Goranboyda əkinlərin və əmlakların dayanıqlı sığortası ilə bağlı regional konfrans keçirildi - FOTO 0
Goranboyda əkinlərin və əmlakların dayanıqlı sığortası ilə bağlı
regional konfrans keçirildi.
Mubarizciler.az-ın məlumatına görə, Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin Goranboy şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edərək böyük Şəxsiyyətə ehtiramlarını nümayiş etdirdilər. Sonra Goranboy rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin xalqına həsr olunmuş mənalı həyat yolu və dövlət idarəçiliyindəki çoxşaxəli fəaliyyətini özündə əks etdirən fotostendə baxış keçirildi.
Goranboy rayon Olimpiya İdman kompleksinin akt zalında keçirilən təbirdə Gəncə-Daşkəsən iqtisadi rayonunda fəaliyyət göstərən icra, bələdiyyə nümayəndələri, fermerlər, sığorta şirkətləri və fermerlərlə birbaşa əməkdaşlıq edən qurumların təmsilçiləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonda kənd təsərrüfatı işlərinin gedişi barədə məlumat verib. Bildirib ki, rayonda aqrar sahənin inkişaf etdirilməsi üçün potensial imkanlar mövcuddur. Kənd təsərrüfatı məhsullarının risklərə qarşı müdafiəsi istehsalın davamlılığını təmin edən vacib amildir. Həmçinin aprel və iyun aylarında ölkə ərazisində, o cümlədən Goranboy rayonunda ardıcıl yağan yağışlar, dolu, sel-subasma nəticəsində kənd təsərrüfatına zərər dəydiyini, məhsulunu sığortalamayan fermerlərin itkilərlə üzləşdiyini bildirdi. İcra başçısı qeyd etdi ki, bütün fermerlərin öz gəlirlərini qorumaq məqsədilə dövlətimizin fermerlər üçün yaratdığı imkanlardan - aqrar sığorta xidmətlərindən istifadə etməsi önəmlidir.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bildirib ki, kənd təsərrüfatı sahəsində çalışan bütün fermerlər bu sistemin xidmətlərindən istifadə edə bilər. Onun sözlərinə görə, dövlət dəstəkli aqrar sığorta Prezident İlham Əliyevin fermerlərə xüsusi qayğısının bariz nümunəsidir. Dövlət, fermerləri subsidiyalarla daim dəstəkləyir. Aqrar sığorta da bu dəstəyin davamıdır. Açıq səma altında bir istehsalı təbiət hadisələrindən qorumaq mümkün deyil, Ciddi bir hadisə zamanı fermerlər nəinki gözlədikləri gəlirləri, yatırımlarını da itirirlər. Bu hallarda onlara dəstək olmaq, fermerlərin investisiya və qazanclarının etibarlı qorunması məqsədilə dövlət tərəfindən yaradılmış aqrar sığorta fermerlərimizin xidmətindədir.
Paşa Sığortanın Satış kanalları və nümayəndəliklərin idarəolunması şöbəsinin rəisi Aqil Yaqubov daşınmaz əmlakın icbari sığortlanamasının əhəmiyyətlərindən danışdı. Qeyd etdi ki, daşınmaz əmlakın icbari sığortasının əsas məqsədi əmlaka dəymiş zərərə görə sığorta təzminatının vaxtında ödənilməsi ilə əhalinin maraqlarını qorumaqla sosial müdafiəsini təmin etməkdir. Həmçinin bildirdi ki, nümayəndəlik şəbəkəsinin genişlənməsi PAŞA Sığorta şirkətinin əsas inkişaf prioritetləri sırasındadır, əsas məqsəd isə tək Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin etməkdir.
Daha sonra əkin sahələrinin və əmlakların sığortalanması mövzusunda müzakirələr aparıldı .Yerlərdə fermerlərin aqrar sığorta haqqında maarifləndirilməsi, sığorta ilə bağlı müraciətlərin vaxtında edilməsi istiqamətində birgə fəaliyyətin təşkili əsas müzakirə mövzusu olub.
Xəbəri paylaş