Elnur Xəlilov: Azərbaycanımızın təbliği işləri diqqətə layiqdir
“Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır” Heydər Əliyev.
12 dekabr 2003-cü il təkcə azərbaycan xalqı deyil, bütün türk dünyası üçün kədərli gündür. Çünki, həmin gün Azərbaycan tarixində “Ümummilli lider” və ”Ulu Öndər” titulunu qazanmış dahi siyasətçi Heydər Əliyevin əbədiyyətə qovuşduğu gündür.
Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, ümummilli lider Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmış, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik irsi nümunəsi göstərmişdir. Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb.
1990- ci ilin iyulunda ölkəmizə qayıdan ulu öndər o vaxtkı hakimiyyətin təhdidləri nəticəsində təəssüf ki, Bakıdan Naxçıvana getməyə məcbur oldu. Azərbaycanın siyasi tarixində parlaq iz qoymuş bu böyük şəxsiyyətin orada yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə Muxtar Respublikanın rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində başlıca məqsədə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Burada xüsusi vurğulamaq lazımdır ki, ulu öndər Naxçıvanda çalışarkən yalnız Muxtar Respublikanın deyil, ölkəmizin taleyi üçün bir sıra mühüm qərarların verilməsinə nail olmuş, o cümlədən, 20 yanvar faciəsinə hüquqi-siyasi qiymət verilmiş, üçrəngli bayrağımız dövlət bayrağı kimi qəbul edilmiş, dövlətlərarası münasibətlərin qurulması üçün mühüm addımlar atılmışdır.
Müstəqiliyin ilk illərində milli dövlətçilik mənafelərinə xidmət edən iqtidarın yoxluğu daxili qarşıdurmaların geniş vüsət almasına gətirib çıxarmışdı. Belə bir zamanda ölkənin taleyinə biganə olmayan ziyalılar, sadə insanlar Naxçıvana üz tutaraq Heydər Əliyevlə görüşlər keçirir, xalqı üzləşdiyi fəlakətlərdən, çətinliklərdən çıxarması üçün ondan kömək istəyirdilər. Ağır vəziyyətə dözməyən insanlar qondarma yaş senzinin ləğvi üçün respublikanın müxtəlif bölgələrində mitinqlər təşkil edir, dahi dövlət xadiminin yenidən böyük siyasətə qayıdışını tələb edirdilər. Nəhayət, respublikanın mütərəqi fikirli ziyalıları 1992-ci ilin iyun ayında yeni siyasi mübarizə yolu seçərək ümummilli liderimizin rəhbərliyi ilə yeni partiya yaratmaq qərarına gəldilər. Həmin ziyalılar oktyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılması xahişi ilə ulu öndər Heydər Əliyevə müraciət etdilər. Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz ulu öndər Heydər Əliyevdir. Azərbaycan xalqının istəyinə heç zaman biganə qalmayan, özünün qurub-yaratdığı respublikanın dağılmasına dözməyən Heydər Əliyev vətənin dar günündə xalqın səsinə səs verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə partiyanın təsis qurultayı keçirildi, ulu öndər yekdilliklə təşkilata sədr seçildi. Müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən bu partiyanın qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz ulu öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. 1993-cü ilin məlum iyun böhranı zamanı ölkənin taleyinə biganə olmayan insanlar yaxşı başa düşürdülər ki, Azərbaycanı sürətlə fəlakətə sürükləyən məkrli planların qarşısını almağa, düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Nəhayət, Azərbaycan xalqı öz tarixi müdrikliyini sübut edərək böyük oğlu Heydər Əliyevi 1993-cu il iyunun 15-də hakimiyyətə gətirdi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı. Ulu öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. 1994-cü ildə Ermənistan ilə Azərbaycan arasında atəşkəsin elan olunmasına, “Əsrin müqaviləsi”nin imzalanmasına, 1995-ci ildə Konstitusiyanın qəbul edilməsinə, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun bərpa edilməsinə və digər mühüm əhəmiyyətli işlərin həyata keçirilməsinə nail olundu. Dahi liderin düşünülmüş və müdrik siyasəti nəticəsində qısa zamanda Azərbaycan iqtisadiyyatı inkişaf etdi.
Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar qısa bir zamanda uğurlu nəticələr verərək iqtisadi inkişafa gətirib çıxardı və xalqın rifah halının yaxşılaşmasına şərait yaratdı.
Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 12 dekabr günündə deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək onun məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz. Elə bu sevginin nümunəsi kimi Bərdə rayon Heydər Əliyev Mərkəzi olaraq Ulu Öndərin həyatı, ictimai-siyasi fəaliyyəti ilə bağlı günlərdə silsilə tədbirlər, ekskursiyalar təşkil olunur, Heydər Əliyev irsinin təbligatı,gənc nəslə çatdırılması və möhkəmləndirilməsi məqsədilə, dekabr ayının 1-dən 12- dək Bərdə rayonunun şəhər və kənd məktəblərində mühazirələr təşkil edililmişdir. Ulu Öndərin Bərdə rayonu ilə bağlı xatirələri daş üzərində yazı kimi, ən ülvi xatirə kimi yaddaşlara həkk olunmuşdur.
