşlığa yönəltdi və məmnunluğunu bildirdi. Prezident Rumen Radevin son iki il ərzində bir çox iş görüldüyünü, Yunanıstan və Bolqarıstan arasında rəsmi interkonnektorun açılışında şəxsən Prezidet İlham Əliyevin iştirak etdiyini xatırlatdı:
“Həmçinin Sizin iştirakınızla biz “Həmrəylik Halqası” layihəsi çərçivəsində Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü şəbəkələri, habelə SOCAR arasında Anlaşma Memorandumunu imzaladıq. Bu, Avropa Komissiyasının strateji baxışına və Avropa Komissiyasının Prezidenti ilə 2022-ci ildə imzaladığınız strateji tərəfdaşlığa dair Memoranduma əsasən həyata keçirilir. Biz Azərbaycan qazının əlavə həcmlərinin Avropaya nəql edilməsi üçün ölkənizlə birlikdə işləyə biləcəyimizə görə çox məmnunuq. Aydındır ki, biz birlikdə işləməklə təkcə ikitərəfli əməkdaşlığımızı gücləndirmirik. Bu, Qafqaz və Qara dəniz regionunun sabitliyi və iqtisadi inkişafı üçün atılan bir addımdır. Bu, ümumilikdə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün atılan bir addımdır”.İkitərəfli münasibətlərin tarixinə dair:
Azərbaycan ilə Bolqarıstan arasında hər zaman sıx əlaqələr və dostluq münasibətləri mövcud olub. Bolqarıstan Azərbaycanın müstəqilliyini (14 yanvar 1992-ci il) ilk tanıyan ölkələrdən biridir. Diplomatik əlaqələr və dostluq münasibətlərinin əsası isə 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin Bolqarıstan Prezidenti Jelyu Jelevin dəvəti əsasında bu ölkəyə səfəri ilə qoyulub.
04 mart 2015-ci il tarixli “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə isə münasibətlər strateji tərəftaşlıq müstəvisinə keçib. Birgə Bəyannamə münasibətlərimizi keyfiyyətcə yeni mərhələyə qaldırıb.
Eyni zamanda Azərbaycan-Bolqarıstan arasındakı genişlənən əməkdaşlıq, əməkdaşlıqdan strateji tərəfdaşlığa çevrilmişdir.
Belə ki, Azərbaycan-Bolqarıstan əlaqələri ötən müddət ərzində siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Bolqarıstan Azərbaycanı Cənubi Qafqazda və Qara dəniz regionunda prioritet, strateji və etibarlı tərəfdaş hesab edir.İki ölkə arasında ticarət, nəqliyyat, xüsusilə yük daşımaları, sərmayələr, yüksək texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur.
Bolqarıstan Avropa ölkəsidir, Avropa İttifaqı və Şimali Atlantika Müqaviləsi Təşkilatını (NATO) üzvüdür.
Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Bolqarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindən biridir. Bu mənada Azərbaycan ilə Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib.
Göyüş Nağıyev,
YAP Goranboy rayon təşkilatı fəalı.
Xəbəri paylaş