Mikayılov Baba Balakişi oğlu 31 ildən sonra dəfn edildi - FOTO 0
Kütləvi məzarlıqda qalıqları tapılan 1969-cu il təvəllüdlü Mikayılov Baba Balakişi oğlunun qalıqları anadan olduğu Şamaxı rayonuna aparılıb.
Mubarizciler.az xəbər verir ki, onun nəşinin qalıqlarını Şamaxı şəhərinin girişində rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri qarşılayıb.
Bundan sonra nəşin qalıqları mərhumun Göylər kəndindəki yaşadığı evə gətirilib. Vida mərasimindən sonra qalıqlar dəfn olunmaq üçün Göylər kənd qəbiristanlığına aparılıb.
Baba Mikayılov 1992-ci ilin yanvarında Şuşa rayonun Daşaltı kənində döyüşlərdə itkin düşüb. Onun qalıqları Daşaltı kəndi ərazisində kütləvi məzarlıqda aşkar edilib.
***
Kütləvi məzarlıqda qalıqları tapılan Hüseynov Gülverdi Ağahüseyn oğlu isə Abşeron rayonunun Qobu qəsəbəsində dəfn olunur.
Dəfndə Gülverdi Hüseynovun ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak edir.
1951-ci il təvəllüdlü Gülverdi Hüseynov 26 yanvar 1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndində itkin düşüb.
Qeyd edək ki, bir qədər əvvəl kütləvi məzarlıqlarda tapılan qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib.
Onların 11 nəfəri hərbçi, 4 nəfəri mülki şəxsdir.
İndiyədək onlardan ikisi dəfn olunub. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4 nəfəri Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.
(APA)
Xəbəri paylaş