Ulu Öndər Heydər Əliyev 14 dəfə Bərdə rayonuna səfər etmişdir. Görüşlərinin birində Heydər Əliyev deyirdi: ”Qarabağın bütün guşələri, o cümlədən, Bərdə mənim üçün daha doğma, daha əzizdir. ”Bu səfərlər zamanı Ulu Öndər pambıq tarlalarında, üzüm bağlarında, fermalarda elə iş başındaca sadə əmək adamları, təsərrüfat fəalları ilə görüşərək, işin gedişi ilə, əmək nailiyyətləri, habelə zəhmətkeşlərin yaşayış şəraiti, ehtiyacları ilə maraqlanardı. Günün sonunda Rayon partiya və təsərrüfat fəalları yığıncağında alınan təəssüratları təhlil edərək, Ulu Öndər dərin məzmunlu nitqləri ilə görüşə yekun vurardı. Əməkdə fərqlənənlər mükafat olaraq maşınla, evlə təmin edilirdi. Ulu Öndərlə birlikdə rayonumuza səfərlər zamanı şairlər, yazıçılar, bəstəkarlar, rəssamlar da gəlirdilər. Onlar əməkçilərlə görüşər, onların şəninə şeirlər, poemalar, yazar, mahnılar bəstələyər, rəsm əsərləri yaradardılar. Həmin səfərlər zamanı Ulu Öndər Heydər Əliyevlə görüşən əmək və elm adamları həmin günü ömürlərinin ən xoş,ən gözəl günü kimi xatırlayırlar...
2003-cü il oktyabrın 1-də dahi rəhbərimiz Azərbaycan xalqına müraciətində möhtərəm Prezidentimiz İlham Əliyevi nəzərdə tutub demişdi: "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək". Həmin il ölkəmizdə keçirilən Prezident seçkilərində xalqımız birmənalı olaraq Ümummilli Liderimizin həyat və siyasət məktəbinin yetirməsinə səs verdi. Həmin vaxtdan ötən 18 ildə xalqın, millətin gələcəyi üçün böyük miqyasda işlər görülüb, Azərbaycanda müstəqilliyin dayaqları möhkəmləndirilib və uzunmüddətli siyasi sabitlik, davamlı iqtisadi inkişaf təmin edilib. Dövlətin iqtisadi uğurları ordu qurucluğunun da inkişaf etdirilməsinə zəmin yaradıb. Azərbaycan Prezidentinin siyasi kursunun ən başlıca istiqamətlərindən biri məhz ordunun hərbi qüdrətinin artırılmasıdır. Məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bizim ordu regionun ən qüdrətli ordusudur.
2020 –ci il sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı öz liderinin - müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu real faktordur ki, bütün müharibələrdə əsas sözü xalq və onun ordusu dediyi kimi uğurlu zəfərlərdə sərkərdənin də çox böyük rolu olur. Bu gün Azərbaycan xalqı hansı səviyyədə uğurlu sərkərdəyə - Ali Baş Komandana sahib olduğunu aşkar gördü. Prezident İlham Əliyev yalnız hərb meydanında müzəffər sərkərdə deyil, diplomatik cəbhədə böyük strateq nümunəsi ortaya qoydu, informasiya müharibəsində Azərbaycanın haqq səsi oldu, cəsarətlə bütün təzyiqlərə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik rəmzinə çevrildi. Prezident İlham Əliyev 17 ildə həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi. Ərazi bütövlüyümüz birmənalı olaraq təsdiq edildi.
Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! Bəşəriyyətə haqqın, ədalətin böyük dövlətlərin tapdağından qurtara biləcək bir dövlətin - Azərbaycanın var olduğunu sübut etdik. Bu ədaləti 44 gün ərzində yazan Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları, bütün Türkiyə xalqı bir yumruq kimi birləşərək təkcə Ermənistanın yox, bütövlükdə haqsız güclərin üstünə getdi və sübut etdi ki, haqq yolunda, ədalətin, ərazi bütövlüyümüzün bərpası uğurunda vuruşuruq. 10 noyabrda Müzəffər Azərbaycan Ordusu cəmi 44 günə hərbi yolla 28 il düşmən torpağında inləyən vətən torpaqlarını işğaldan azad etdi. 44 gündə müzəffər Azərbaycan Ordusu dünyaya sübut etdi ki, döyüş meydanında zəfəri tanklarla, toplarla deyil, ağılla, zəkayla və bir də insan zehninin ən son nailiyyəti olan PUA-larla qazanmaq olar. Şuşa qalasının alınması əməliyyatı isə tamam başqadır. Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutatacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cıgirlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir". Bəli, Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Qüdrətli Ali baş Komandan İlham Əliyev ”Xoşbəxtəm ki ata vəsiyyətini yerinə yetirdim”-deyə kövrək hisslərini və duyğularını azərbaycan xalqı ilə bölüşdü.
Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyev ideyaları möhtərəm prezidentimiz İlham Əliyev və I vitseprezident Mehriban xanım Əliyeva tərəfindən layiqincə davam etdirilir. Humanitar sahədə Mehriban xanım Əliyevanın xidmətləri, dünya miqyasında həyata keçirilən layihələr və Azərbaycanımızın təbliği işləri diqqətə layiqdir.
Elnur Rizvan oğlu Xəlilov
Vətən müharibəsi qazisi,ikinci qrup əlil.
Xəbəri paylaş