Xəbər lenti
18-11-2024, 12:06
 

Bir qazinin iki cəbhə hekayəsi - Əməkdar jurnalist YAZIR 0

Tarix: 04-10-2023 14:23     Baxış: 2 730

Doğma Qarabağımdan uzaqlarda olsam da, mənə öz elim, obam kimi əziz  Ankarada yaşadığıam anlarda bir an belə müzəffər Ali Baş Komandanımızın, vətənpərvər igidlərimizin vətən sevgisi sayəsində  işğaldan azad olan o cənnət vətənim gözlərimin önündən çəkilmir. Qardaş Türkiyənin başkəndini dolaşarkən şəhid və qazilərimizin nur dolu siması hər an gözlərimin önündə canlanır, onların ulularımızın əmanəti olan torpaqlarımıza bağlılığına heyrət edirəm. Böyük Atatürkü ziyarət edərkən, bu dahi şəxsiyyətin “Suverenlik verilməz, alınar!” kəlamını yada salaraq torpaqlarımızı düşməndən geri alan şəhid və qazilərimizin vətən sevgilərinin qarşısında baş əyirəm. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olan, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri,  Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmiş Məhəmməd Əmin Rəsulzadənin məzarı  önündə onun  "Bir kərə yüksələn bayraq, bir daha enməz!" ifadəsini bir daha xatırlayaraq, üçrəngli bayrağımızı Qarabağda ucaldan şəhid və qazilərimizin vətən qarşısında xidmətlərindən qürur hissi keçirirəm. Camelərdə Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq diləyirəm.

Mənfur qonşularımızın xalqımızın başına gətirdikləri müsibətlərə dözə bilməyib, əlinə silah götürərək, Ana Vətənin qeyrətini çəkən, məkrli düşmənlə ölüm-dirim savaşına atılan, 1 və 2-ci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizdə canını əsirgəməyən qazilərimizdən biri də boyuna sözün həqiqi mənasında kişilik biçilmiş Əbülfəz Qənimət oğlu Qurbanovdur.

Əbülfəz Qurbanov 1965-cı ildə Füzuli rayonunun dilbər guşələrindən biri olan Govşad kəndində dünyaya göz açıb. Yaxın ətrafında həm də Amil kimi tanınan Əbülfəz orta təhsilini bitirdikdən sonra Rusiyanın İjevsk şəhərində hərbi xidmətdə olub. Hərbi xidmət dövründə bir sıra  təlimlərdə hərb elminin incəliklərinə yiyələnən Əbülfəzi  komandirləri gələcəyin peşəkar hərbçisi kimi görüblər. Həmyaşıdlarından fərqlənən  Əbülfəz doğma kəndinə “starşina” rütbəsində qayıdıb.

Əbülfəz Şuşada Kənd Təssərrüfatı texnikumunu bitirməsinə baxmayaraq   taleyini idmana bağlayıb. 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları etməsi və etnik zəmində təxribatlar, terror əməlləri törətməsi, 1988-1989-cu illərdə Ermənistanın müxtəlif şəhər və rayonlarında yaşayan azərbaycanlıların ata-baba yurdlarından qəddarlıqla deportasiya olunması, 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə Ermənistanın azərbaycanlı əhaliyə qarşı Xocalıda soyqırımı törətməsi və nəhayət,  Azərbaycana qarşı geniş hərbi təcavüzün genişlənməsi bir vətən övladı kimi Əbülfəz Qurbanovu da narahat edib.

Əbülfəz Qurbanovun vətən uğrunda mübarizəsi Şuşadan başlayıb. 1988-ci il fevralın 13-də Dağlıq Qarabağda yaşayan ermənilər əsassız torpaq iddiaları ilə ilk dəfə  Xankəndi şəhərində nümayişə çıxdıqdan sonra yüzlərlə azərbaycankl kimi Əbülfəz Qurbanov da Şuşa şəhərində mitinqlərdə etiraz səsini ucaldıb. Sonra isə mənfur düşmənə qarşı mübarizəsini davam etdirərək silaha sarılıb.

