YAP Şəmkir rayon təşkilatının X konfransı keçirilib Fotolar

Konfrans iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Şəmkir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Mubarizciler.az xəbər verir ki, Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev hesabat məruzəsi ilə çıxış edib. Z.Güvəndiyev rayon təşkilatının hesabat dövründə həyata keçirdiyi fəaliyyət, partiya üzvləri ilə iş, ictimai-siyasi proseslərdə iştirak, maarifləndirici tədbirlər və sosial layihələr barədə məlumat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətçilik maraqlarını fəaliyyətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib və bütün mərhələlərdə ölkənin inkişafına mühüm töhfələr verib. Qeyd olunub ki, 2021-ci ildə keçirilən YAP-ın VII Qurultayı partiyanın müasir çağırışlara uyğun fəaliyyətinin gücləndirilməsi baxımından mühüm mərhələ olub. Qurultayda müəyyənləşdirilən vəzifələrə uyğun olaraq YAP Şəmkir rayon təşkilatının fəaliyyəti də yeni istiqamətlər üzrə davam etdirilib, partiya üzvləri ilə işin səmərəliliyinin artırılması, gənclərin ictimai-siyasi proseslərdə fəallığının təmin olunması, eləcə də müxtəlif sosial və maarifləndirici layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev çıxışında Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin inkişafında və möhkəmləndirilməsində mühüm xidmətlər göstərdiyini bildirib. İcra başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci ildə yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdə ümumxalq partiyasına çevrilərək ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayıb. Onun sözlərinə görə, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rəşad Tağıyev vurğulayıb ki, məhz bu uzaqgörən siyasət nəticəsində Azərbaycan mühüm sosial-iqtisadi nailiyyətlərə imza atıb, beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirib, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa edərək qalib dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyub. Bildirilib ki, ölkəmizin qazandığı bütün bu uğurlar Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, xalq-iqtidar birliyi və Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi məqsədyönlü siyasi xəttin məntiqi nəticəsidir. O vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının sıralarının davamlı şəkildə genişlənməsi də partiyaya və onun həyata keçirdiyi siyasi kursa olan ictimai etimadın göstəricisidir. Milli Məclisin deputatı Nurlan Həsənov çıxışında bildirib ki, müasir müstəqil Azərbaycanın şanlı siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının yaradılması təşkil edir. N.Həsənov YAP-ın təkcə Azərbaycanın deyil, regionun ən nüfuzlu siyasi təşkilatlarından biri olduğunu vurğulayıb. Qeyd edib ki, xalq öz Prezidentini, onun Sədri olduğu partiyanı dəstəkləyir. Azərbaycan xalqı Yeni Azərbaycan Partiyasına inamını və partiyanın ətrafında sıx birləşdiyini dəfələrlə nümayiş etdirib. YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov çıxışında partiyanın keçdiyi inkişaf yolundan və qarşıda duran vəzifələrdən danışıb. A.Salmanov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Onun sözlərinə görə, fəaliyyət göstərdiyi illər ərzində YAP Proqram və Nizamnaməsində nəzərdə tutulan vəzifələri layiqincə yerinə yetirib. VII Qurultayda qəbul olunmuş qərarlar, partiyanın Sədri, Prezident İlham Əliyevin qurultayda verdiyi tövsiyə və tapşırıqlar partiyanın hər bir üzvü qarşısında yeni vəzifələr müəyyənləşdirib. Konfransda çıxış edən YAP Şəmkir rayon təşkilatının veteranı Fəxrəddin Vəliyev, Gənclər İdman Sektoru ərazi partiya təşkilatının sədri Pərvin Gözəlov, təşkilatın fəalı Elvira Allahverdiyeva və Yeni-Həyat kənd ərazi partiya təşkilatının sədri Qətibə Məmmədova Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, onun ölkənin ictimai-siyasi həyatındakı rolundan və Azərbaycanın son illərdə qazandığı tarixi nailiyyətlərdən bəhs ediblər. Çıxışlarda vurğulanıb ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətçilik prinsiplərinə sadiq fəaliyyət göstərərək ölkənin siyasi, sosial və iqtisadi inkişafına mühüm töhfələr verib. Qeyd edilib ki, YAP-ın gücü yalnız çoxsaylı üzvlərinin olması ilə deyil, həm də ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən yerli təşkilatların səmərəli fəaliyyəti ilə şərtlənir. Bu baxımdan, YAP Şəmkir rayon təşkilatı da ictimai-siyasi proseslərdə fəal iştirak edir, partiya üzvləri ilə işin təşkilinə, gənclərin ictimai fəallığının artırılmasına və maarifləndirici tədbirlərin keçirilməsinə mühüm əhəmiyyət verir.
Konfransda YAP Şəmkir rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib. Yeni Azərbaycan Partiyasının VIII Qurultayına nümayəndələr seçilib.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Xəbəri paylaş







































0772703001 