G. Nağıyev: Cənab Prezident İlham Əliyev plenar iclasda Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahidin olmadığını bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı 0
Cənab Prezident İlham Əliyev plenar iclasda Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahidin olmadığını bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı.
Bu ilin 18 fevral tarixində Münxen Konfransında Azərbaycan artıq qalib ölkə olaraq iştirak etdi. Münxen Konfransında iştirakın daha bir mühüm faydası Azərbaycanın Qarabağın bərpası baxımından yeni investisiyalar cəlb edə bilməsi üçün şəbəkə qurmaq, onu genişləndirmək imkanıdır. Prezident cənab İlham Əliyevin “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusundakı plenar iclasda Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidinin olmadığını bəyan edərək hamıdan ölkəmizin suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşmasını bildirdi.Müzəffər Ali Baş Komandan İlham Əliyev plenar iclasda Qarabağ münaqişəsinin tarixə qovuşduğunu, Dağlıq Qarabağ sözünün qüvvədən düşdüyünü, Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahidin olmadığını bir daha Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırdı. 2020-ci il noyabr tarixli üçtərəfli Bəyanat, əslində, de-fakto Ermənistan tərəfindən kapitulyasiya aktıdır.
Azərbaycan iki ildən artıqdır ki, sülh müqaviləsinin imzalanması üçün üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Ermənistanın isə 30 illik işğal dövründə olduğu kimi hazırda da bu danışıqlardan müxtəlif bəhanələrlə yayınması, sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olması diqqətdən kənarda qalmır. Ermənistanın baş naziri Nikol Paşinyan plenar iclasdakı sərsəm bəyanatları, qeyri-ciddi fikirləri ilə bir daha sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın Ermənistanın kapitulyasiyası olduğunu inkar etməyə cəhd göstərən Ermənistan rəsmisinin ölkəsini ədalətin, beynəlxalq hüququn yanında təqdim etməsi bu dövlətin nə qədər hiyləgər siyasət yeritdiyini nümayiş etdirdi. 30 il qonşu dövlətin 20 faizdən artıq torpağını işğal altında saxlamaq hansı ədalətə, beynəlxalq hüquqa sığır? Xatırlasaq, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın baş naziri müsahibələrində beynəlxalq hüquq məfhumundan xəbərsiz olduğunu bildirməsi, hətta, bir qədər də irəli gedərək “beynəlxalq hüquq varmı” sualını ünvanlamaqdan çəkinməməsi yaddaşlardadır. Ədalətin, beynəlxalq hüququn yanında Azərbaycandır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə ədaləti bərpa etdi və Ermənistana, ona havadarlıq edən dövlətlərə sübut etdi ki, beynəlxalq hüquq anlayışı mövcuddur və tətbiqi üçün vahid mexanizm lazımdır.
Panel iclasda Ermənistanın baş naziri bu iddianı da etdi ki, Qarabağdakı məscidləri ermənilər deyil, vaxtilə sovet hökuməti dağıdıb. Tarixi faktları inkar etməklə nəyəsə nail olmağın mümkünsüzlüyünün fərqində olan Ermənistan rəhbərliyi belə yalanları ilə fakt qarşısında açizliyini nümayiş etdirdi.
Münxen Təhlükəsizlik Konfransında Azərbaycanın növbəti diplomatik uğuru üç il bundan əvvəl fevralın 15-də həmin forumda yaşananları yada salmağı bir zərurətə çevirir. Həmin Konfrans çərçivəsində Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı əsasında Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələr hər kəsin yaddaşındadır. Bu, bizim ilk böyük siyasi Qələbəmiz idi. Bu Qələbədən çox keçmədi ki, Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə imza atdı. Artıq iki ildən çoxdur ki, Qarabağ və Şərqi Zəngəzur azaddır, həyatının yeni dövrünü yaşayırlar. Günümüzün reallıqları bir daha təsdiqləyir ki, yalanın həqiqət üzərində qələbəsi mümkünsüzdür, zəfər çalan haqq-ədalət olur.
Göyüş Nağıyev,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı.
Xəbəri paylaş