İlqar Məhərrəmov: Xankəndində hərbi paradın keçirilməsi Azərbaycanın zəfərinin təntənəsidir 0
Azərbaycanın üç rəngli, ay-ulduzlu şanlı bayrağının Xankəndində qaldırılması xalqımızın Vətən müharibəsindəki mütləq qələbəsinin bariz nümunəsidir. Güclü ordu, hərtərəfli düşünülmüş siyasət və xalq-iqtidar birliyi bir araya gəldikdə əldə olunan müvəffəqiyyətlər həm çox və mükəmməl olur, həm də gələcək növbəti uğurların əsası qoyulur. 44 günlük Vətən müharibəsində Azərbaycanın rəşadətli ordusunun Xankəndiyə - müqəddəs şəhərimizə girməməsinin, şəhərin kandarındaca dayanmasının səbəbləri indi-indi bəlli olur. Çünki bir çox məsələlər qol gücünə, silah-sursat hesabına deyil, məhz siyasətlə həll edilməlidir. İşğalda olan bir sıra rayonlarımızın, eləcə də Xankəndinin antiterror tədbirlərindən sonra, həm də danışıqlar yolu ilə qaytarılması rəsmi Bakının dünyaya ötürmüş olduğu mesajı kimi də sayıla bilər. Çünki əgər bu torpaqlar ermənilərə məxsus olsaydı, onlar hər bir qarış üçün ölüm-dirim savaşı aparar, döyüşə-döyüşə geri çəkilərdilər, nəinki belə formada təhvil verərdilər. Necə ki, biz Birinci Qarabağ mühasribəsi zamanı vətənimizin hər qarışı üçün döyüşmüş, addım-addım, can verərək, qan tökərək geri çəkilməyə məcbur olmuşduq. Amma heç bir halda torpaqlarımızdan könüllü şəkildə çıxmamışdıq. Dünya yaranandan bu günə kimi baş vermiş bütün müharibələrdə hələ heç kim ona aid olan torpaqları bu formada qarşı tərəfə təhvil verməyib. Deməli, ermənilərin, heç nə olmamış kimi, torpaqları boşaltması həmin ərazilərin məhz azərbaycanlılara aid olduğunun bariz sübutudur. Ona görə də 44 günlük Vətən Müharibəsi zamanı ordumuzun Xankəndi və digər rayonlarımızın kandarında dayanması siyasi baxımdan ən doğru qərar hesab olunmalıdır. Həyata keçirilən siyasətin gücü də məhz ondadır ki, daha çox şəhid vermədən, daha ağır nəticələrə səbəb olmadan öz torpaqlarını geri qaytarmağı bacarasan. Bu baxımdan Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət mükəmməldır. Dövlət başçımızın Xankəndi, Xocalı və Xocavənddə bayrağımızı qaldırması, həm də “müharibə vaxtı bu şəhərlərə ordumuz nə üçün girmədi” sualına verilmiş çox yaxşı və tutarlı cavabdır. Bu həm də onu göstərir ki, hökümətimiz reallığı, dünya düzənini daha yaxşı analiz edir və daha uğurlu nəticələrə gətirəcək, praqmatik siyasət yürüdür. Baş verən proseslər və əldə olunan nailiyyətlərə baxıldıqda Prezident İlham Əliyevin nəyi, necə və nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bildiyinin bir daha şahidi oluruq. Dövlətimizin başçısının xalqı qarşısında verdiyi sözlərin bir-bir həyata keçdiyini müşahidə etməkdəyik. “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq.” – deyən Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində düşmən bizim əzəli torpaqlarımızdan qovulub. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır.
Bu gün dünyanın hərb mərkəzlərində Şuşanın azad olunması əməliyyatı xüsusi şəkildə öyrənilir. Çünki Şuşa əməliyyatı qəhrəmanlıq dastanıdır. Qırx dörd gün ərzində döyüş meydanında şəhər və kəndlərimizi azad edərək Azərbaycan əsgəri əsl qəhrəmanlıq göstərdi.
Yeri gəlmişkən qeyd olunmalıdır ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar, hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Azərbaycan bütün dövrlərdə sülhün tərəfdarı kimi çıxış edirdi. Əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr Azərbaycan Prezidentinin sözlərinə qulaq assaydı, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı.
Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cari ilin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda çıxışı zamanı dildirib ki, o vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və artıq bu gün Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, həmin gün qəbul etdiyimiz qərar düzgün idi. Prezident vurğulayıb ki, 44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə atılmadan bizə qaytarılmasına imkan verdi. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdü. Bu rayonların bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi.
Prezident İlham Əliyev qeyd edib ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan bir gün dayanmadan ordu quruculuğu prosesini sürətləndirib. Eyni zamanda, uzun illər ərzində işğal altında qalmış Azərbaycan-Ermənistan sərhədini nəzarətə götürülüb. Sərhəddə mövqelərimizi tədricən yaxşılaşdırdıq və müxtəlif tədbirlər nəticəsində Azərbaycan-Ermənistan sərhədinin böyük hissəsində ən əlverişli mövqelərə malik olduq. Ona görə də bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət bizim nəzarətimizdədir. Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində biz öz sərhədimizi tam olaraq qoruyuruq. Qeyd olunmalıdır ki, Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat əlverişli yüksəkliklərə sahib olmaq üçün şərait yaratdı. Eyni zamanda, bu əməliyyatlar Ermənistan siyasi rəhbərliyinə də bir siqnal idi ki, siz kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlisiniz və ilk növbədə, öz silahlı qüvvələrinizi Qarabağdan çıxarmalısınız. Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır.
Dövlətimizin başçısı sentyabr ayında keçirilmiş antiterror tədbirinə də toxunaraq bildirib ki, Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi.
Bununla da Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi.
Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları on minlərlə Azərbaycan hərbçiləridir. Dövlətimizin başçısı hərbçilərimizin fəaliyyətini çox yüksək qiymətləndirərək bildirib ki, nə qədər silah, sursat olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə edilsə belə, qələbəni əldə edən əlində silah olan əsgərdir, zabitdir. “O, sinəsini qabağa verir, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir – deyə cənab Prezident çıxışına əlavə edib.
Artıq Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilib. Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağı qaldırılmasından böyük xoşbəxtlik ola bilməz.
İlqar Məhərrəmov
Goranboy rayon Suvarma Sistemləri İdarəsinin rəisi.
Xəbəri paylaş