Vətən sevdalı Əbülfəz erməni millətçiliyi ilə mübarizəyə atılarkən elə ilk anlardan antiazərbaycanlı qüvvələrin təqiblərinə məruz qalıb. Tuğ kəndində tutularaq millətçi ermənilərin at oynatdığı hüquq-mqhafizə orqanlarında aylarla saxta itthamlarla sorğu-suala çəkilib, şərlənib, dözülməz işgəncələrə sinə gərib. Atası Qənimət kişi aylarla oğluna qarşı törədilən haqsızlıqlara  dözməli olub. Xankəndidə, Hadrutda əli silahlı ermənilərin caynağına düşmüş oğlunun harayına tək gedib. Atasının o dar məqamlarda tək qalması Əbülfəzin qəlbini ağrıdıb. Yaralı qəlbindən keçən “hanı dar günümüzmün dostları?” sualina cavab tapa bilməyib. Nəhayət, Əbülfəz  bibisi oğlu -  Qarabağımızın qeyrətli, vətənpərvər  övladı, o, ağır günlərdə Qarabağda xidmət edən DTX əməkdaşı Tahir Hümbətovun və Əsgəran royon prokurorunun köməkçisi Siyasət Əliyevin millətçi qüvvələr qarşısında prinsipial mövqeyi və əzmkarlığı sayəsində erməni quldurlarının caynağından xilas ola bilib.

Qeyrətli DTX əməkdaşı Tahir Hümbətovun “Kişisizsə vuruşun, düşmənin qarşısından çəkilməyin!” sözlərini qulağında sırğa edərək, çəkdiyi məhrumiyyətlərə, “Bu yoldan çəkil” çağırışlarına baxmayaraq, Əbülfəz döqma yurdu Füzulinin erməni işğalına  məruz qalmaması üçün yenidən silaha sarılıb. Qacardan Domu kəndinə qədər ərazilərimizin müdafisinə qalxıb.

Əbülfəz Qurbanov 1-ci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçib. O, rota komandiri olaraq pərakəndə və nizamsız şəkildə vuruşan döyüşçüləri hərbi intizama uyğun şəkildə düşmənlə mübarizəyə səfərbər edə bilib.

Əbülfəz Qurbanov döğma kəndi Govşadın, ətrafdakı yaşayış məntəqələrinin ermənilərin hücumundan qorunması üçün  düşmənlə üz-üzə dayanaraq daim ön xəttdə olub. Mülki əhalinin qorunması, əsirlərin dəyişdirilməsi, yaralıların müalicə ocaqlarına çatdırılması, şəhidlərin dəfn edilməsi istiqamətində fədakarlıqlar nümayiş etdirib. Döyüşlərə daim ilk atılaraq şücaəti, qorxmazlığı ilə əsgərlərə nümunə olub, onları döyüşə ruhlandırıb. Ölümün gözünə dik baxmağı ilə Əbülfəz Qurbanovun vətənə sevgisi ətrafındakı insanlara örnək olub, əsgərinə ulularımızın yadigarı olan torpağı sevməyi öyrədib. Qəlbi imanlı, sadə və xeyirxah insan olan, həyatı boyu yalnız Böyük Yaradanın bəyəndiyi əməllərlə yaşayan Əbülfəz çətin məqamlarda əsgərini qorumaqla, onun qayğısına qalmaqla könüllərdə taxt qurmağı bacarıb.

Rusiyada Daxili Qoşunlardakı əsgərlik illərindən hərbi vərdişlərə malik Əbülfəz Qurbanov 1-ci Qarabağ müharibəsində bir çox qəhrəmanlıqlara imza atıb. Cəsur döyüşcü ermənilərin qanlı cinayətlərinə sipər çəkmək üçün Tuğdan Hadruta gələn yolu partladıb. O, bu çətin vəzifəni yerinə yetirmək üçün “kəfənini əyninə geyinərək” içi partlayıcı maddə ilə dolu qaz balonunu belində Ərgünəş dağına qaldırıb və bu şücaəti sayəsində düşmən çoxsaylı itkilərə, ciddi dağıntılara məruz qalıb və Rizvan dərəsindən qovulub.

Hərbi təchizat sarıdan qıtlıq olduğu bir vaxtda Əbülfəz Qurbanovun qətiyyəti sayəsində özünün iştirakı ilə Qərvənd kəndindən iki tank döyüş mövqelərinə gətirilib,  həmin tanklarların köməkliyi ilə ermənilərin hərbi qüvvələri darmadağın edilib.

