Davos Dünya İqtisadi Forumu Azərbaycan üçün vacib platformadır
Davos Dünya İqtisadi Forumu Azərbaycan üçün vacib platformadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvar ayında Dünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində Davosda kecirilən tədbirlərə qatılıb. Qeyd edək ki,bu il Davos Forumunda rekord sayda - 130 ölkədən 2 700-ə qədər nümayəndə iştirak edirdi. 50-dən çox ölkənin dövlət və hökumət başçısı, yüzlərlə şirkətlərin rəsmiləri ikitərəfli əlaqələr qurmaq üçün Davos Forumunda iştirak edirlər.
Azərbaycan Prezidenti İlham Əliyev 17-ci dəfədir ki, bu Forumda iştirak edir. Bu iştirakla Azərbaycan özünün həm inkişafının təqdimatını keçirir, həm beynəlxalq və regional məsələlərin müzakirəsində iştirak edir, eyni zamanda ikitərəfli əlaqələr də qurmağa çalışır. Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun saytında Azərbaycan Prezidenti İlham Əliyevin kecirdiyi görüşlərlə bağlı xəbərləri,iştirak etdiyi plenar iclaslarla bağlı məlumatları gördükdə fikirləşirdim ki, ölkəmizin gələcəyi ücün cox vacib addımlar atılır. Prezident İlham Əliyev hər il Davos Forumunda iştirak etməklə Azərbaycanın uğurlarını dünyaya çatdırır. Bununla da, biz ilk növbədə Azərbaycanın beynəlxalq aləmdə təqdimatının şahidi oluruq. Cənab Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində Azərbaycanın bütün dünya miqyasında nümunəvi sayılan və bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən yeni keyfiyyətli inkişaf modeli formalaşıb.
Cənab Prezident İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bildirib ki, Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq. Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır.
Müxtəlif regionlardan tranzit məqsədi ilə ölkəmizə gələn yüklərin həcmi isə artır. Son bir ildə respublikamız üzərindən yük daşımaları əhəmiyyətli dərəcədə çoxalıb. Ancaq bu hələ başlanğıcdır. Ölkəmiz daha çox həcmlərdə yüklərin qəbul edilib ötürülməsinə hazır olmalıdır. Buna görə də vaxt itirilmədən mövcud infrastrukturun genişləndirilməsinə start verilib. “Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Cənab Prezidentin qeyd etdiyi kimi, istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans olmalıdır. Biz qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı qorunub saxlanıldı.
İqtisadi qüdrəti artıran amil Azərbaycanın Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malik olmasıdır.
2017-ci ildə Azərbaycanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsinə də start verilib. BTQ dəmir yolu xətti sayəsində Çindən Avropaya yüklərin daşınma müddəti xeyli azalıb. Bu, o deməkdir ki, Çindən daşınan yüklər iki həftə müddətində Azərbaycandan keçərək Avropaya çatır. Hazırda Azərbaycan 53 gəmi ilə Xəzərdə ən böyük donanmaya malikdir. Yaxın perspektivdə bu rəqəm də artırılacaq. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan yeni gəmilərlə özünün ticarət donanmasını genişləndirmək niyyətindədir.
Məlumdur ki, Orta Dəhliz Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına artıb. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Diqqəti çəkən məqam ondan ibarətdir ki, Azərbaycan son vaxtlarda aktuallığı artan Orta Dəhliz üzrə də ən mühüm halqalardan birini təşkil edir. Respublikamız 10 il bundan əvvəl Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsini dəstəkləyir və Orta Dəhlizin funksionallığının artmasına özünün davamlı töhfələrini verir. Orta Dəhlizlə Xəzərdən keçməklə Azərbaycana gələn yükləri burada optimal marşrutlarla bir-biri ilə əlaqələndirilmiş Şimal-Cənub və Şərq-Qərb marşrutlarına ötürmək mümkündür. Perspektivdə respublikamızın ərazisində tranzit marşrutlarını daha bir istiqamətdə şaxələndirmək imkanı yaranacaq. Bu, Zəngəzur dəhlizi hesabına mümkün olacaq. Gələcəkdə Orta Dəhlizin funksionallığını artırmaq üçün bir sıra başqa layihələrin icrası da nəzərdə tutulub.
Bütün bunlar göstərir ki, Azərbaycan mövcud inkişaf səviyyəsinə, beynəlxalq proseslərdə tutduğu mövqeyə və Avropanın enerji təhlükəsizliyində oynadığı rola görə regionda lider dövlət olmaqla yanaşı, dünyada da nüfuzlu bir dövlətə çevrilib.
Həmçinin vurğulamaq lazımdır ki, Azərbaycan xarici siyasi kursunda dövlətlərlə uğurlu əlaqələrin qurulmasına böyük önəm verir. Ölkəmiz verdiyi bütün vədlərə sadiq qalaraq, təkcə sözdə deyil, əməldə də etibarlı və güvənilir tərəfdaşdır. Məhz bu baxımdan digər dövlətlər Azərbaycanla müxtəlif sahələr üzrə birgə layihələrin reallaşdırılmasında maraqlıdır.
Mahiyəddin Mazanov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı.
Xəbəri paylaş