Goranboyda Dövlət Proqramının icra vəziyyəti ilə bağlı müşavirə keçirildi Fotolar

Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarovun rəhbərliyi ilə Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın rayonda icra vəziyyəti ilə bağlı müşavirə keçirildi.
Mubarizciler.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti dövlət qurumlarının nümayəndələri, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mütəxəssislərn iştirak etdiyi müşavirədə çıxış edən Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov Dövlət Proqramının ölkədə kənd təsərrüfatının davamlı inkişafının təmin edilməsi, istehsal və emal sahələrinin genişləndirilməsi, məhsuldarlığın artırılması, müasir aqrotexnologiyaların tətbiqinin təşviqi və ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirdi.
Qeyd olundu ki, Dövlət Proqramında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı ilə yanaşı, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə, heyvandarlıqda məhsuldarlığın artırılması, balıqçılıq və akvakultura sahələrinin inkişafı, emal müəssisələrinin fəaliyyətinin genişləndirilməsi və ixracyönümlü istehsalın təşviqi ilə bağlı mühüm hədəflər müəyyənləşdirilib.
Müşavirədə rayonda Dövlət Proqramından irəli gələn vəzifələrin icrası istiqamətində görülmüş işlər, qarşıda duran məsələlər və kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə mövcud imkanlardan daha səmərəli istifadə olunması məsələləri ətraflı müzakirə edildi.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tətbiq edilən yeni subsidiya mexanizmləri və subsidiya şərtlərində edilmiş dəyişikliklər barədə də geniş məlumat verilərək bildirildi ki, yeni mexanizmlər Dövlət Proqramında müəyyən edilmiş hədəflərə uyğun olaraq kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılmasına, müasir suvarma texnologiyalarından istifadənin genişləndirilməsinə, emal və ixracyönümlü istehsalın təşviqinə, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılmasına və ərzaq təminatının gücləndirilməsinə xidmət edir.
Məlumat verildi ki, yeni subsidiya mexanizmləri çərçivəsində bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiya imkanları yaradılıb. Müasir suvarma sistemlərindən istifadə edən fermerlər üçün subsidiya məbləğlərinin artırılması, ayrı-ayrı kənd təsərrüfatı bitkiləri üzrə subsidiya şərtlərinin diferensiallaşdırılması və istehsalçıların müasir texnologiyalardan istifadəyə təşviq edilməsi nəzərdə tutulub.
Sonda Dövlət Proqramında müəyyən edilmiş hədəflərin rayonda vaxtında və səmərəli icrasının təmin edilməsi, kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer və sahibkarlarla işin daha da gücləndirilməsi, dövlət dəstəyi mexanizmləri barədə maarifləndirmə tədbirlərinin davam etdirilməsi və qarşıda duran vəzifələrin ardıcıl şəkildə həyata keçirilməsi ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıq və tövsiyələr verildi.


Xəbəri paylaş







































0772703001 