Əbülfəz Qurbanovun Füzuli uğrundakı döyüşlərdə qəhrəmanlıq səhifələri çox olub. O, döyüşçü yoldaşları ilə birgə “bir qarnı ac, bir qarnı tox” saysız-hesabsız qəhrəmanlıqlar nümayiş etdirib. Döyüş bölgəsində müəyyən çatışmazlıqların düşmən tərəfindən hiss olunmaması üçün Əbülfəz Qurbanov  əsgərləri ilə birlikdə qaça – qaça 10 dəqiqədə 7 – 8 km yolu qət edərək  müxtəlif nöqtələrdən atəş açıb, düşməndə qüvvələrimizin çox olduğu fikrini yaradıb.  Əbülfəz Qurbanov dəfələrlə özünü təhlükə altına ataraq, yaralı döyüş yoldaşlarını güllə, mərmi yağışı altında döyüş mövqelərindən xilas edib. O, daim, əsgərlərə nümunə olaraq öndə olub, yuxusuna haram qatıb bütün gecələri postları yoxlayıb, əsgərlərin qayğısına qalıb, döyüşçülərin yeməyini nəzarətdə saxlayıb, onları daim qələbəyə ruhlandırıb. Əbülfəz döyüş tapşırıqlarını yerinə yetirərkən ciddi xəsarətlər alsa da, heç bir vaxt nə döyüş mövqeyini, nə də döyüşçü dostlarını tərk etməyib.

Təəssüf ki, 1-ci Qarabağ müharibəsində yüzlərlə Əülfəz kimi döyüşçünün arzusu ürəyində qalıb. Füzulinin hər bir qarışı uğrunda ağır döyüşlər getsə də, Əbülfəz kimi vətən övladları doğma torpağa canlarını fəda etməyə hazır olsalar da, o vaxtkı zabit və sıravi heyətin təcrübəsizliyi, ordudakı pərakəndəlik, sistemsizlik və vahid komandanlığın yetərincə olmaması, döyüşən qüvvələr üçün ağır texnika və silahlarımızın azlıq təşkil etməsi, bütün bunlarla yanaşı Azərbaycanın təkcə Ermənistanla deyil, həm də müxtəlif ölkələrdən gətirilmiş çoxlu sayda muzdlularla mübarizə aparması torpaqlarımızın işğalı ilə nəticələnib. Beləcə, Füzuli rayonu 1000-dən artıq şəhid verərək 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.

Doğma yurdunun işğal olunmasına bütün soydaşları kimi Əbülfəz Qurbanov  da üzülüb. Ancaq onun da qəlbində düşməndən qisas alınacağı günün gələcəyinə həmişə inam olub. Uzun illər Əbülfəzin də qəlbi daşı daş üstə qalmayan Füzuli üçün ağrıyıb. İşğal olunmuş vətəni, yağmalanmış hər bir ev-eşik, şəhid olmuş, fiziki şikəstlik qazanmış, məcburi köçkünə çevrilmiş soydaşlarının taleyi 30 ilə yaxın bir zaman kəsiyində Əbülfəz Qurbanovun da  bütün varlığını sarsıdıb. O, gecə-gündüz əllərini Uca  Allahın dərgahına uzadaraq düşməndən qisas almaq üçün fürsət diləyib. Əbülfəzin ən böyük arzusu şəhid qardaşlarının   qisasını almaq olub. Hər bir Azərbaycan vətəndaşı kimi, o da əmin olub ki,  işğal altında qalmış ata-baba yurdlarımız, müqəddəs ziyarətgahlarımız,  azan səsinə həsrət qalmış məscidlərimiz, musiqi səslərinə möhtac qalmış bərəkətli torpaqlarımız, ata-babalarımızın uyuduqları məzarlıqlarımız tezliklə azad ediləcək. Əbülfəz Qurbanov da əmin olub ki, o bir gün qisas savaşına qalxacaq, ulu öndər Heydər Əliyevin işğal altında olan rayonlarımızın azad olması ilə bağlı arzuları reallaşacaq. Bəli, Fizulinin qəhrəman oğlu yanılmayıb.

27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsi başlayanda Əbülfəz Qurbanov 1-ci Qarabağ müharibəsində iştirak etmiş      ehtiyatda olan zabit, gizir, çavuş və sıravi əsgərlərlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinə müraciət edərək vətənimizə, xalqımıza, dövlətimizə hər zaman sadiq və yetərincə döyüş təcrübəsi olan əsgər kimi torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda ön cəbhədə döyüşməyə hazır olduğunu bildirib və ön cəbhəyə göndərilməsni xahiş edib.

 Müraciət qəbul edildikdən sonra  Əbülfəz Qurbanov 1-ci Qarabağ müharibəsinin veteran döyüşçüləri ilə birlikdə Daşburundan cəbhəyə yola düşüb. 29 sentyabr 2020-ci ildə Vətən torpaqlarının – doğma Füzulinin azadlığı naminə yenə də silaha sarılıb. Əbülfəz Qurbanov kimi veteran döyüşçülərin yenidən “Qisas!” harayı ilə döyüşə qatılması gənc əsgərlərdə ruh yüksəkliyi yaradıb. O, döyüşçü təcrübəsini, ilk tibbi yardım göstərmək qaydalarını böyük həvəslə gənc əsgərlərlə paylaşıb.

