Qarabağın Həcər qeyrətli qızı - FOTO 0
Keşməkeşli tariximizin müxtəlif dönəmlərində kişilərlə çiyin-çiyinə dayanmış Tomiris, Burla Xatun, Nigar, Həcər və onlar kimi çoxsaylı Azərbaycan qadını olmuşdur. Fədakar Azərbaycan qadınlarını heç də dastanlarda, əsatirlərdə axtarmaq lazım deyil. Onların adlarına Azərbaycanın XX və XXI əsr tarixində də rast gəlmək mümkündür.
Qırxqız dağlarının ətəklərində yerləşən, azəri türklərinin qədimdən yaşayış məskəni olan Qarabağın Kosalar kəndində Lətif kişinin ailəsində 01 aprel 1968-ci ildə bir qız uşağı dünyaya gəldi. Bu, ailədəki uşaqların altıncısı, qız uşaqlarının isə dördüncüsü idi. Bu qız uşağının dünyaya gəlməsi ilə Lətif kişinin ocağına sanki ən parlaq ulduzun-Zöhrə ulduzunun şöləsi yayıldı. Elə ona görə də onun adını Zöhrə qoydular. Hələ kiçik yaşlarından Zöhrənin qorxubilməz, çox ürəkli qız olduğu ailə üzvlərinin, qohumların, qonşuların diqqətindən yayınmırdı. Allah-Təala sanki bu xüsusiyyətlər verməklə onun gələcək missiyasını müəyyənləşdirmişdi.
1976-cı ildə Lətif kişi ailəlikcə Xankəndi şəhəri Qara Qarayev küçəsində tikdirdiyi evə köçdü. Zöhrə 1976-84-cü illərdə Xankəndi şəhər N.Gəncəvi adına 4 nömrəli məktəbdə, 1985-86-cı illərdə axşam məktəbində orta təhsil almışdır. O, 1985-ci ildən gecə məktəbində təhsil almaqla bərabər Xankəndi şəhərindəki kondisioner zavodunda da işləmişdir. 1988-ci ilin fevralından Azərbaycana qarşı qaldırdıqları əsassız torpaq iddiaları nəticəsində qonşuluqda yaşayan ermənilərin Xankəndindəki azərbaycanlı ailələrinə qarşı olan təhdidləri Lətif kişinin ailəsinə də yönəlirdi. Belə bir şəraitdə Zöhrə ermənilərin təhdidindən çəkinmir, atası və qardaşları ilə birgə onlara tutarlı cavab verirdi. Getdikcə azğınlaşan ermənilər 1988-ci il sentyabr ayının 18-də Xankəndi və ətraf yaşayış məntəqələrindəki azərbaycanlıların üzərinə silahlı basqın edərək evlərini yandırdı və onlara qarşı zorakılıqlar törətdilər. Hər gün artan təhdidlərə baxmayaraq Lətif kişinin ailəsi Xankəndi şəhərini 1989-cu ilin avqustunda tərk etməli oldu. Belə bir şəraitdə Lətif kişinin ailəsi əvvəlcə Ağdama, 1990-cı ilin mayından isə Xocalıya pənah gətirdi.
Çətin günlərin arxada qaldığını düşünən ailə Xocalıda böyük ümidlərlə yaşayırdı. Zöhrə bacısı Nəzakətlə Xocalıdakı toxuculuq fabrikində işə başladı. O, hər zaman öz işində qabaqcıllığı ilə seçilirdi. Zöhrə burada işləməklə bərabər 1990-cı ilin sentyabrından Gəncə Texnologiya Texnikumunun qiyabi şöbəsində təhsil almağa başladı. O, qısa müddətdə işdə və texnikumda özünə böyük hörmət qazanmışdı.
Tüğyan edən müharibə, ermənilərin törətdiyi vəhşiliklər Zöhrənin düşmənə olan nifrətini günü-gündən artırırdı. 1990-cı il noyabr ayının 5-də Ağdamdan Xocalıya gələn və içərisində 40 nəfərə qədər sərnişin olan avtobusda Zöhrə də var idi. Əsgəranda ermənilərin bu avtobusu daş-qalaq etməsi, atəşə tutması nəticəsində ağır yaralanan sürücünü Zöhrə əvəz etmiş, avtobusu idarə edərək sərnişinləri girov götürülməkdən xilas edərək sağ-salamat Xocalıya çatdırmış və yaralılara ilkin tibbi yardım göstərmişdir. Bu hadisədən sonra Qarabağda hamı bu qızın qəhrəmanlığından danışırdı. İgidlik Zöhrənin qanında idi. Babası Abdulhüseyn kişi də 1918-ci ildə ermənilərin təcavüzünə qarşı mübarizədə qəhrəmanlıq göstərmişdir. Erməni cəlladlarına qan udduran Abdulhüseyn Quliyev onların məkrli siyasəti nəticəsində repressiyaya məruz qalmış, 1938-ci ildə Sibirə sürgün olunmuşdur.
Ermənilərin Xocalını mühasirədə saxlaması getdikcə vəziyyəti daha da gərginləşdirirdi. Belə bir şəraitdə Zöhrə 15 noyabr 1991-ci ildən müharibənin od-alovundan çəkinməyərək qardaşı İmranın xidmət etdiyi Xocalı Özünümüdafiə Batalyonunda həm tibb bacısı, həm də döyüşçü kimi fəaliyyətə başladı. Xidmətin ilk günündə Zöhrə baş həkim Məmməd Nağıyev və qardaşı İmranla birgə Çınqıltəpə postuna gedərək oradakı ağır yaralıya ilk tibbi yardım göstərmişdir. Xocalıda hər gün bu cür hadisələr baş verirdi. Zöhrə şücaət, qəhrəmanlıq göstərərək çoxlu yaralını ölümün pəncəsindən qurtarmışdı.
Mühasirədə olan Xocalının mühasirə halqası getdikcə daralırdı. 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə ermənilər Xankəndindəki 366-cı motoatıcı alayın və dünyanı lərzəyə salan terrorçuların köməyi ilə Xocalının müdafiəsini yardı, dinc əhaliyə divan tutdu. Ağdam istiqamətinə üz tutan insanlar Əsgəran ərazisində erməni yaraqlılarının atəşinə tuş gəlirdilər. Kürəyində qonşuları Şaiq Qurbanovun oğlu körpə Zauru daşıyan Zöhrə qarlı meşələrdə yaralanan, donan çoxsaylı insana yardım göstərmiş, onları ölümün pəncəsindən xilas etmişdi. Hətta bir neçə dəfə yolboyu atışma zamanı şəhid olmuş döyüşçünün avtomatını götürərək düşməni susdurmuşdu. Həyatını təhlükəyə ataraq bacardığı qədər insanlardan öz köməyini əsirgəmədi. Ancaq namərd gülləsi ondan da yan keçmədi. Zöhrəyə ilk güllə dəyəndə kürəyindən Zauru açıb anasına verdi və israrla qaçıb getmələrini tapşırdı. Qeyri-bərabər döyüşdə namərdlərin atdığı sonrakı güllələr iyirmi dörd yaşlı Zöhrənin həyatına son qoydu.
Bu, bir Azərbaycan qadınının həyat hekayəsidir. Qəhrəmanlıqla dolu olan bu həyat hekayəsi tarixin yaddaşına hoparaq Zöhrə ulduzu kimi əbədi şölə saçacaq, gələcək nəsillərə nümunə, örnək olacaqdır. İgidliyi, fədakarlığı nəzərə alınan Zöhrə Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.
Nəcəf Həsənov
Xocalı rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi
Karabakh.tv üçün
Xəbəri paylaş