Əli İbrahimov: Tələbəlik illərimdə bir müəllimim həmişə deyirdi
Tələbəlik illərimdə bir müəllimim həmişə deyirdi ki, qulağınızda sırğa olsun: “Siz mənim gözümdə hələ hüquqşünas deyilsiniz, universiteti bitirib işləyəndə də mən sizi hüquqşünas hesab edə bilmərəm, siz o zaman hüquqşünas olacaqsınız ki, öz biliyiniz, öz qabiliyyətiniz sizə ətrafınızda, xüsusən də öz kolleqalarınız arasında hüquqşünas adını qazandırsın”.. Hər hansı xarici dili, musiqi notlarını, rəsm çəkməyi, heykəltəraşlığı və digər sahələri öyrəndikdə müəyyən çətinliklərlə rastlaşırıq, ancaq həmişə öyrənməyin yolunun onu sevmək olduğunu deyirik. Hüquqşünaslıq da belədir, hüquq qanun dilidir. Yorulmamaq, sıxılmamaq üçün onu sevməlisən və xoşbəxtlikdən bu sevgi də zamanla, tədricən formalaşa bilir. Əksər hallarda belə sual yaranır ki, hüquqşünaslar o qədər qalın məcəllələri necə öyrənib yadında saxlaya bilir? Hüquq əzbərçilik tələb etmir, qanunvericilik normalarını elə mənimsəyirsən ki, onlar sənin dilinə hopur. Bu səbəbdən bəzən hüquqşünaslar öz aralarında məişət üslubunda danışarkən belə hüquq terminlərini işlətməkdən zövq alırlar. Qanunvericilik isə mütəmadi şəkildə dəyişir, yenilənir. Bir maddənin bir cümləsində bəzən bir sözün yerdəyişməsi belə mənanı tamamilə dəyişə bilir. Bu səbəbdən hər zaman yeniliklərdən xəbərdar olmalı, qanunvericiliklə münasibətini isti saxlamalısan. Uğurlu hüquqşünas olmaq üçün ilk növbədə Azərbaycan dilini yaxşı bilməlisən, özün oxuduqlarını yaxşı anlamalısan ki, fikirlərini həm yazılı, həm şifahi şəkildə düzgün ifadə edə biləsən. Bəlağətli, aydın nitqə malik olmaq isə üstünlükdür və nitqinizi qiraət etməklə inkişaf etdirə bilərsiniz. Məntiqi təfəkkür, analiz, sintez qabiliyyəti, müqayisə etmə, əlaqələndirmə və digər bacarıqlar da lazımdır, lakin bütün bunlar zamanla insanda formalaşa bilir. Vacib nüans odur ki, müntəzəmlilik, məsuliyyət, özünə inam, öz üzərində işləmək istəyi hər zaman mövcud olsun. Digər ixtisaslarda olduğu kimi hüquqşünas da “hərşeyşünas” ola bilməz, lakin buna hər zaman cəhd etməlidir. Ona görə ki, bütün hüquq sahələri bir-biri ilə əlaqəlidir və bir sahəni yaxşı mənimsəyib o sahə üzrə mütəxəssis kimi formalaşmış olsan da, digər sahələrdə yaranmış boşluğu zaman-zaman hiss edirsən. Bu boşluq hüquqşünasın təfəkküründə də, nitqində də, yazısında da özünü asanlıqla büruzə verir. Öyrəndiklərini mütəmadi şəkildə təkrar etmək də əhəmiyyətlidir, çünki hər hansı normanı nəzəri cəhətdən mənimsədikdə, lakin tətbiq etmədikdə çox asanlıqla unudula bilir.
Daim öyrənin, biliklərinizi artırın, özünüzü inkişaf etdirin, bəzən riskli qərarlar qəbul etməkdən çəkinməyin və özünüzü kimləsə müqayisə etməyin, ən yaxın rəqibiniz məhz özünüz olun, uğurun sirri məhz bundadır.
Xəbəri paylaş