Fuad Zamanov: 2 fevral gününün Gənclər Günü kimi elan olunması , Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
2 fevral gününün Gənclər Günü kimi elan olunması , Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır
Hər bir dövlətin gənc nəslə verdiyi dəyər gənclərin inkişafında mühüm, həm də tarixi mərhələni təmsil edir ki, məhz bu amil də hökumətin bütün gənc qadın və kişilərin tam inkişafına sadiqliyinin ifadəsidir. Bu baxımdan da ulu öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Bu siyasət vasitəsilə ölkəmizdə gənclərin inkişafı ilə bağlı bütün maraqlı tərəflərin ümumi məqsədlərə və hamı üçün daha firavan, inkişaf edən Azərbaycan uğrunda çalışa biləcəyi bir mühit yaradıldı. Bir sözlə, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin tarixi inkişafında müstəsna əhəmiyyətə malikdir.
Gənclərin əsas ehtiyaclarını, problemlərini həll etmək, imkanlarını düzgün dəyərləndirmək, mövcud durumu və dəyişiklikləri, spesifik sektoral problemlərini nəzərə almaqla həll etmək, növbəti nəsillərin problemlərlə deyil, “Azərbaycanın inkişafı naminə daha hansı uğura imza ata bilərəm” sualı ilə üz-üzə qoyub buna cavab axtarması istiqamətində əməli addımların atılması Ümummilli Liderimizin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” fikri Azərbaycanda həyata keçirilən gənclər siyasətinin fəlsəfi və ideoloji əsasıdır ki, məhz bu da gəncləri həm bu günün reallıqları, həm də gələcəyin çağırışları ətrafında səfərbər edir. Mövcud fəlsəfənin daha da sağlamlaşdırılması, uğurla realizə edilməsi bütün sahələrdə olduğu kimi gənclər siyasəti sahəsində də Ulu Öndərimizin siyasətini layiqincə icra edən Prezident İlham Əliyevin də illər ərzində əsas fəaliyyət istiqamətlərindən biri olub. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gənclərə xitab edərək deyir: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”. Məhz bu səbəbdən dövlətimizin başçısı tərəfindən gənclərin rifahına xidmət edən 2005-2009-cu illər ərzində “Azərbaycan gəncliyi Dövlət Proqramı”, 2006-2010-cu illər ərzində “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı kimi mühüm proqramlar təsdiq edilib.
Son illərdə Prezident İlham Əliyevin bir fikri Azərbaycanda həyata keçirilən gənclər siyasətinin forma və mahiyyəti haqqında dolğun təsəvvür yaratdı. Belə ki, 2020-ci ildə Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasında çıxış edərkən dövlətimizin başçısı bildirdi ki, Azərbaycanda gənclər küçələrə çıxsa və daha çox eşidilməyi tələb etsələr, onları dinləyər. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startap biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Prezident İlham Əliyevin gənclər siyasəti onların milli inkişafa fəal cəlb edilməsinin vacibliyini bəyan etmək, inkişaf üçün ümumi məqsədləri olan çərçivənin təmin edilməsi ilə yanaşı, dövlət və gənclər arasında koordinasiya ruhunun təşviq edilməsindən ibarətdir. Prezident İlham Əliyevin gənclər siyasəti sahəsinə göstərdiyi diqqət və qayğı dövlət başçımızın gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Xüsusilə dövlətimizin başçısının 2007-ci ilin “Gənclər İli” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da artmasına səbəb olub.
Gənclər siyasəti bütün ölkədə gənclərin inkişafı üçün çərçivədir. O, bütün gənc qadınlara və kişilərə həm fərdlər, həm də cəmiyyətin fəal iştirakçıları kimi öz potensiallarını reallaşdırmaq üçün mənalı imkanların verilməsini təmin etməyə yönəlib. Gənclər siyasəti gənc kişi və qadınlar üçün vacib olan əsas narahatlıqları və problemləri həll edir, dövlət tərəfindən təqdim olunan gənclər proqramlarına və xidmətlərinə istiqamət verir. Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan gəncləri dövlət quruculuğu, daha demokratik, məhsuldar və ədalətli cəmiyyət uğrunda əməli işlərə imza atırlar. Azərbaycan gəncləri təkcə dövlət dəstəyini alaraq öz inkişafının qəhrəmanları olmaqla kifayətlənmirlər, bugünkü gənclik özünün sosial-iqtisadi inkişafda iştirakının əsasını və mexanizmini təmin edərək cəmiyyətə faydalı olurlar. Dövlətin gənclər siyasəti və gənclərin fəaliyyəti elə bir qarşılıqlı asılılıq prinsipi üzərində müəyyənləşdirilib ki, bu da gənclərin inkişafına üstünlük verməyə və müvafiq siyasət həyata keçirmə mexanizmlərinin yaradılması və kifayət qədər resursların ayrılması vasitəsilə gənclərin inkişafına öz öhdəliyini nümayiş etdirməyə imkan verir.
Fuad Zamanov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı
Xəbəri paylaş