Emin Əmrullayev Astarada Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Təhsil festivalında iştirak edib - FOTO 0
Elm və Təhsil naziri Emin Əmrullayev Astara rayonu dənizkənarı park-bulvar kompleksində regional təhsil idarəsinin və yerli icra hakimiyyətinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən Təhsil festivalında iştirak edib.
İlk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edilərək önünə tər güllər düzülüb.
Təhsil sahəsində əməkdaşlıq platformasının yaradılması məqsədilə təşkil olunan festivalda müxtəlif təhsil müəssisələrinin layihələri təqdim olunmuşdur.
Mubarizciler.az xəbər verir ki, Rayonun Dənizkənarı park-bulvar kompleksində keçirilən festivalda elm və təhsil naziri Emin Əmrullayev, Astara RİH başçısı Qəzənfər Ağayev, millət vəkilləri, yazıçılar, təhsil müəssisələri və nəşriyyat rəhbərləri, məktəblilər, rayon ictimaiyyəti iştirak edib.
Tədbiri regionlarda keçirilən analoji festivallardan fərqləndirən əsas məqam mövzunun təhsillə bağlılığı idi. Festivalın keçirilməsində məqsəd ölkə üzrə təhsilin inkişafı üçün maraqlı tərəflər arasında regionda əməkdaşlıq platformasının yaradılmasıdır. Festivalda ən çox sevinən, şənlənənlər və qazanan isə uşaqlar idi. Ölkədə cəmi iki illik ənənəsi olsa da, nazirə və gələn qonaqlara öz stendlərini, əl işlərini təqdim edən məktəblilər “Təhsil festivalı”nda kifayət qədər təcrübəli görünürdülər.
Məktəblilərin ingilis dilində təqdim etdikləri debat və “talk show” da festival iştirakçıları tərəfindən böyük maraqla qarşılandı. Geniş auditoriyaya baxmayaraq, məktəblilər öz fikirlərini sərbəst şəkildə ingilis dilində ifadə edə bildilər. Onları dinləyən nazir də məktəblilərə ingilis dilində cavab verdi.
Festivalda əsas diqqət çəkən stendlərdən biri “Danışan kitab” – nəşriyyatlar və ümumi təhsil müəssisələrinin kitab sərgisi idi.
Festivalda həmçinin tədris ili ərzində xüsusi nailiyyətləri ilə fərqlənən şagirdlərlə, Vətən müharibəsi iştirakçıları olan təhsil işçiləri ilə görüşlər keçirilib.
Festivalda stendlərlə iştirakçı qismində çıxış edən müəssisələr müxtəlif xidmət və məhsullarını nümayiş etdiriblər. Tədbir həm də Kiçik və Orta Biznes sahibkarlıq subyektlərinin tanıtımı ilə yadda qalıb.
Təqdim olunan bütün stendlərlə tanış olan elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, bu festival məktəblilər üçün böyük stimul olacaq: “Uşaqlar hər belə tədbirdən sonra daha motivasiyalı olurlar. Daha çox öyrənməyə, hazırlıqlı olmağa və daha yaxşı vətəndaşlar olmağa çalışırlar. Hər bir işin kökündə müəllim, şagird əməyi durur. Burada da ən vacib məqamlardan biri görünən işin arxasında müəllim əməyinin olmasıdır. Kiçik kənd məktəbində belə məsuliyyətli, hazırlıqlı müəllimlər və onlarla şagirdlərimiz var. Bu bizi çox sevindirir. Onlar ortaya təhsil məhsulu qoya bilirdilər. Gələcəkdə digər bölgələrdə də belə festivallar olacaq”.
Daha sonra “Musiqi dünyamız” mahnı festivalı, fləşmob keçirilib. Festivalda ümumilikdə onminlərlə şəxs iştirak edib.
Festivaldan sonra elm və təhsil naziri Emin Əmrullayev həmkarı, gənclər və idman naziri Fərid Qayıbovla birlikdə Astarada keçirilən 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının "Astara" mərhələsi çərçivəsində keçirilən oyunları izləyiblər. Azərbaycanı təmsil edən “Neftçi” basketbol komandası 1/4-ə yüksəlib və sabah növbəti mərhələdə qaliblərlə birgə oynayacaq.
Xəbəri paylaş