Adını tarixə şanlı həriflərlə yazan - Şəhid Orxan Namazov

Nailə Məmmədova: "Biz Orxanın şəhidliyinə qurban kəsdik ki, Orxan şəhid olsun, ancaq əsir düşməsin"
Şəhid oğulların xan çinar boyu
Göyərər hər zaman köksündən Vətən!
Anadan, atadan ayrılan canlar
Ayrıla bilmədi tək səndən Vətən!
Oğullar getdilər, özlərindən sonra böyük ad, silinməz iz qoydular. Onlar Vətəni sevdilər, bütün məfhumlardan əziz bildilər ana torpağı, üç rəngli bayrağımızı... Şəhid oğullar torpağa köçdülər, onların qaməti xan çinarların yaddaşına köçüb Vətənin köksündə göyərdi. Harada bir çinar görürksə onu igid oğullarımıza bənzədirik. Şəhid gizir Orxan Ceyhun oğlu Namazov çinarlaşmış oğullardan biridir.
Orxan Namazov İkinci Qarabağ müharibəsində, Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda canından keçən qəhrəmanlarımızdandır. O, 1994-cü il noyabrın 24 də Gəncə şəhərində anadan olub. Orta təhsilini Goranboy rayonunun Xoylu kəndində fərqlənmə attestatı ilə başa vurub. Daha sonra Gəncə Regional Kollecinə daxil olan Orxan, bu təhsil ocağını da müvəffəqiyyətlə bitirib.
Orxan Namazov Azərbaycan ərazilərinin erməni işğalından azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən II Qarabağ müharibəsi başlayan ilk gündən döyüşlərə atılır. O, Vətən uğrunda gedən döyüşlərdə yüksək peşəkarlıq, igidlik və mərdlik nümunəsi göstərir. Qəhrəman igidimiz Murovdağ yüksəkliyi, Talış dağ zirvəsi, Suqovuşan uğrunda gedən döyüşlərdə iştirak edərək, onlarla erməni faşistini məhv etdi. O, 10 oktyabr tarixində Suqovuşan istiqamətində gedən hərbi əməliyyat zamanı düşmən atəşi ilə şəhidlik zirvəsinə ucaldı.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Orxan Namazov ölümündən sonra "Suqovuşanın azad olunması" ,"İgidliyə görə" və "Vətən uğrunda" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi "44 Gün-Tarixi zəfər" dördcildliyinin II, III, IV cildlərinin Gəncədə keçirilən təqdimat mərasimi çərçivəsində getdiyim yaradıcılıq ezamiyyəti zamanı Orxan Namazovun anası Nailə Məmmədova ilə görüşüb həmsöhbət olduq.
"Komandirlərin dediyinə görə, Orxan çox sərras atıcı olub. Deyir onun atdığı heç bir güllə boşa getmirdi. Deyir ki, dəqiq hesablasaq Murovdağla Talış, Suqovşan istiqamətində gedən döyüşlərdə o, bəlkə də 100-dən artıq erməni öldürmüşdü. Komandir deyir ki, Orxanın yalnız bir şüar var idi "evlilər arxaya subaylar irəli". Onun çəkdiyi döyüş videoları var.
