Xəbər lenti

Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi və təhsil sahəsində strateji yüksəliş

Tarix: 13-07-2025 18:03     Baxış: 777

1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyevin birinci katib seçilməsi ölkəmizin bütün sahələrində, xüsusilə təhsil sistemində dönüş nöqtəsi oldu. Həmin dövrdə Azərbaycan SSR Sovet İttifaqında sosial-iqtisadi və elmi-mədəni inkişaf baxımından geri qalan respublikalardan biri idi. Təhsil infrastrukturunda mövcud olan çatışmazlıqlar, qeyri-effektiv kadr siyasəti və zəif elmi potensial vəziyyəti daha da mürəkkəbləşdirirdi. Heydər Əliyev bütün bu problemləri dərindən təhlil edərək, təhsili dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirdi.

Heydər Əliyevin rəhbərliyi dövründə (1969–1982) respublikada təhsil sisteminin maddi-texniki bazası əsaslı şəkildə yeniləndi və genişləndirildi. 1969–1982-ci illər ərzində 1836 yeni məktəb binası inşa olundu. Kənd yerlərində yerləşən məktəblərin əhəmiyyətli hissəsi əsaslı şəkildə təmir edildi, müasir avadanlıqlarla təmin olundu. Məktəblərin laboratoriyaları, fizika, kimya və biologiya kabinələri müasir tədris cihazları ilə təchiz edildi. Bakı, Gəncə, Naxçıvan, Şəki və Sumqayıt kimi şəhərlərdə kompleks təhsil müəssisələri yaradıldı. Heydər Əliyevin təşəbbüsü ilə ali və orta ixtisas təhsili sahəsində də ciddi irəliləyişlər əldə olundu. Respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə çatdırıldı. 1969-cu ildə ali məktəblərdə təhsil alan tələbələrin sayı 55 min nəfər idisə, 1982-ci ildə bu rəqəm 98 min nəfərə çatdı. Texnikum və orta ixtisas məktəblərində təhsil alanların sayı 200 min nəfəri keçdi. 1970–1980-ci illər ərzində 10 mindən çox azərbaycanlı gənc SSRİ-nin aparıcı ali məktəblərinə göndərilərək yüksək səviyyəli ixtisas təhsili aldı. Ulu Öndər təhsilin inkişafını təmin edən əsas faktorlardan biri kimi güclü pedaqoji kadr hazırlığını önə çəkdi. Pedaqoji institutlarda müəllim hazırlığı sahəsində yeni ixtisaslar açıldı. Müəllimlərin ixtisasartırma və təkmilləşdirmə kursları sistemli şəkildə təşkil olundu. Təhsil müəssisələrində gənc müəllimlərin yerləşdirilməsi və fəaliyyətə cəlb olunması mexanizmləri təkmilləşdirildi. 1970-ci illərdə Azərbaycan SSR-də orta məktəblərin əhatə dairəsi daha da genişləndirildi. Məktəbdənkənar tərbiyə müəssisələrinin – pioner evləri, yaradıcılıq mərkəzləri, texniki dərnəklərin sayı artırıldı. 1978-ci ildə qəbul olunan Azərbaycan SSR Konstitusiyasında “təhsil almaq hər bir vətəndaşın hüququdur” müddəası təsbit olundu ki, bu da təhsilin hüquqi əsaslarını möhkəmləndirdi. Milli dəyərlərin və ana dilinin qorunması Heydər Əliyev üçün prioritet məsələ idi. Onun təşəbbüsü ilə Azərbaycan dilində tədris aparılan məktəblərin payı 60%-dən 78%-ə yüksəldildi. Ana dili və ədəbiyyat üzrə dərsliklər yenidən işlənərək müasir dövrün tələblərinə uyğunlaşdırıldı və məktəblərə paylanıldı. Azərbaycan dilinin qorunması məqsədilə AMEA və ali məktəblərin müvafiq strukturları ilə birgə terminoloji və lüğət bazası formalaşdırıldı. Ali məktəblərdə elmi-tədqiqat laboratoriyaları yaradıldı, tələbələrin istehsalat və elmi-praktiki təcrübələri sistemli şəkildə təşkil olundu. Ali məktəblərlə AMEA institutları arasında qarşılıqlı elmi əməkdaşlıq genişləndirildi. Beləliklə, təhsil ilə elm arasında mühüm bir körpü yaradıldı və bu, ölkənin gələcək elmi potensialının formalaşmasına təkan verdi. Heydər Əliyevin əsasını qoyduğu təhsil strategiyası bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə minlərlə məktəb binası tikilmiş və yenidən qurulmuş, təhsilin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılmış, müəllim hazırlığı və qiymətləndirmə sistemləri beynəlxalq standartlara uyğunlaşdırılmışdır. “Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən islahatlar nəticəsində Azərbaycan təhsili keyfiyyət, əhatəlilik və texnoloji innovasiya baxımından regionun qabaqcıl sistemlərindən birinə çevrilmişdir. Bu ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi intellektual, elmi və milli-mənəvi dəyərlərlə zəngin bir gələcəyə doğru irəliləməkdədir. Bu gün isə dövlət başçısının rəhbərliyi ilə işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Bu prosesin əsas istiqamətlərindən biri də təhsil infrastrukturunun bərpası və inkişafıdır. Artıq bölgədə onlarla yeni məktəb binası və uşaq bağçası inşa olunmuş, universitet və peşə təhsili mərkəzlərinin yaradılması istiqamətində mühüm addımlar atılmışdır. Bu siyasət həm Qarabağda həyatın dirçəldilməsi, həm də milli təhsilin əhatə dairəsinin genişləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.


Fuad Zamanov

Gəncə Dövlət Universitetinin doktorantı

Yeni Azərbaycan Partiyasının fəalı

Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin direktoru




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar