İlham Əliyev: Şuşa əyilməz ruhumuzun rəmzidir
Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Qələbə ölkəmizin hərb tarixinə qızıl hərflərlə yazıldı. Cəsur igidlərimiz xalqımızın tapdalanan qürurunu özünə qaytardı və 30 illik işğala son qoydu. Ölkəmizin ərazi bütövlüyü bərpa olundu, həyat öz axarına düşdü. Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işlərinə başlanıldı. Xain qonşularımızın viran qoyduğu kənd və qəsəbələrimiz, şəhərlərimiz, tarixi-mədəni abidələrimiz yenidən qurulur.
Ölkəmizin musiqi beşiyi sayılan Şuşa şəhəri də yenidən qurulub. Buradakı tarixi abidələr, milli mədəniyyət nümunələri bərpa olunub və hazırda da işlər davam edir. Şəhər həmçinin bir sıra beynəlxalq tədbirlərə, musiqi festivallarına ev sahiliyi edib. İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub.
İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” planı çərçivəsində məcburi köçkünlərin öz dədə-baba yurdlarına köçü sürətlənib. Hər ay onlarla köç karvanı Qarabağa yola salınır. Qarabağın incisi Şuşaya da ilk köç karvanı çatıb. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 32 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Qəhrəman oğullar, tədbirli sərkərdələr, qətiyyətli rəhbər Şuşanı geri aldı. Şuşalıların bir hissəsinin Şuşaya məhz may ayının 8-də qayıtması təsadüfi deyil, simvolik məna daşıyır. 4 il öncəyə qədər 8 may xalqımız üçün matəm günüydü. Rəsmi olmasa da, bütün vətənpərvər insanlar bu qara günün möhnətini qəlblərində daşıyırdılar. Bu ildən isə 8 may şuşalıların Şuşaya qayıdışı günüdür. Həmişə də belə qeyd olunacaq. Öz al qanları ilə Şuşanın qara gününü qırmızı edən oğulların xatirəsi həmişə əziz olacaq. Şuşanı işğaldan azad edən əsgərlərimiz dünya hərb tarixinə yazılan böyük igidlik göstərmişdilər. Ümumiyyətlə, Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzurun azad edilməsində şücaət göstərdi, düşmən azərbaycanlıların sarsılmaz ruhunu, əzəmətini gördü.
Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev Şuşaya qayıdan şuşalılarla bu şəhərdə görüşüb, söhbətləşərkən, qürur mənbəyimiz olan Şuşanı və işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri şücaəti haqqında danışıb. Möhtərəm Prezidentimiz vurğuladı ki, “Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi”. Şuşalıların Şuşaya dönməsi asan və tez başa gəlmədi. 44 günlük müharibə bir çoxlarına “ildırım sürətli müharibə” kimi görünə bilər, amma ona qədər 28 il boyunca əsəb gərən, sonu görünməyən “diplomatik müharibə” də getmişdi. Ən əsası, biz o müharibədə bütün şərtlərin əleyhimizə olduğu bir vaxtda da haqqımızdan, qırmızı xəttimizdən geri durmadıq, təmkinlə, hövsələ ilə zəfər günümüzün başlanğıc anını gözlədik. ATƏT-in Minsk qrupunun həmsədrləri – ABŞ-ni, Rusiyanı və Fransanı təmsil edən çoxsaylı diplomatlar bir-birini tez-tez dəyişsələr də sülh yolu ilə həlli planlarında Şuşa söhbəti yox idi.
Hamı Şuşanı ermənilərə “verirdi”, vasitəçilərin planlarına görə, Ermənistan və Azərbaycan arasında sülh Azərbaycanın Şuşasız qalacağı təqdirdə baş tutmalıydı. Lakin Azərbaycan siyasətçiləri və hərbçiləri bütün məkrli planları pozdular. Son nəticədə şəhərin əsl sahibləri Şuşaya qayıtdılar.
Noyabrın 8-i Şuşa azad olundu, mayın 8-i isə şuşalılar bayraqlarımızla bəzənmiş Şuşaya qayıtdılar. Şuşada əzəmətli binalar tikiləcək. Şuşa mədəniyyət və turizm mərkəzinə, istirahət məkanına çevriləcək. Cənab Prezident İlham Əliyev şuşalılarla görüşdə deyib ki, artıq şəhərdə üçüncü yaşayış kompleksinin təməli qoyulub. “Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdu. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir”. Həm Azərbaycanımızın, həm də Şuşamızın başı üzərindəki qara buludlar əbədi dağılıb. Əyilməz ruhumuzun rəmzi Şuşa ağ dumanlı şəhərdir, ilin çox hissəsi bu şəhərdə duman olur, təki qara bulud, dolu olmasın. Əbədi yaşamağa gəldiyimiz doğma Şuşamızda Azərbaycan Bayrağı əbədi dalğalanacaq.
Xəbəri paylaş