Özü çox sərras, ağır təbiətli, yüz kəlmədən bir kəlməyə cavab verən, özündən böyüyə də, kiçiyə də hörmət qoyan bir oğul idi. Elə O, evin balacasıydı, ondan böyük qardaşı var idi. Ancaq ki, biz hamımız ondan çəkinirdik. Elə bilirdik ki, Orxan bizim hamımızdan böyükdür. Biz onu elə böyük bilirdik. Bu bəlkə də gələcək şəhidliyinə bir işarə imiş. Biz onu elə bilirdik. Çox ağır təbiətli idi. Onu tanıyan hər kəs deyir ki, çox utancaq, bir söz deyəndə yanaqları qızardardı, səsini möhkəmdən qaldırmazdı. Öz övladımdır deyə demirəm. Qəribədir, şəhidlər haqda oxuyarkən, onları araşdırdıqca, xasiyyətini öyrəndikcə elə bilirəm ki, bunlar hamısı sanki bir atanın, bir ananın övladları imiş. Çünki bunların hamısının taleləri kimi xasiyyəti bir-birinə oxşayır. Ruhin Mikayilov və Vaqif Cəfərov komandirləri olubdu. Vaqif Cəfərov deyir ki, Orxan o qədər sərras atıcı idi ki...O, coğrafiyanı da, riyaziyatı da çox gözəl bildiyi üçün hesablamanı dəqiq aparırdı və o hesablama nəticəsində onun atdığı bir güllə belə boşa getməzdi. Həmişə öndə olmağı xoşlayırdı. İstər döyüşdə, istər hərbi hissədəki idman yarışlarında ancaq birinci olmağı istəyirdi. Elə birinci olmaq, fərqlənmək istəyi, Qabağa getmək, döyüşmək arzusu onu şəhidliyə apardı. Qazi kapitan Ruhin Mikayilov deyir ki, Orxan nə qədər utancağı idisə, ancaq erməni görəndə o qədər də hisslənirdi, onu döyüşdə tanıya bilmirdim ki, yəni bu mənim tanıdığım utancaq, qızaran Namazov Orxandır. Bax belə xarakterləri varmış.
Orxan axırıncı dəfə evimizə sentyabrın 7-də gəldi və 19-da getdi. Mən sual verdim ki, nə yaxşı 5-ci gün gəlibsən Orxan? Adətən şənbə-bazar günləri gəlirdin. Dedi ki, komandir icazə verib ki, evə gedək. Sən demə bunlar evə gəlib ki, ailə üzvləri ilə görüşüsünlər. Onda da mənə bir söz dedi. Dedi ki, ana, Polad Həşimovun anası Polad kimi oğlu itirdi, yaşayırsa hamının anası yaşaya bilər. O, bu sözlərlə demə ki, məni şəhidliyinə hazırlayırdı. Orxan sentyabrın 19-u günü evdən getdi. Ayın 21-i günü artıq Azərbaycanda səfərbərlik elan olundu. Könüllü gənclər ordu sıralarına getməyə başladı. Axşam Orxana zəng etdim. Dedim ki, Orxan, belə bir hadisə olub. Dedi ki, ana, narahat olma, təlimdir də, həmişə olur. İki-üç ildən bir təlim olur. Mən ona dedim ki, Göranboy düşmənlə üz-üzə olan sərhəd rayonudur. Eşiddiyimə görə, sərhəd kəndlərində belə xəndəklər qazılır. Dedi ay ana, onu sənə kimsə deyib, səhv məlumatdır. Mən sözü çevirib ona deyə bilmədim ki, səhv məlumat nədir? Dəqiq məlumatdır. Bizim kənddən icra nümayəndəsi də kənddən cavan uşaqları həmin işləri gördürmək üçün sərhəd kəndlərinə aparırdı. Yəni heç də demədim. Başa düşdüm ki, bu hadisələri məndən gizlədir. Sentyabırın 26-sı günü günortadan sonra, təxminən saat 3-ün yarısı idi Orxan mənə zəng etdi. Dedim ki, Orxan, nə yaxşı sən bu vaxt zəng etmisən? Əksərən axşamlar zəng edirdi. Dedi ki, ana, yatmışdım, saatdan heç xəbərim yoxdur. Ancaq sonradan döyüş yoldaşlarının danışdıqlarından bildim ki, onlar sentybarın 26-sı günü 3-ün yarısında Murovdağ silsiləsinə doğru yola düzəliblər. Mənimlə yolda danışıb. Sentybarın 