İcra başçısı Şəhid ailəsi ilə görüş keçirdib - FOTO 0
Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Vətən müharibəsi Şəhidi Bəxtiyar Bəkirovun oğlu Yavər Bəkirovla ali məktəbə qəbul olması münasibətilə görüşmüşdür
Mubarizciler.az-ın məlumatına görə, Görüşdə Şəhər İcra hakimiyyəti başçısının birinci müavini Xaliq Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Şəhidin həyat yoldaşı Aynurə Bəkirova iştirak etmişdir.
Yevlax rayonunun Xaldan kəndindən olan, Vətən müharibəsində şəhid olmuş Bəkirov Bəxtiyar Yavər oğlunun övladı Yavər Bəkirov Dövlət İmtahan Mərkəzi tərəfindən 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə əldə edərək Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakultəsinə qəbul olub.
Şəhər rəhbəri Şəhidin övladını tələbə adını qazanması münasibəti ilə təbrik edib, gələcək həyatında uğurlar arzulayıb və qeyd edib ki, tələbə adı dəyərli, məsuliyyətli və qürurvericidir. Eyni zamanda bildirib ki,Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, Birinci Vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhid və qazi ailələri, onların övladları xüsusi diqqət və qayğı ilə əhatə olunublar. Çünki şəhid övladları Vətənə əmanətdir.
Sonda Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən şəhidin övladına qiymətli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, Bəkirov Bəxtiyar Yavər oğlu 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.
Şəhid Bəxtiyar Bəkirovun həyat yoldaşı Aynurə Bəkirova onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirib.
Xəbəri paylaş