QMİ Məhərrəm ayı ilə bağlı - Müraciət etdi
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb.
Mubarizciler.az xəbər verir ki, müraciətdə deyilir:
“Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələri müsəlman qardaş və bacılarımızın nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə Hicri-qəməri təqvimi ilə 1445-cü il başa çatır, yeni 1446-cı ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2024-cü il iyul ayının 7-nə, Aşura günü isə iyul ayının 16-na təsadüf edir.
Əsrlər boyu Azərbaycan xalqının yaddaşında iz qoyan Məhərrəm ayının Aşura günü – Peyğəmbərimiz Məhəmməd (s.a.s.) əziz nəvəsi İmam Hüseyn əleyhissalamın ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə qarşı mübarizədə şəhadətə yetişməsi tarixdə fədakarlıq salnaməsi kimi dəyərləndirilir. Kərbəla şəhidləri İslamın “yaxşılığa dəvət və pislikdən çəkindirmə” məfkurəsini bütün ümmət üçün örnək nümunəyə çevirmiş, din, Vətən, torpaq, ailə şərəfi və müqəddəs amallar uğrunda şəhadətin mükəmməl əxlaq nümunəsini yaratmışlar. Hamımız yaxşı xatırlayırıq ki, Ulu Öndər Heydər Əliyev Təzəpir məscidində Aşura mərasimindəki tarixi çıxışında demişdi: “Biz bundan sonra da haqq-ədalət, torpaq, Vətən yolunda şəhid olmuş Həzrəti imam Hüseynin və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq”.
Şükürlər olsun ki, Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, ordumuzun hünəri ilə Azərbaycanın dövlət bayrağı azad Qarabağda, Şuşada, Xankəndidə dalğalanır, məscidlərin minarələrindən Azan səsləri ucalır, müqəddəs məbədlərimiz əsarətdən qurtulmuşdur. Bu ilki Məhərrəm ayında Zəfər abı-havasının davam etməsi, separatçı rejimin süqutu, müqəddəs bayrağımızın Xankəndidə, Əsgəranda, Xocalıda və digər azad olunmuş torpaqlarda dalğalanması, Qarabağ məscidlərinin bərpası, Ağdam, Zəngilan məscidlərinin yenidən nəfis inşası, minarələrimizdən ucalan azan sədaları biz, Azərbaycan müsəlmanlarının qəlbini fəxarətlə doldurur. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, ata-baba torpaqlarına qayıdanlar ibadətlərini doğma məkanlarda yerinə yetirirlər. Müdrik dövlətçilik təfəkkürü ilə Azərbaycanın ərazi bütövlüyünü və əzəli torpaqları üzərində suveren hüququnu tam təsbit etmiş, Azərbaycan Ordusunun gücünə, Azərbaycan xalqının sarsılmaz həmrəylik və iradəsinə, dövlət-xalq birliyinə güvənən müzəffər sərkərdə, Azərbaycan tarixində Qarabağ Fatehi və Böyük Qayıdışın Müəllifi adını qazanmış dövlət başçımız cənab İlham Əliyev, bu çətin yolda yaxın yardımçısı olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva üçün Azərbaycan xalqı dualar edir, Uca Allahdan onların səylərinə rəvac diləyir.
Allah Vətən uğrunda, Böyük Zəfər yolunda, xalqın azadlığı və səadəti naminə canlarından keçmiş, uca şəhidlik məqamına yüksəlmiş övladlarımıza rəhmət eləsin, qəhrəman qazilərimizə şəfa bəxş etsin! Şəhidliyin zirvəsi sayılan İmam Hüseyn şəhadətinin anıldığı Məhərrəmlik təziyələrində müqəddəs Vətən torpağı uğrunda canından keçmiş Vətən şəhidlərini də yad edib dua etmək iman borcumuzdur. Mübarək hədisi-şərifdə buyurulduğu kimi, “Vətəni sevmək imandandır”.
Azad olunmuş torpaqlarımızda gedən dinc quruculuq, yenidənqurma işləri, dini-mənəvi abidələrə yeni həyat bəxş olunması, vandalizmə məruz qalmış ziyarətgahlara, qəbirstanlıqlarımıza sahib çıxılması, soydaşlarımızın dədə-baba torpaqlarına qayıdışı istiqamətində dövlət başçımız tərəfindən həyata keçirilən misilsiz, fədakar, davamlı səylərə dəstək din xadimlərimizin məscidlərdəki moizələrində öz əksini ətraflı, geniş şəkildə tapacaq, Azərbaycan naminə bu böyük quruculuq işlərinin uğuru və vüsəti üçün dualar ediləcəkdir, inşaAllah.
Son illər Məhərrəmlik dönəmində dindarları İslama yad əməllərdən və xurafatdan çəkindirən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadarlıq nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir. Ümidvarıq ki, inşaAllah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rizası üçün Kərbəla, habelə Vətən şəhidlərimizin xatirinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara şəfa bəxş edəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində yerləşdiriləcək.
Qazılar Şurası olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, AR “Dini etiqad azadlığı haqqında” Dövlət Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər.
Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir. Özəlliklə, son zamanlar koronavirusun yenilənmə təhlükəsini nəzərə alaraq məhərrəmlik ayının ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Bölgələrdəki din xadimlərinin qeyd olunan tövsiyələri dindarlara çatdırmaları vacibdir. Qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.
Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Allah dərgahında imanın, mənəviyyatın ən yüksək məqamına yüksələn şəhidlərə, o cümlədən, Kərbəla və Vətən şəhidlərimizə rəhmət, qazilərimizə şəfaət, xalqımıza səadət və tərəqqi diləyirik”.
Xəbəri paylaş