Müharibənin ilk günlərində Əbülfəz Qurbanov qüdrətli ordumuzun tərkibində düşmənə sarsıdıcı zərbələr vurub, hərbi qənimətlərin əldə olunmasında fdakarlıqla yaxından iştirak edib. Xeyli yaralılarımızı ön xətdən çaxardaraq ölümün pəncəsindən xilas edib. Qəddar düşmənlə üz-üzə dayanmaqdan çəkinməyən Füzulinin igid oğlunun səhəri səngərdə tək açdığı anları da olub.

Füzuli uğrunda gedən növbəti döyüşlərin birində Əbülfəz Qurbanov ayağından yaralanıb. Onu arxaya göndərmək istəsələr də, təkidlə son ana qədər vuruşacağını bildirib. Beləcə, yaralı olsa da, düşməndən qisas almaqda davam edib. Yeganə arzusu əsir düşməmək olub. Beləcə, Əbülfəz Qurbanov müzəffər ordumuzun sıralarında düşməni məhv etməkdə davam edib. Bu çətin günlərdə oğlu tez-tez qəhrəman atasının harayına gəlib. Onu döyüşə buraxmasalar da, mübariz əhval-ruhiyəsi ilə atasına mənəvi dayaq olub.

Düşmən gülləsindən ayağındakı yaranın gündən-günə böyüməsindən, ayağının şişməsindən Əbülfəz Qurbanov  hospitalda  yatmalı olub. İki günlük müalicədən sonra o,  ön xəttə qayıdıraq, səngərlərdə yenə də ermənilərlə üzbəüz durub.

Qaraxanbəylidəki döyüşlərdə Əbülfəz Qurbanovun yaralarının ağrısı yenidən şiddətlənib. O, ayağını kəmərlə bağlayıb, ağrıkəsici  qəbul edərək,  döyüşməkdə davam edib.  Körpü altında – suyun içərisində döyüşməyi isə Əbülfəz Qurbanovun səhhətində ciddi problemlər yaradıb. O, yenidən hospitala göndərilib. Amansız ağrılar onu incitsə də, müzəffər ordumuzun zəfər dolu qalib yürüşlərindən, özünün “bəs deyincə” qisas almasından rahatlıq tapıb.  Və tez-tez ona “55 yaşında   ikinci dəfə döyüşlərə qatılıb şikəst oldun, dəyərdimi?” verilən sualına belə cavablandırıb:

- Əgər lazım olsa, ikinci ayağımı da vətən üçün qurban verərəm.

Beləcə, çox keçməmiş 44 günlük müharibə qələbə ilə başa çatıb. Əbülfəz Qurbanov  da haqqı olan qələbə sevincini yaşayıb. Doğma yurdu Govşad kəndinə qovuşub.

Əbülfəz Qurbanov  vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyi görə   “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif olunub.

Bu gün qəlbi Uca Allah sevgizi ilə döyünən, ibadət əhli olan qazi Əbülfəz Qurbanov miiyonlarla soydaşı kimi Qarabağın işğaldan azad olmasından, müzəffər Ali Baş komandanımız İlham Əliyevin, ordumuzun, Turan elinin qüdrətindən, Azərbaycan-Türkiyə dostluğundan qürur hissi keçirir.

Vətən qarşısındakı xidmətlərindən danışmağı xoşlamayan, müharibədə çəkdiyi məhrumiyyətləri bir an dilə gətirməyən Əbülfəz Qurbanov daim şəhidlərimizi rəhmətlə xatırlayır, qazilərimizə cansağlığı arzulayır. Vətənin ağır günündə onunla çiyin-çiyinə vuruşan döyüşçü yoldaşlarını, cəbhə üçün əziyyəti olan mülki vətəndaşları ehtiramla yad edən qazi Əbülfəz Qurbanov arzu edir ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda can fəda edənlər, bu müqəddəs yolda ölümün gözünə dik baxanlar, sinəsini dişmən gülləsinə sipər edənlər, mənfur düşməndən qisas alanlar, yağıları vətən torpağından qovanlar gələcək nəslə nümunə üçün layiqincə təbliğ olunsunlar.


Hikmət Xudiyev (Cəmilzadə),

Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru, istefada olan polkovnik



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar