Eyvaz Hüseynov Xocavənd qəsəbəsində vətəndaşların müraciətlərini dinləyib Fotolar
Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov tərəfindən 24 iyul 2025-ci il tarixdə 500 ailəlik Xocavənd qəsəbəsində rayon sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir.
Mubarizciler.az xəbər verir ki, görüşdə icra başçısı ilə yanaşı idarə və təşkilat rəhbərləri, sakinlər iştirak ediblər.
Giriş nitqi ilə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov sakinləri salamlayaraq bildirdi ki, 2025-ci ilin 3-4 iyul tarixlərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi ölkəmiz üçün böyük önəm daşıyır. Başçı qeyd etdi ki, Azərbaycan dövləti üçüncü dəfədir ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) sammitini təşkil edir, lakin bu dəfə tədbir xüsusi əhəmiyyətə malikdir, çünki Qarabağda keçirilir. Xankəndi ilə bağlı bu seçim bir çox cəhətdən rəmzi məna daşıyır. Uzun münaqişədən sonra Xankəndidə ilk dəfə Zirvə görüşü keçirilir. Bu, Azərbaycanın Qarabağdakı sülh və yenidənqurma səylərini beynəlxalq aləmə nümayiş etdirir. Natiq həmçinin qeyd edib ki, tədbir həm müharibədən sonrakı sülhə, həm də Azərbaycan diplomatiyasının regional nüfuzunun gücləndirilməsinə böyük töhfədir. Daha sonra Eyvaz Hüseynov iyulun 19-21-də “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusunda keçirilən 3-cü Şuşa Qlobal Media Forumunun önəmindən bəhs etmişdir. Başçı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda eləcə də, işğaldan azad olunmuş ərazilərdə görülən işlər barədə rayon sakinlərinə ətraflı məlumat verib. O bildirib ki, regionların sosial-iqtisadi inkişafına böyük diqqət yetirən dövlət başçısının hərtərəfli qayğısı sayəsində zamanla bütün problemlər aradan qaldırılır. Hal-hazırda Xocavənd rayonu ərazisində də abadlıq, quruculuq və tikinti işləri aparılır. Bu il ərzində rayon sakinlərinin bir qisminin Xocavənd ərazisinə köçü təmin ediləcək. Daha sonra rayon sakinlərinin təklifləri, istəkləri dinlənilib və onları narahat edən problemlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Xəbəri paylaş



