Əli İbrahimov: Son zamanlar müşahidə olunur ki, cinayət törədənlər arasında əqli cəhətdən sağlam şəxslər, hətta yeniyetmələr də var 0
Son zamanlar müşahidə olunur ki, cinayət törədənlər arasında əqli cəhətdən sağlam şəxslər, hətta yeniyetmələr də var.
XXI əsrin çox maraqlı həyat tərzi var və bu həyat tərzləri nəinki bizim adi həyat ritmimizə, eyni zamanda həmdə müxtəlif problemlərlə bağlı həyat tərzimizə də təsir edib. Bunlardan biri də cinayətkarlıqla bağlıdır. İnsan niyə cinayət işləyir? Bunun səbəbi nədir? Əvvəllər belə idi ki, bank soymaq, hər hansı bir idarəyə girib orada kassanı sökmək, oğurluq etmək asan idi, toylarda mübahisələr zamanı sonda problem olmurdu. Əgər bu məsələlərdə birbaşa şikayət olmurdusa bunu heç kim bilə bilmirdi. Lakin, indi dünyanın hər yerində olduğu kimi Azərbaycanda da hər yerdə təhlükəsizlik kameraları və hər kəsdə də mobil telefonun kamerası var. Əgər əvvəllər maşın oğurluğu, təkər açmaq, kiminsə çantasını alıb qaçmaq, insanları öldürmək halı həddindən artıq çox idisə, indi bunlar azalıb. Cinayətin özünün fəlsəfəsi, forması, texnologiyası dəyişilib. Təsəvvür edin ki, keçmişdə cinayət ən çox siyasi məsələlərə, ictimai hadisələrə, pul qazanmaqa, çox az miqdarda isə insanlara qarşı olurdu. İndi isə tam əksinə sistemləşdirilmiş, virtuallaşdırılmış, şəbəkələşmiş cinayət hadisələrini görürük. Bu da daha çox narkotik və uyuşdurucu maddələrin satışı, dini şəbəkələrə qoşularaq digər dövlətlərdə hansısa din xadiminin çağırışına uyub müharibə aparmaq, Azərbaycan qanunvericiliyinə zidd olaraq dini şəbəkələr yaratmaq və eyni zamanda fərdə qarşı yönəlik hadisələrdir. Bu da eyni zamanda yaxın insanların çevrələri tərəfindən zorlanan qız və oğlan uşaqları, hansısa bir məqsədə görə, daha çox pula görə, öz atasını, anasını, nənəsini və s. mütəşəkkil dəstə yaradaraq öldürüb, evi yandıranlar kimi cinayətlər “dəbdədir”. Əlbəttə ki, bu cinayətin üstü əvvəl-axır açılır. Törədilən bütün cinayətlərin 100%-i dəqiq bilinir, yəni ən azı bir neçə kameraya düşürsən və yaxud həmin cinayəti yaxınlıqdakı insanlar görür. Lakin, bu cinayətlərin 90%-ə yaxın da açılışı vardır. Əvvəllər yadınızdadırsa, müharibə vaxtı fərarilik edənlər və yaxud müharibə zamanı satqınlıq edənlər də cinayət etmiş sayılırdı, amma bunlar son 44 günlük möhtəşəm müharibədə demək olar ki, aradan qaldırıldı və biz belə bir halla qarşılaşmadıq. İnsanı cinayətə bir neçə məsələ sürükləyir. Birincisi cinayət məsələlərinin özünün motivasiya olunması, yəni verlişlərdə, filmlərdə, sosial şəbəkələrdə cinayət aləminin adamlarının, lotuların dəbə mindirilməsi, ümumi dəb halına salınması və yeniyetmələr, gənclərin bu dəbə uyması olur. Baxın biz nə qədər səkkiz güşəli ulduzu çiyninə tato edən, sosial şəbəkələrdə bu kimi şəkilləri profilinə yayan uşaqlarla rastlaşırıq. Baxırsan burnunun suyu axır, amma vor aləmindən danışır. İkinci səbəb isə sosial məişət