Şamxal Həsənov: Ulu Öndərin yaratdığı Azərbaycan Ordusu xalqımıza böyük Zəfəri bəxş etdi 0
Hələ 1994-cü il yanvarın 24-də Ümummilli Lider Heydər Əliyev cəbhəyə yola düşən yeni hərbi hissənin şəxsi heyətinə xeyir-dua verərkən demişdi: “Bilin ki, sizin hər birinizin arxasında böyük Azərbaycan ölkəsi durmuşdur. Bilin ki, hər biriniz öz doğma Vətəninizi, öz ananızı, atanızı, bacınızı, qardaşınızı müdafə etmək üçün ordu sıralarına gəlmisiniz. Bilin ki, sizin hər bir uğurlu addımınız Azərbaycan Respublikasının müstəqilliyinə və ərazi bütövlüyünə kömək edəcəkdir. Bilin ki, ümumi qələbəmiz sizin hər birinizin fəaliyyətindən, qəhrəmanlığından asılıdır”. Ötən illər ərzində Azərbaycan Ordusu qəhrəmanlığını və gücünü dəfələrlə bütün dünyaya nümayiş etdirdi. 2016-cı il Aprel döyüşləri, 2018-ci ilin may ayındakı Günnüt qələbəsi ordumuzun yenilməzliyini bir daha göstərdi. Lakin bütün bunlar düşmənə dərs olmadı. 2020-ci il sentyabrın 27-si Ermənistan Silahlı Qüvvələrinin sərhəddə təxribat törətməsi, mülki əhalinin yaşadığı şəhər və kəndləri atəşə tutması Silahlı Qüvvələrimizin əks-hücum əməliyyatı ilə nəticələndi. Beləliklə, tarixə qızıl hərflərlə yazılan 44 günlük şanlı Vətən müharibəsi xalqımıza böyük Zəfəri bəxş etdi. Dövlət başçısının “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı bütün azərbaycanlıların birlik, Qələbə nidasına çevrildi. Torpaqlarımız Prezidentimizin düşünülmüş siyasəti, ordumuzun rəşadəti, fədakarlığı, canı-qanı bahasına işğaldan azad edildi. Zəfərimizin möhürü isə noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə vuruldu. Tarixi faktlara nəzər salsaq, görərik ki, 1992-ci il mayın 8-də Şuşanın itirilməsi hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti ölkəni idarəolunmaz vəziyyətə, xaosa düçar etmələri, vətəndaşları tamamilə müdafiəsiz buraxmaları ucbatından baş vermiş, Şuşa faktiki olaraq ermənilərə bağışlanmışdı. O vaxt Azərbaycan müdafiə naziri AXC-Müsavat cütlüyünün törəmələrindən olan Rəhim Qazıyev demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam. Lakin nəinki başına güllə çaxmış, əksinə, Şuşanı satan birinci o olmuşdu. Şuşa “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik! İnanın ki, gedəcəyik! Şuşa Azərbaycanın gözüdür. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir”, – deyən Ümummilli Lider Heydər Əliyevin qurduğu və Ali Baş Komandan cənab İlham Əliyevin daha da inkişaf etdirdiyi qüdrətli ordumuzun qəhrəmanlığı, şücaəti hesabına 44 günlük müharibədə əldə edilən möhtəşəm Zəfərin simvoluna çevrildi. Şuşanın Baş planının hazırlanması, qısa müddətdə aparılan bərpa-quruculuq işləri onun Türk dünyasının mədəniyyət paytaxtı kimi nüfuzunu artırıb. Bu gün üçrəngli bayrağımızın qürurla dalğalandığı Şuşa beynəlxalq, mötəbər tədbirlərə, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı kimi mədəni tədbirlərə ev sahibliyi edir.
Qeyd etmək yerinə düşər ki, şanlı Vətən müharibəsində Naxçıvan hərbçiləri böyük rəşadət göstərdilər. Ali Baş Komandan cənab İlham Əliyev naxçıvanlıların cəsarətini belə qiymətləndirmişdir: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölkəmizdə sentyabrın 27-si Anım Günü, 8 noyabr tarixi isə Zəfər Günü kimi qürurla qeyd edilir.
Şamxal Məhərrəm oğlu Həsənov
Goranboy Rayon İcra Hakimiyyıti başçısının müavini, Sosial İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsinin müdiri.
Xəbəri paylaş