Britaniya alimləri: “Dörd ölkə risk altındadır - 15 milyon insanın yaşadığı ərazi su altında qala bilər” 0
“15 milyona yaxın insanın yaşadığı ərazi təhlükə altındadır, buzlaqların əriməsi genişmiqyaslı daşqınlara səbəb ola bilər”.
Bu qənaətə Böyük Britaniyanın Nyukasl Universitetinin alimləri gəliblər.
Alimlərin fikrincə, əsrin sonuna qədər Yer üzündəki 215 min buzlağın təxminən yarısı əriyəcək. Bu da buzlaq göllərinin çatlamasına və nəticədə daşqınlara səbəb olacaq. Bu proses dörd ölkəyə dağıdıcı təsir göstərəcək ki, bunlar Hindistan, Pakistan, Peru və Çindir.
Tədqiqat göstərir ki, 15 milyona yaxın insanın yaşadığı ərazilər su altında qalma təhlükəsi ilə üzləşə bilər.
Ən böyük təhlükə isə Pakistan və Çini gözləyir. Xüsusilə Pakistanda çatlaya biləcək buzlaq gölünün yaxınlığında 2 milyondan çox insan yaşayır, Çində isə bu rəqəm bir milyondur. Bu təhlükə reytinqində Peru üçüncü, Hindistan isə dördüncü yerdədir.
Tədqiqatçılar qeyd ediblər ki, buzlaq gölünün dəqiq olaraq nə vaxt daşacağını proqnozlaşdırmaq olduqca çətindir, alimlər hələ yalnız təhlükə barədə xəbərdarlıq edə bilərlər.
Onların fikrincə, buzlaq göllərinin çatlaması irimiqyaslı daşqınlara səbəb ola bilər. Dağıntı baş verən ərazi isə 100 kilometrdən çox məsafəni əhatə edə bilər.
Mənbə: TSN.ua
Xəbəri paylaş