Xocavənddə Qaradağlı faciəsinin 34-cü ildönümü qeyd olunub Fotolar

17 fevral 2026-cı il tarixində Yeni Qaradağlı qəsəbəsində Qaradağlı faciəsinin 34-cü ildönümü münasibətilə anım mərasimi keçirilib.
Mubarizciler.az xəbər verir ki, tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, YAP Xocavənd Rayon Təşkilatının sədri Vüsal Hüseynov, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak ediblər. Əvvəlcə faciə qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Qeyd edək ki, 1992-ci ilin fevral ayında baş vermiş Qaradağlı faciəsi nəticəsində Qaradağlı kəndi erməni silahlı quldur birləşmələri tərəfindən işğal olunmuş, kənddə olan 118 nəfər əsir götürülmüşdür. Əsir götürülənlərdən əksəriyyəti gənclər olmaqla 33 nəfəri kəndin yaxınlığında vəhşicəsinə güllələnmiş, öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqla örtmüşlər. Əsir götürülənlərdən 68 nəfəri öldürülmüş, 50 nəfəri böyük çətinliklərlə azad edilmişdir. Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülmüş, 43 ailə öz başçısını itirmiş, 1 ailədən hər iki valideyn qətlə yetirilmiş. Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilmişdir. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olmuşdur. 146 uşaq yetim qalması ilə nəticələnən Qaradağlı faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir. Bu faciə Azərbaycan tarixinin ən ağır və qanlı səhifələrindən biri kimi yadda qalıb. Hər il olduğu kimi, bu il də Qaradağlı faciəsi qurbanlarının xatirəsi ehtiramla anılıb. Qaradağlı faciəsinin ildönümü ilə əlaqədar keçirilən tədbirlər xalqımızın milli yaddaşının qorunması, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.




Xəbəri paylaş







































0772703001 