Xəbər lenti
27-01-2026, 12:43
 

İbad Hüseynli: Qəhrəmanlıq və göz yaşları bir araya sığmaz

Tarix: 20-01-2026 21:36     Baxış: 469

1990-cı il 20 yanvar tarixində baş vermiş qanlı hadisələr xalqımızın tarixində faciə kimi xatırlanır.Lakin zaman keçdikcə, biz həmin hadisələri həm də qəhrəmanlıq, milli fəxr günü kimi də yada salırıq. Doğrudan da əliyalın, şüurlu şəkildə səni gözləyən labüd ölümə qarşı  getmək hər bir fərdin, xalqın aktivinə yazılacaq hadisə kimi tarixdə çox nadir hallarda rast gəlinən əsl qəhrəmanlıq nümunəsidir. İnsanlara motivasiya verən isə azadlıq istəyi, müstəqillik ideyaları idi. Azadlıq istəməyən və bu yolda qurban verməyə hazır olmayan  xalq qul psixologiyasına yüklənmiş olur, bu isə həmin xalqın tədrici məhvinə gətirib çıxarır. Tarixin bəlkə də ən qəddar imperiyası olan SSRİ adlı dövlətin ordusuna meydan oxumaq qədər cəsarətə malik olmaq hər bir xalqa nəsib olmur.

   Lakin günahsız insanların tökülən qanı yerdə qalmadı.Bu qanlı hadisə gələcək proseslərdə Azərbaycan xalqının mübariz millət kimi formalaşmasında müstəsna rol oynadı.Şahidi olduğumuz yeni dünya düzəninin formalaşmasında hər bir dövlət özünə layiqli yer tutmağa çalışır. Söz sahibi olacaq dövlətin potensialı onun xalqı ilə, daha dəqiq desək, həmin xalqın nələrə qadir olması ilə ölçülür. 20 yanvar hadisələri ilə dünyaya səs salan Azərbaycan xalqı özünü mübariz, prinsipial, haqlı mövqelərindən geri çəkilməyən toplum kimi özünü tanıdıb.

  20 yanvar faciəsi baş verən zaman mən Sovet Ordusunun tərkibində Uzaq Şərqdə xidmət edirdim. İnformasiya qıtlığı zamanı olsa da bu hadisələrdən xəbərdar olduq. Hərbi hissədə xidmət edən azərbaycanlı əsgərləri ətrafıma toplayaraq, aclıq aksiyası keçirməklə və kütləvi itəatsizliklə bu qanlı hadisələrə öz kəskin etirazımızı bildirdik. Bu, o zamanlar üçün Sovet Ordusunda misli-bərabəri olmayan və o dövrədək rast gəlinməyən etiraz aksiyası idi. Ordu rəhbərliyi bütün bu itəatsizliyin digər hərbi hissərə sıçramasının qarşısını almaq üçün əlindən gələni etdi.Heç bir təbliğat, hədə-qorxu, hərəkatı yatırmaq üçün sovet xüsusi təyinatlı qüvvələrinin bizə qarşı törətdikləri zorakılıq azərbaycanlı əsgərləri yolundan döndərə bilmədi. Rəhbərlik çıxış yolunu bizi zorla digər hərbi hissələrə bölmək və vaxtından əvvəl ordudan tərxis etməkdə gördü. Beləliklə, təşəbbüskarı və təşkilatçısı olduğum, lakin kortəbii cərəyan edən bu hadisə keçmiş sovet imperiyasında analoqsuz hadisə kim tarixə düşdü. 

  Hər bir azərbaycan insanı mənfur Sovet Ordusunun xalqımıza qarşı törətdiyi vəhşiliyə öz imkanı daxilində müqavimət göstərdi.

  20 yanvar hadisələri xalqımızın monolit birliyinin, düşmənlə barışmazlıq və mental hisslərinin formalaşmasında və deməli Azərbaycanın gələcək uğurlarının qazanılmasında əhəmiyyətli rol oynamış oldu. Döyüşçü məntiqimlə bunu deməyi özümə borc bilirəm ki, həmin günləri bir daha yada salarkən, xalqımızı “başı müsibətlər çəkmiş, zavallı, əzabkeş xalq” kimi deyil, tankın üstünə əliyalın gedən, ölümdən qorxmayan, qəhrəman xalq kimi, həmin günü isə milli qürur günü kimi yad edək. Qəhrəmanlıq və göz yaşları bir araya sığmaz. 


Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynli



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar