I Qarabağ Müharibəsi şəhidi Abşeronda dəfn edildi - Fotolar 0
Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə şanlı ordumuzun Vətən müharibəsində düşmən üzərində tarixi qələbə qazanmasından sonra işğaldan azad edilən torpaqlarımızda genişmiqyaslı yenidənqurma və abadlıq işləri həyata keçirilir. Bu işlər aparılan zaman Birinci Qarabağ müharibəsi zamanı itkin düşən Azərbaycan hərbçilərinin nəşləri aşkarlanıb.
Mubarizciler.az xəbər verir ki, aparılmış ekshumasiya zamanı şəxsiyyəti müəyyən olunan 10 nəfərdən biri Abşeron rayonu Qobu qəsəbə sakini, 1951-ci il təvəllüdlü gizir Hüseynov Gülverdi Ağahüseyn oğlu olduğu müəyyənləşib. Onun nəşi bu gün Qobu qəbiristanlığında nəvəsi - Vətən müharibəsi şəhidi Qasımov Gülverdi Abil oğlunun yanında dəfn olunub.
Dəfn mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun idarə-təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və rayon ictimaiyyəti iştirtak edib.
Gülverdi Hüseynov sovet ordusunda xidmət edən zaman Birinci Qarabağ müharibəsi başlayandan sonra vətənə qayıdaraq könüllü şəkildə cəbhəyə gedib və gizir kimi vətəninə xidmət edib. 26 yanvar 1992-ci ildə Gülverdi Hüseynovun Şuşa rayonu, Daşaltı kəndi ətrafında gedən döyüşlərdə şəhid olması ilə bağlı ailəsinə məlumat verilib. Lakin həmin vaxt ərazidə döyüşlər getdiyi üçün şəhidin nəşini götürmək mümkün olmayıb.
Qeyd edək ki, Gülverdi Hüseynovun adını daşıyan nəvəsi, Qasımov Gülverdi Abil oğlu da Vətən müharibəsində könüllü olaraq vətən torpaqlarının işğaldan azad olunması uğrunda döyüşlərə qatılaraq şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyev tərəfindən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarına layiq görülüb.
Xəbəri paylaş