vəziyyətidir. Məsələn, qanun üçün iki çörək oğurlayan şəxslə, kiminsə evini oğurlayan şəxs arasında elə də böyük fərq yoxdur. Halbuki, bilirsiz ki, buna diqqət yetirmək lazımdır. Yadıma gəlir ki, bir çox mağazada yaşlı bir qadını oğurluq üstündə biyabr edən supermarket sahibi nə qədər ictimai qınağa səbəb oldu. Bunlar əslində cinayət sayılmır, xırda xuliqanlıq sayılır. Lakin, istər-istəməz qanun deyir ki, bunlar da cinayətdir. Növbəti səbəbi isə cinayətkar mütəşəkkil dəstəni göstərək. Uyuşdurucu maddə, narkotik satmaq üçün gənclərin, xüsusən də işləmək istəməyən, burjua təfəkkürlü dəstələrin yaranması və bunların törətdiyi dəhşətli cinayətdir. Məişət zorakılığı ilə bağlı cinayət faktlarına, insanların mülkiyyətinə təsir edə biləcək cinayət faktlarına tez-tez rast gəlirik. Baxırıq ki, bu kimi cinayətləri törədənlər işsiz, tənbəl, heç bir yerdə təhsil almayan, çalışmayan, lotereyada milyonlar qazanmaq istəyən gənclərdir. Bunlar kinoların, serialların, internetin təsiri ilə tezbazar, işləmədən, çalışmadan varlanmaq istəyirlər. Bu istək də gəncləri, yeniyetmələri, uşaqları cinayətə sövq edir. Cinayət hallarının bir çoxu nəqliyyat vasitələri ilə bağlıdır. Bilirsiz ki, bizdə maşınlar həddindən artıq çoxalıb, yollarımız dardı və tez-tez insanların vurulması halında olan qəzalar, içkili maşın sürmə kimi hallar da cinayət faktları arasında sayılır. Növbəti cinayətkarlıq isə virtual cinayətkarlıqdı. İnternet əməliyyatları, kartların oğurlanması, hətta nəinki adi Azərbaycan vətəndaşının, xaricdən gələn vətəndaşlarla birlikdə bu cinayət faktlarının törədilməsini biz görürük. Bu da yenə də tez pul qazanmaq kimi hərisliyin nəticəsidir. Dövlət Başçımızın humanistliyindən irəli gələrək müxtəlif xarakterli cinayət faktları törədən insanlara qarşı amnitsiya, əfvetmə hallarının olması əslində insanları tərbiyələndirməlidir. Lakin, biz görürük ki, bəzi insanlar qudurğanlıq edirlər və yenidən cinayət halları törədirlər. Onların təkrar törətdiyi cinayətlərə görə çox sərt bir mübarizə forması olmalıdır. Təsəvvür edin ki, biz işləyirik və maaş alırıq, vergi ödəyirik. Bu vergi, bizə qarşı cinayət törətmiş şəxslərin həyata yenidən başlaması üçün istifadə olunur. Bəli, bu da lazımdır, amma bunun effekti çox azdır. Məsələn cinayət törətmiş şəxsi həbs edirlər, həbsdən sonra bu şəxsi buraxırlar və 1000-1500 manat pul verirlər ki, gedib öz işlərini qursun. Ancaq bu şəxs təkrarən bir də cinayət törədir. Bəlkə də bunun fəlsəfəsi düzgün deyil, ona görə də bu hallar həmin şəxsin təkrar cinayət işləməsi üçün motivasiya verir. O cəmiyyətdə ki intellektual səviyyə aşağıdır, təhsilə, elmə maraq azdır, mədəniyyətə, estetik və humanitar intellektual sahələri dəbə gətirilməyib, orada cinayət halları get-gedə artır. O cəmiyyətlərdə ki bu keyfiyyətlər çoxdur, yüksək səviyyəli, oturuşmuş insanlardan ibarət cəmiyyət quruculuğu var, orada cinayət halları çox az olar.
Xəbəri paylaş