Mütəxəssisdən XƏBƏRDARLIQ - Bu qidalardan gündəlik istifadə ölümə, iflicə səbəb ola bilər 0
Bəzən vaxta qənaət etmək və işimizi asanlaşdırmaq üçün konservləşdirilmiş məhsullardan istifadə edirik. Elə zəhərlənmələrin böyük əksəriyyətinə də məhz bu tip qidalar səbəb olur. Xüsusilə də, ev şəraitində xüsusi qaydalara əməl edilmədən, kortəbii şəkildə hazırlanan konservlərin qəbulu daha ölümcül zəhərlənmə hallarına gətirib çıxarır. Zəhərlənmələrdən əlavə, gigiyenik qaydalara əməl olunmadan, natəmiz şəraitdə hazırlanmış bu cür qidalar bədənə bir çox infeksiyaların, xəstəliklərin daxil olmasına da şərait yaradır.
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Referans.az-a bildirib ki, tarix boyu müəyyən dövrlərdə insanların təbii qidalara rahatlıqla əlçatanlığının olmaması konservləşdirilmiş qidaların meydana gəlməsini zəruri edib.
“Ümumiyyətlə, konservləşdirilmiş qidalar müharibə dövründə istifadə məqsədilə və dənizçilər üçün nəzərdə tutulmuş qidalardır. Konservləşdirilmiş qidaların hazırlanmağa başlanılması təxminən 18-ci əsrə təsadüf edir. Belə qidalar hər nə qədər faydalı hesab olunmasa da hazırda da istifadə olunur. Lakin uşaqların qidalanma rasionunda daha çox təzə qidalar və yeni, canlı məhsullardan hazırlanmış yeməklər verilməlidir. Məsələn, uşaqlar üçün meyvə pürelərinin konservləşdirilmiş forması yerinə evdə hazırlanmış təzə meyvə püreləri daha faydalı hesab olunur. Əslində, konservləşdirilmiş qidaların da bir sıra faydaları var. Konservləşdirilmiş qidalarda karbohidrat, zülal, yağ dəyəri olduğu kimi qalır. Eyni zamanda yağ tərkibli, yağda həll olan vitaminlər var ki, - A, D, E, K vitaminləri - konservləşdirilmiş məhsullarda bu vitaminlər bol miqdarda olur. Adı çəkilən vitaminlərin çatışmazlığından əziyyət çəkən insanlar üçün həmin konservaları qəbul etmək faydalıdır. Lakin suda həll olan vitaminlər, B qrup vitaminlər konservləşdirilmiş məhsulların tərkibində yoxdur. Buna görə də konservlərin inkişaf dövründə qəbulu C, B qrup vitaminlərinin çatışmazlığına gətirib çıxara bilər. Xüsusilə, 25 yaşa qədər olan insanlarda gün ərzində 40-dan 70-ə qədər makro və mikroelementlər lazım olduğu üçün yaxşı olar ki, keyfiyyətli və təzə qidalardan istifadə etsinlər.”.
Mütəxəssis qeyd edir ki, digər bir məqam konservləşdirilmiş qidaların gündəlik istifadə üçün nəzərdə tutulmamasıdır. Bu tip qidalardan maksimum dərəcədə az istehlak olunmalıdır.
“Mütləq şəkildə konservləşdirilmiş qidanı alarkən əsas diqqət edəcəyimiz məqam, etiket qaydaları və marka məlumatlılığının tam şəkildə olmasıdır. İstehsalçı şirkətin adı, son istifadə tarixi ilə birlikdə istehsal olunma tarixi, məhsulun içindəki tərkibi tam şəkildə qeyd olunmalıdır. Eyni zamanda saxlama şəraiti də göstərilməlidir və mütləq şəkildə açıldıqdan sonra saxlanılmasına diqqət etməliyik. Bu ən önəmli məsələlərdən biridir, çünki müəyyən konservləşdirilmiş məhsullar var ki, bunlar açıldıqdan sonra bir və ya iki gün ərzində istifadə olunmalıdır. Bəzən insanlar bu qaydalara əməl etmədiyi üçün tərkibindəki dəyişikliklərə görə zəhərlənmə baş verə bilər. Konservləşdirilmiş məhsulların qablaşmasında içəri qatda “BisfenolA” maddəsi var ki, bu da birmənalı şəkildə xərçəng yaradan bir maddədir ki, ona görə konservləşdirilmiş qidalardan gündəlik qida kimi istifadə etməməyimiz tövsiyə olunur. Yekunda əsas diqqət edəcəyimiz məqam alarkən qabının tamlığının pozulmaması, üstündəki məlumatların tam olması, əgər dəmir qutudursa qabarmaması lazımdır. Evdə hazırlanan konservləşdirilmiş məhsuldursa, həm sanitar gigiyena normalarına, həm qablaşmaya, həm də hazırlanma qaydalarına əməl olunubsa, bu məhsullardan istifadə oluna bilər. Əks halda konservləşdirilmiş məhsullardan zəhərlənmə halları ölümə qədər, bəzi hallarda iflicə qədər də gətirib çıxara bilər”.
Xəbəri paylaş