Xəbər lenti
18-11-2024, 12:06
 

Səxavət Qədirov: 20 Yanvar tarixin azadlıq səhifəsidir 0

Tarix: 19-01-2024 23:00     Baxış: 1 001

Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə salnaməsinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş, faciəli və eyni zamanda, şərəfli tarixi günlərdən biri olan 1990-cı ilin 20 Yanvar hadisələrindən 34 il ötür.

1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna daxil olmuşdur. Təcavüz nəticəsində ağır hərbi texnikadan və müxtəlif tipli iriçaplı silahlardan istifadə edilərək, müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan əliyalın, dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədilmiş, nəticədə yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür.

Faciə nəticəsində insan hüquqlarına dair bir sıra beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulmuşdur.

Əvvəlcədən düşünülmüş, məqsədyönlü şəkildə hazırlanan bu təcavüzkarlıq siyasətinin əsas məqsədi məhz xalqımızın demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi və fiziki zərbə vurmaq idi.

Həmçinin Sovet rəhbərliyinin birbaşa dəstəyi və himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, xalqımıza qarşı törədilən soyqırımlar, onların öz tarixi, əzəli doğma yurd-yuvalarından qovulması bu siyasətin tərkib hissələri idi.

Ən acınacaqlı və təəssüf hissi yaradan məqam isə 1990-cı ildə ölkəmizdə törədilən bu cür qanlı qırğına birbaşa əmr verən, şəxsən imza atan Mixail Qorbaçovun həmin il ali beynəlxalq mükafat olan “Beynəlxalq Nobel Sülh mükafatı”na layiq görülməsi oldu. Sonralar 1995-ci ilin aprelin 27-də Türkiyədə səfərdə olan keçmiş SSRİ rəhbəri Mixail Qorbaçov İstanbulun Çırağan sarayında onun şərəfinə verilən ziyafətdə çıxış edərkən öz siyasi bioqrafiyasının bəzi məqamlarına toxunmuş, 1990-cı il 20 Yanvar hadisələrindən danışarkən öz günahını etiraf edərək “Bakıda fövqəladə vəziyyət elan etmək və oraya qoşun göndərmək mənim siyasi həyatımın ən böyük səhvi idi” demişdi.

20 Yanvar faciəsindən dərhal sonra yanvarın 21-də, hələ Sovet imperiyasının mövcud olduğu bir dövrdə, bütün çətinliklərə rəğmən, böyük siyasi iradə nümayiş etdirən xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmişdir. Ulu öndər Heydər Əliyev çıxışında bu vəhşiliyi kəskin şəkildə pisləyərək, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata öz kəskin etirazını bildirmiş, həmin əməliyyata rəhbərlik edənləri isə ifşa edərək, doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirmişdi.

Ulu Öndər əliyalın xalqa qarşı törədilən bu cür terroru böyük cinayət adlandıraraq, törətdilən bu cinayətə görə SSRİ rəhbərliyini, şəxsən Mixail Qorbaçovu qətiyyətli şəkildə ittiham edərək demişdir: “Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm... Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında  zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ... Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”.

Həmin ilin noyabr ayının 20-də Naxçıvan Muxtar Respublikasına qayıdan ümummilli lider Heydər Əliyev Naxçıvan Ali Məclisinin sessiyasında 20 Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirərək demişdir: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir”.

Faciəyə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də məhz ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışından sonra verilmişdir. Belə ki, Milli Məclisin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət kimi qiymətləndirilmiş, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edilmişdir.

Şəhidlərin adlarının əbədiləşdirilməsi, o cümlədən şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin daim diqqət mərkəzindədir və bu istiqamətdə ardıcıl, mühüm tədbirlər həyata keçirilir.

Qədirbilən xalqımız isə hər il faciənin ildönümündə şəhidlik zirvəsini fəth edib, əbədiyaşarlıq hüququ qazanmış vətən övladlarının fədakarlığını yüksək qiymətləndirərək, paytaxtımızın ən yüksək ərazisində salınan Şəhidlər xiyabanını izdihamlı yürüşlə ziyarət edir, onların əziz xatirəsini dərin hörmət və qürurla anır, bu faciəni törədənlərə isə öz nifrətini bildirir.

Əliyalın, dinc əhaliyə qarşı törədilən bu silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın xüsusi amansızlıqla qətlə yetirilməsi və yaralanması əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı törədilmiş ən ağır, dəhşətli terror aktı cinayətlərindən biri kimi insanlıq tarixində ən böyük ləkə olaraq qalacaqdır.

Qanlı Yanvar faciəsi ümumxalq hüzn günü olmaqla yanaşı, eyni zamanda, xalqımızın öz suverenliyi, istiqlaliyyəti uğrunda apardığı haqlı mübarizənin şərəfli tarixi kimi milli birlik və vətənpərvərliyin simvolu olaraq da yaddaşlarda əbədi qalacaqdır.


Allah Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin...


Səxavət Qədirov

Goranboy rayon Statistika İdarəsinin müdiri.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar