Goranboy rayonunun Fəxralı kəndində 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası ilə bağlı marifləndirici görüş keçirildi Fotolar

Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarovun iştirakı ilə Fəxralı kəndində Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın rayonda icrası, kənd təsərrüfatının inkişafı və qarşıda duran vəzifələrlə bağlı marifləndirici görüşdə rayonda aqrar sektorun mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olundu.
Mubarizciler.az xəbər verir ki, Çıxış edən Seymur Nazarov kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, torpaq sahələrindən səmərəli istifadə, məhsuldarlığın yüksəldilməsi, müasir suvarma texnologiyalarının tətbiqi, intensiv bağçılığın genişləndirilməsi, fermer və torpaq mülkiyyətçilərinin fəaliyyətinin dəstəklənməsi, eləcə də aqrar sahədə müasir texnologiyaların tətbiqinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırdı.
Bildirdi ki, Dövlət Proqramının əsas istiqamətlərindən biri kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi, məhsul istehsalının artırılması, müasir texnologiyaların tətbiqi və investisiya fəaliyyətinin genişləndirilməsidir. Bu baxımdan Goranboy rayonunda həyata keçirilən və icrası nəzərdə tutulan aqrar layihələrin mühüm əhəmiyyət daşıdığı vurğulandı.
Görüş zamanı kənd sakinlərinin və təsərrüfat sahiblərinin təklif və müraciətləri dinlənilərək, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdən sonra Prezident cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafı, müasir texnologiyaların tətbiqi və investisiya layihələrinin genişləndirilməsi ilə bağlı çağırışlarına uyğun olaraq, Alpout kəndində fəaliyyət göstərən “Mira” MMC-nin təsərrüfatına baxış keçirildi.
Baxış zamanı müəssisədə həyata keçirilən işlər, mövcud istehsal imkanları və gələcək inkişaf perspektivləri barədə məlumat verilərək bildirildi ki, müəssisə tərəfindən 2026–2028-ci illərdə icrası nəzərdə tutulan layihə çərçivəsində 1 milyon manat həcmində investisiya qoyuluşunun həyata keçirilməsi planlaşdırılır.
Layihəyə əsasən intensiv bağ sahələrinin ümumi həcminin 128 hektardan 145 hektara çatdırılması, ərazilərdə müasir damlama suvarma sisteminin tətbiqi və yüksək məhsuldarlığın təmin edilməsi nəzərdə tutulur.
Bildirildi ki, “Mira” MMC tərəfindən həyata keçirilməsi nəzərdə tutulan investisiya layihəsi 2026–2030-cu illər üçün Dövlət Proqramının prioritet istiqamətləri ilə uzlaşır və rayonda intensiv bağçılığın inkişafına, müasir suvarma texnologiyalarının tətbiqinə və aqrar sahədə investisiya imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcəkdir.
Sonda Dövlət Proqramından irəli gələn vəzifələrin rayonda ardıcıl və səmərəli şəkildə icrasının təmin edilməsi, aqrar sahədə mövcud potensialdan daha geniş istifadə olunması və kənd təsərrüfatının inkişafına yönəlmiş layihələrin dəstəklənməsi istiqamətində tədbirlərin davam etdiriləcəyi bildirildi.

Xəbəri paylaş







































0772703001 