28-i günü d mənimlə danışdı. Bizim qonşumuzda bir kəlbəcərli qadın var. Qayıtdı dedi ki, ana, Qəmzə xalaya de ki, ona öz elindən salamlar söyləyirəm. Mən başa düşdüm ki, Orxan Murov dağdadır, amma ad çəkmirdi. Heç vaxt telefonda ayrı sözlər danışmazdı. Ondan sonra oktyabrın 4-ü günü mənimlə danışdı. Həmin gün ona dedim ki, Orxan, birinci ordu sizsiniz də, Bərda taboru. Dedi ki, ay ana, telefonda çox söz danışma. Dedim yox, Orxan, Suqovuşanın işğaldan azad edilməsinə görə Prezident sizə təşəkkürünü bildirdi. Qayıt dedi ki, ay ana, hə, o bizik. Bircə bu kəlməni dedi. Axırıncı dəfə də oktyabrın 6-da 8-ə 10 dəqiqə işləmiş mənimlə əlaqə saxladı. Elə mənimlə danışandan sonra axırıncı döyüş əməliyyatına girib. Gecə yuxu görübmüş. Yuxuda görübmüş ki, nənəsi ona deyib ki, Orxan, səni gözləyirəm. Bu da sakitcə əməliyyata girirmiş. Dostları buna deyir ki, niyə danışmırsan? İndi həmin oğlan yaşayır. Orxan da deyib ki, anamı (nənəsinə ana deyirdi-N.M) yuxuda görmüşəm, anam məni çağırır. Deyir ki, ananla bayaq danışmadınmı? Deyir o, mamamdır, bizi anam saxlayıb. Anam məni çağırır. O da qayıdıb deyir ki, ananı yanına çağırmağa adam tapmır. Orxan da ona deyib ki, yəqin belə məsləhətdir. Elə də əməliyyata heç kimlə danışmayıb, bu yuxunun təsirindəymiş. Əməliyyatdan qayıdanda Orxangil yolda düşmən atəşinə tuş gəliblər. Minnamiyot oğlumun yanına düşüb. Hamı elə bilib ki, bu qabaqdadır. Ancaq əsgərlər komandirinin olduğu düşərgəyə çatanda görüblər ki, Namazov yoxdur. Sonra oktyabarın 9-u günü başqa bir taborun komandiri uşaqlara tapşırıq verib ki, Namazovu tapmalısınız. Oktybarın 7-si günü Orxan düşərgədə olmadığını öyrəndik. Şəhid kimi tapılmırdı, nəşi morqlarda yox idi. Biz qurban dedik. Oktybarın 9-da qurban kəsilib paylanıldı və Orxanın şəhid xəbəri çıxdı. Biz Orxanın şəhidliyinə qurban kəsdik ki, Orxan şəhid olsun, ancaq əsir düşməsin. Oktyabrın 10-da nəşi gətirildi, Göranboy rayonu Xoylu kənd qəbiristanlığında torpağa tapşırıldı"-deyə ana bildirdi.
Orxan həyatdan nakam getsə də, torpaqlarımızın azadlığa qovuşduğu günün şahidlərindən biri oldu. Uğrunda can verdiyi torpağa qovuşdu.
Vətən müharibəsində böyük qəhrəmanlıqlar və şücaətlər göstərən Orxan Namazovun xatirəsi hər zaman tər-təzə qalacaq.
Bəylik taxtı qurulmadı Orxanın, şəhid olması üçün ailəsi qurban dedi. Vətənə qurban olması üçün qurban kəsdi əzizləri.
Hər daş sinəsində bir lalə bitir,
Şəhid məzarında ah-nalə bitir.
Hər qaya köksündə şəlalə bitir-
Nə gür çaylar axır sinəndən Vətən!
Analar köynəkdən keçirdi dərdi,
Sussuz ürəyinə içirdi dərdi
Torpaqdan ürəyə köçürdü dərdi-
Ağrısı töküldü səsindən Vətən!
Nailə ana Orxan kimi bir igid yetişdirib verdi Vətənə. Nə qədər ağlasa da, igid balasının qəhrəmanlığı ilə özünü ovuda bilir. Xan çinarlara boylananda onların arasından boy verən igid balasını görür. Şəhid oldu evinin son beşiyi, arzuları yarımçıq qaldı, ana. Sən başını dik tut, qeyrətli bir oğulun anasısan!
Başını dik tut ana,
Əyilməsin vüqarın.
Oğlun Vətəni seçdi,
Pozulmadı ilqarı...
Xəbəri paylaş







































0772703001 