3 hərbçimizin şəhid olduğu atışmada İran izi... 0
İranın Ermənistanı silahlandırması gözlənilən idi. Ukraynaya qarşı işğalçı müharibəni genişləndirmək üçün Rusiyaya pilotsuz uçuş aparatları (PUA) və raket qurğuları verən İran eyni silahları strateji tərəfdaşı Ermənistana da ötürüb. Gələn xəbərlərə görə, Ermənistan Laçın istiqamətində hərbçilərimizi İran istehsalı olan hərbi texnikaların vasitəsilə atəşə tutub. Bizə təmas xəttində istehkamlarımızı qurmağa mane olmağa çalışırlar.
Bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.
Onun fikrincə, iki gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Tehrana çağıran İranın Ali Təhlükəsizlik Şurasının katibi Əli Şamxaninin erməni həmkarına lazımi təlimatlar verdiyi aşkardır. Görüşdən sonra “Cənubi Qafqaz regionunda istənilən coğrafi dəyişikliyin əleyhinəyik” deyən Əli Şamxani Armen Qriqoryanı Azərbaycan əleyhinə gərəkli addımlara “cəsarətləndirib”.
"Qriqoryan da bu təlimatları baş nazir Nikol Paşinyana və ordu rəhbərliyinə çatdırıb. Ermənistan və Qarabağ separatçıları Rusiya və İranın Azərbaycana qarşı istifadə etdikləri alətlərdir. Halbuki, İkinci Qarabağ müharibəsindən və sentyabr döyüşlərindən sonra Ermənistan Azərbaycana qarşı istənilən təxribatdan çəkinməliydi. Çəkinmirlərsə, demək, onları qızışdıranlar var. Bunun nəticəsidir ki, Ermənistan nə Azərbaycanla sülh sazişi imzalamaq istəyir, nə sərhədin müəyyələşməsiylə bağlı danışıqlara başlayır, nə də Zəngəzur dəhlizini açmağa həvəs göstərir. Biz isə təmas xəttində möhkəmlənməli və Qarabağın tamamında ərazi bütövlüyü və suverenliyimizin bərpası çalışmalarını davan etdirməliyik. Başqa alternatimiviz yoxdur", - deyə politoloq əlavə edib.
Xatırladaq ki, bu gün Ermənistan ordusu Laçın rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvvələrinin mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun 3 hərbçisi şəhid olub.
Xəbəri paylaş