Xalqın dəstəyinə arxalan Ulu Öndər Heydər Əliyev 0
Xalqın dəstəyinə arxalan Ulu Öndər Heydər Əliyev
1993-cü ildə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətini qurub yaratmaqla tarix yazdı.
XX əsrdə dünya siyasəti və beynəlxalq münasibətlər sistemində bəşəriyyətin gələcək taleyinə ciddi təsir edəcək bir çox hadisələr qeydə alınmış, həlledici proseslər baş vermişdir. Bunlardan biri nəhəng geosiyasi vahid – aparıcı, hegemon güc mərkəzlərindən biri olan SSRİ-nin süquta uğraması olmuşdur. Məhz bu qlobal xarakterli geopolitik hadisədən sonra meydana çıxmış müstəqil dövlətlərin hər birində müxtəlif proseslər baş vermiş, sözügedən coğrafiyanın xalqları fərqli siyasi, iqtisadi, sosial, humanitar reallıqlarla üzləşmişlər.
SSRİ-nin tərkibində olan 15 respublikadan biri kimi Azərbaycan isə 1991-ci ildə müstəqillik əldə etdikdən sonra çox ciddi siyasi, sosial-iqtisadi, humanitar xarakterli problemlərlə qarşılaşmışdı, respublikada sabitlik və inkişafdan nəinki söhbət gedə bilməzdi, hətta ölkə xaos və anarxiya məkanı kimi xarici kəşfiyyat orqanlarının mübarizə meydanına çevrilmişdi. Həmin dövrdə respublikaya rəhbərlik edənlərin siyasi səriştəsizliyi, müstəqil qərar vermək və milli maraqlara uyğun siyasət həyata keçirmək iqtidarında olmamaları, mübarizələrini dövlətin mənafeyi uğrunda deyil, öz şəxsi – korporativ maraqları əsasında aparmaları Azərbaycanın müstəqilliyini itirmək təhlükəsini meydana çıxarmışdı. Belə bir ağır vəziyyətdə xalqın və dövlətin xilası üçün zəngin dövlətçilik təcrübəsinə malik olan qətiyyətli liderə ehtiyac var idi. Bu lider məhz Ümummilli Lider Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə 1993-cü ildə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev respublikamızı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxarmaqla, müasir müstəqil Azərbaycan dövlətini qurub yaratmaqla tarix yazdı. Yüksək vətənpərvərlik və milli təəssübkeşlik hissinə malik olan vətəndaş, tarixi şəxsiyyət və Ümummilli Lider kimi Heydər Əliyev Vətənini fəlakətdən qurtardı, ölkəsini çevriliş cəhdlərindən, xaosdan hifz edərək dirçəliş və inkişafa doğru yönəltdi, cəmiyyətdə özünəinam hissini, ölkəmizdə sabitlik və firavanlığı təmin etdi.
Ümumiyyətlə, Azərbaycan dövlətçilik tarixində Heydər Əliyev şəxsiyyətinin müstəsna yeri və rolu var, Ümummilli Liderin xalqımız qarşısında xidmətləri misilsizdir. Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir, Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsinə xidmət etmişdir.
Xəbəri paylaş