Polis Akademiyasında təcrübəli mütəxəssislərin iştirakı ilə keçirilən interaktiv dərslər davam etdirilir
05-26 aprel 2024-cü il tarixlərində Polis Akademiyasında nəzəriyyə ilə təcrübənin vəhdəti prinsipinə əsaslanaraq kursantlar arasında elmi yaradıcılığın müxtəlif formalarının təbliğ edilməsi, nəzəri biliklərinin möhkəmləndirilməsi və təcrübədə tətbiq etmə bacarığının inkişaf etdirilməsini təmin etmək məqsədilə Akademiyaya dəvət olunmuş təcrübəli mütəxəssislərin iştirakı ilə interaktiv dərslər keçirilib.
Müxtəlif fənlər üzrə keçirilən interaktiv dərslərdə qonaq qismində iştirak edən Ombudsman Aparatının Beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq şöbəsinin sektor müdiri Müqalib Mahmudov “Azərbaycan Respublikasında şəxsiyyətin konstitusiya hüquqi statusu”, Bakı Dövlət Universitetinin “Əmək və ekologiya hüququ” kafedrasının professoru, hüquq üzrə elmlər doktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Mayis Əliyev “Əmək müqaviləsi”, Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Anar Mirkişiyev “Həyat və sağlamlıq əleyhinə cinayətlərin araşdırma metodikası”, Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Ağır Cinayətlərin İstintaqı Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Həbib Həbibli “Oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin araşdırma metodikası”, Baş İstintaq və Təhqiqat İdarəsinin Nəzarət-Metodiki İdarənin baş müstəntiqi, polis polkovnik-leytenantı Elgiz Həsənov “Dələduzluq cinayətlərinin araşdırma metodikası” və Sabunçu rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin rəisi, polis polkovnik-leytenantı Babək Rüstəmov “Mülkiyyət əleyhinə olan cinayətlər mövzuları üzrə mühazirələr oxuyublar.
Mövzulara əsasən qonaqlar tərəfindən kursantlara təcrübədə əmək müqaviləsinin xitamı zamanı işəgötürənlər tərəfindən yol verilən pozuntular, əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydası və bu zaman əsas diqqət yetirilməli olan məqamlar, əmək mübahisələrinə baxılması xüsusiyyətləri, ombudsman təsisatının yaranması, inkişaf tarixi, Azərbaycan Respublikasında İnsan Hüquqları üzrə Müvəkkil (ombudsman) İnstitutunun konstitusiya hüquqi əsasları, aparatın əsas fəaliyyət istiqamətləri, ayrı-ayrı cinayətlərin kriminalistik xarakteristikası, bu növ cinayət hadisələri üzrə cinayət işi başlamanın xüsusiyyətləri və sübut edilməli olan hallar, ilkin və sonrakı istintaq hərəkətlərinin taktiki xüsusiyyətləri və bu sahədə yaranmış təcrübi problemlərə dair ətraflı məlumatlar verilib.
İnteraktiv təlim metodları ilə keçirilən mühazirə dərsləri kursantlar tərəfindən böyük maraqla qarşılanıb. Onları maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb və mövzular ətrafında müzakirələr aparılıb.
Xəbəri paylaş